Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.
Görüşdə Əbdüllətif bin Rəşid Al Zayani Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlət başçısına çatdırıb və kralın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirib.
İlham Əliyev salamlarına görə minnətdarlığını bildirib, öz salamlarını Bəhreyn kralına çatdırmağı xahiş edib.
Prezident ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də yüksək səviyyəli tərəfdaşlığın mövcud olduğunu vurğulayıb.
Dövlət başçısı Bəhreyn xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək baxımından əhəmiyyətini qeyd edib.
Əbdüllətif bin Rəşid Al Zayani Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin uzadılması münasibətilə İlham Əliyevi təbrik edib və Azərbaycanın təşkilata yüksək səviyyədə sədrlik etdiyini bildirib.
Görüşdə Azərbaycan ilə Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.