Rubl böhranı və neft qiymətləri Azərbaycana niyə təsir etmir?
Prezident İlham Əliyev dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etmədiyini və milli valyutanın sabit qaldığını bildirib.
Onun sözlərinə görə, neftin ucuzlaşmasını Azərbaycanda "heç bir adam hiss etməyəcək”.
"Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil”, cənab Əliyev Sabirabadda çıxışı zamanı bildirib.
Rusiyanın milli valyutası olan rublun günü gündən dəyərdən düşməsinin ardınca Ermənistanın valyutası olan dramın qiymətinin ucuzlaşıb. Azərbaycanla qonşu olan Gürcüstanın milli valyutası enmə müşahidə olunur.
Azərbaycanda isə, dünya bazarlarında neftin qiymətinin azalmasına, qonşu Rusiyada rublun qiymətinin rekord aşağı həddə çatmasına rəğmən, manatın qiyməti sabit olaraq qalmaqdadır.
BBC Azərbaycancaya danışan bəzi təhlilçilər Azərbaycan manatının sabit qalmasını hökümətin "sərt pul siyasəti” ilə əlaqələndirir, bəziləri bu halın davam edəcəyi vəziyyətdə manatın dəyərinin düşəcəyini proqnoz edirlər.
"Düşünülmüş siyasət”

Rusiyadakı rubl böhranı Ermənistan və Gürcüstanda valyutanın qiymətinə təsir etsə də, Azərbaycan manatı hələ ki, sabitdir.
İqtisadçı ekspert Oqtay Haqverdiyev hakimiyyətin "sərt pul siyasəti” olduğunun və 6 ildən çoxdur ki, Azərbaycan manatının dəyərini saxlanılmasını "düşünülmüş siyasət” adlandırır.
"Amma bunun müqabilində Mərkəzi Bank hər il valyuta ehtiyatlarından 1-1,5 milyar dollar yaxın xərcləyərək müdaxilə edir və manatın məzənnəsini saxlayır. Bu elmi-nöqteyi nəzərdən düzgün siyasət deyil”, ekspert bildirib.
Onun sözlərinə görə, manatın sabit məzənnəsi həm əhali, həm də sahibkarlar üçün "rahatdır”.
"Sosial siyasət baxımından yanaşsaq, əhalinin həyat səviyyəsi o qədər yüksək deyil ki, biz manatı özbaşına buraxaq, özü öz dəyərini birjada bildirsin. Ona görə bu həm əhali üçün rahatdır, həm də sahibkarlar öncədən işlərini, planlarını məzənnəyə uyğun qururlar”, cənab Haqverdiyev əlavə edib.
Bununla belə iqtisadçı neftin qiymətinin düşməsinin "zərərli” olduğunu qeyd etsə də, büdcə kəsirinin valyuta ehtiyatları hesabına qaparıldığını deyir.
"Biz valyuta ehtiyatlarımızın hesabına büdcə kəsirini də bağlayırıq və "Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan ayrı-ayrı maddələrin maliyyələşdirilməsini apara bilirik. Neftin qiyməti 5 manat olsa belə, dövlət bu öhdəlikləri yerinə yetilriməlidir”, Haqverdiyev söyləyib.
"Səviyyə balansı”
Təhlilçi Natiq Cəfərli manatın sabit məzənnəsinin "yaxşı” olmadığını və bu səbəbdən də neft sahəsi xaricində iqtisadiyyatın digər ixracatçı sahələrini sıradan çıxardığını düşünür.
"Kursun sabitliyi bir neçə səbəblə bağlıdır. İlk səbəb səviyyə balansıdır. Yəni Azərbaycan satdığı məhsulların dəyərindən daha az məhsul idxal edir. Bu ilin ilk 9 ayında 17 milyard dollarlıq neft, qaz, neft məhsulları satmışıqsa, amma ölkəyə 7 milyard dollara yaxın mal idxal edilib. Bu o deməkdir ki, səviyyə balansında müsbət saldo var”, iqtisadçı bildirib.
Səviyyə balansının yuxarı olmasının bu ilin ilk 9 ayında neftin ortalama qiymətinin 105 dollardan yuxarı olması ilə əlaqələndirən ekspertin sözlərinə görə, gələn il neftin qiyməti düşməyə davam edərsə, problemlər yaranacaq.
"Yəni satdığımız malların qiyməti qədər aldığımız malar ən yaxşı halda eyniləşəcək və manatın kursunu stabil saxlamaq üçün Mərkəzi Bank intervensiya etməyə məcbur olacaq və bazara daha çox dollar buraxmalı olacaq”, ekspert qeyd edib.
Bununla belə Cəfərli manatın məzənnəsində "kəskin çöküş” olmayacağını bildirib.
"Mərkəzi Bank gələn ilə qədər siyasətində, taktikasına dəyişiklik edə bilər. Manatın yumşaq şəkildə devalvasiyasına, aşağı düşməsinə şərait yarada bilər. Amma Rusiyadakı kimi kəskin çöküş gözlənilmir. Çünki Azərbaycan kiçik ölkədir və rezervlərimiz var. Bu tendensiyalar davamlı olsa, çox güman ki gələn ilin sonunda manatın dəyəri düşə bilər”, Cəfərli söyləyib.
Sanksiyalar

Siyasi təhlilçi Rəşad Şirinin fikrincə, Rusiyada rublun dəyərsizləşməsi sadəcə neftin dünya bazarında ucuzlaşması ilə əlaqəli deyil.
"2014-cu ilin baharından başlayan və demək olar ki, bütün Qərb dövlətlərinin də qoşulduğu maliyyə, iqtisadi və ticari sanksiyaların da burada böyük rolu var".
Onun fikrincə, rublun qiymətinin enməsi təkcə neftin qiymətilə bağlı deyil. "Sadəcə neftin qiymətilə bağlı olsaydı, o zaman Azərbaycan, Qazaxıstan və digərləri kimi bir çox neft ölkələrində bu proses baş verərdi. Fikirmcə, burada sanksiyalar həlledici rol oynayır".
Natiq Cəfərli isə hesab edir ki, neftin dəyərinin dünya bazarında ucuzlaşmasının Azərbaycana əsas təsiri bu ilin axırıncı rübünün makroiqtisadi göstəriciləri açıqlandıqdan sonra məlum olacaq.
"Bu, dördüncü rübün səviyyə balansına təsir edəcək. Eyni zamanda gələn il Neft Fondunun gəlirləri 6 milyarda qədər azalacaq. Büdcə neftdən gələn gəlirlərdən asılı olduğuna görə, aylar keçdikcə biz bunun fəsadlarını daha çox hiss etməyə başlayacağıq”, Cəfərli əlavə edib.
BBC Azeri
Oxşar xəbərlər
Oxşar xəbərlər