Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib

Sosial şəbəkələrin təhqir, söyüş, manipulyasiya və dezinformasiya platformalarına çevrilib. Bunu deputat Ceyhun Məmmədov Milli Məclisdə çıxışı zamanı bildirib.
O, bu sahənin daha ciddi tənzimlənməsinin və Azərbaycanda ideoloji işin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Deputat qeyd edib ki, müasir dövrdə müharibə yalnız sərhədlərdə və səngərlərdə deyil, insanların beyinlərində və düşüncələrində də aparılır. Onun fikrincə, sosial media bu baxımdan təhlükəli təsir vasitələrindən birinə çevrilib.
Məmmədov bildirib ki, sosial şəbəkələr artıq öz həqiqi mahiyyətini itirərək insanların düşüncələrinə mənfi təsir göstərən platformalara çevrilir.
Deputat hesab edir ki, bu proseslər sosial media sahəsinin çevik tənzimlənməsini və daha ciddi addımların atılmasını zəruri edir.
O, həmçinin Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyevin ideoloji işin vacibliyinə xüsusi diqqət çəkdiyini xatırladıb.

























