Əli Əsədov Kambocalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də ölkədə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşüb.Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Hun Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağı bildirilib.
Tərəflər Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünün əhəmiyyətini qeyd ediblər.
Azərbaycan və Kamboca arasında siyasi dialoqun, çoxtərəfli platformalarda əməkdaşlığın, eləcə də parlamentlərarası və partiyalararası əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, nəqliyyat-logistika, minatəmizləmə, dövlət xidmətləri, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.