Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək

Yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva jurnalistlərin döyülməsi ilə bağlı məsələyə yaxın vaxtlarda münasibət bildirəcəyini açıqlayıb. O, bu barədə Anews.az-a açıqlamasında bildirib.
"Yaxın bir-iki gündə bu məsələyə münasibətimiz olacaq"- o bildirib.
Son günlər Azərbaycanda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki hücuma məruz qalması ilə bağlı bir neçə hadisə qeydə alınıb.
Oktyabrın sonlarında Bakıda 225 saylı məktəbdə çəkiliş aparan REAL TV əməkdaşının və Space TV əməkdaşlarının hücuma məruz qalıb.
Noyabrın 1-də isə Bakının Nizami rayonunda yanğını işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmli fiziki hücuma məruz qalıb, təhqir edilib və telekanala məxsus texniki avadanlığa zərər vurulub. Hadisəni törətməkdə şübhəli bilinən Heydər Sərdarov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Azərbaycan Mətbuat Şurası və Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq hallarını pisləyərək hadisələrin araşdırılmasına çağırıb.
Qanunvericiliyə əsasən, jurnalistin qanuni peşə fəaliyyətinə zor tətbiq etməklə və ya zor tətbiqi hədəsi ilə mane olmaq cinayət məsuliyyəti yaradır. Bu əməl Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir.

























