"İrimiqyaslı əməliyyatlar ola bilər" - Ekspert
![](https://anews.az/photo/850x500/2015-01/1421393046_cebhe.jpg)
Respublikamızda korrupsiya faktları müdafiə sahəsində çalışan işçilərdə də aşkar edilib. Bu barədə faktları dünən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Korrupsiya əməllərinə görə orduda çalışan 14 vəzifəli şəxs saxlanılıb.
Orduda belə sərt tədbirlərin görülməsi nə ilə əlaqədardır? Hərb sahəsində aparılan islahatlar həqiqətən effektlidirmi? Orduda əsgərlərin peşəkarlıq, məişət səviyyəsi necədir? İntizamsızlıq halları hələ də varmı - kimi suallarla hərbi ekspert Üzeyir Cəfərova müraciət etdik. Üzeyir bəy ANN.Az-ın suallarını cavablandırdı.
- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib ki, korrupsiyaya görə müdafiə sahəsində çalışan 14 vəzifəli şəxs saxlanılıb. Orduda belə sərt tədbirlərin görülməsi nə ilə əlaqədardır?
- Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə olan bütün halların orduda da olması mümkündür. Yəni bunu heç kəs inkar edə bilməz. Kim inkar etsə, mən o insanın düzgünlüyünə şübhə edərəm. Ona görə ki, cəmiyyətdə baş verənlər eyni zamanda orduya öz təsirini göstərir. Korrupsiya faktları ilə bağlı məsələlər bu gün daha açıq şəkildə ictimaiyyətə göstərildi. Şükürlər olsun ki, belə hallar ali hərbi məktəblərdə və yaxud akademiyada baş verməyib. Korrupsiya faktları ilə bağlı məsələdə güc strukturlarının adları hallandı. Orduda da bilirsiniz ki, ötən il müdafiə nazirinin sabiq müavini hərbi dəniz qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov, onun qərargah rəisi Yunus Məmmədov və digərləri həbs olunmuşdular. O cümlədən Səfərbərlik və hərbi xidmətə çağırış dövlət xidmətinin vəzifəli şəxsləri saxlanıldılar. Təbii ki, hər kəs belə hallarda qanun qarşısında cavab verməlidir. Belə hallarda cinayət məsuliyyəti varsa sözsüz ki, cinayət işi başlanılır və məhkəməyə göndərilir. Sonrakı mərhələdə artıq məhkəmə öz işini davam etdirməyə başlayır. Bundan başqa ötən il ali hərbi məktəbin sabiq rəisi polkovnik Mirzəli Yusubov həbs olunmuşdu. İndi hal – hazırda Bakı hərbi məhkəməsində onun cinayət işinə baxılır. Hərbi prokurorluq keçirdiyi tədbirlərdə belə hallarla müşahidə olunan hadisələrin rəsmi statistikasını daha geniş şəkildə açıqlayır.
- Azərbaycanda ordusunda rəhbərlik dəyişdikdən sonra dəyişikliklər göz çarpır. Hərb sahəsində aparılan islahatlar həqiqətən effektlidirmi? Və bu islahatları necə dəyərləndirirsiz? Ordunun həm peşəkar hazırlıq səviyyəsinin artırılması, həm də məişət şəraitinin yaxşılaşdırılması əsgərlərə, həm də cəmiyyətə psixoloji baxımdan necə təsir edir?
- Orduda rəhbərlik dəyişdikdən sonra xeyli işlər görülüb. Ola bilsin, ehtiyatda olan bir zabit kimi mənim deyəcəyim fikirlər birmənalı qəbul olunmasın, amma hesab edirəm ki, xeyli işlər görülüb. Bununla yanaşı, xeyli işlər də görülməlidir. İllərlə yığılıb qalmış problemlər qısa müddətdə həll oluna bilməz, desələr ki, bütün problemlər öz həllini tapıb, məncə, bu, biraz qeyri-səmimi olar. Amma işlər görülür, mən ümid edirəm ki, bu sonda öz müsbət nəticəsini tapacaq. Hamı bunu istəyir. Çünki ordu bizimdir. Orduda baş verən neqativ hallar çox ağır fəsadlara gətirib çıxara bilər. Ona görə də mən hesab edirəm ki, güc strukturlarında xüsusən düşmənlə üz – üzə dayanan Müdafiə Nazirliyi sistemində neqativ halların sayı azalmalıdır. İndi xeyli işlər görülüb, sosial sahədə xeyli irəliləyişlər var. Əsgərlərin təminatında, geyimində, yeməyində, içməyində xeyli müsbətə doğru dəyişikliklər var. Amma yenə də hesab edirəm ki, xeyli işlər görülməlidir. Bu gün də təəssüflər olsun ki, bəzi özündən razı komadirlər, vəzifəli şəxslər tutduqları vəzifənin mahiyyətini anlamırlar. Anlayırlarsa da öz vəzifə borclarına məhsuliyyətli yanaşmırlar.
- Dedovşina və intizamsılıq kimi hallar azalıbmı? Bu məsələdə vəziyyət nə yerdədir?
- İntizamsızlıq sahəsində də xeyli işlər görülməlidir. Komandirlərin tərbiyəvi işlər üzrə müavinlərin olması belə halların qarşısının alınması üçün ən yaxşı vasitədir. Əvvələr bu vəzifəni ləğv etmişdilər, amma bu vəzifə yenidən orduya qaytarıldı. Belə halların sayının orduda azalmasını və bir dəfəlik həll olunmasını bu vəzifə sahibləri həyata keçirdəcəklər.
- Son dövrlər cəbhədən gərgin xəbərlər gəlir. Atışmalar zamanı hər iki tərəf itkilər verir. Bu gərginliyin artmasına səbəb nədir? Müharibə ehtimalı varmı?
- Nə qədər ki, bu məsələ həll olunmayıb, heç kəs deyə bilməz ki, müharibə olmayacaq. Ona görə də mən şəxsən düşünürəm ki, məsələ həllini tapandan sonra, ağır əməliyyatların, döyüşlərin olması yəqin ki, gündəmdən çıxacaq. Amma etiraf edirəm ki, məsələ yaxın zamanlarda öz həllini tapmasa, əlbəttə, döyüş əməliyyatlarının başlaması mümkündür, müəyyən problemlərin yaşanmasıda mümkündür. Atəşkəs rejimi əvvələr də pozulurdu, indi də pozulur, bu belə davam edərsə, bundan sonra da pozulacaq. Amma bunun geniş miqyaslı, yəni hansısa əməliyyatlara gətirib çıxaracağını mən düşünmürəm . Çünki Azərbaycan I Avropa Olimpiya oyunlarına və başqa digər dövlət səviyyəli beynəlxalq yarışlara hazırlaşır. Amma olimpiyadadan sonra irimiqyaslı əməliyyatlar bəlkə də həyata keçirilə bilər.
- Dünyanın müxtəlif ölkələrində, xüsusilə bizim coğrafiyamızda baş verən iqtisadi çətinliklər, neft qiymətlərinin aşağı düşməsi, Rusiyadan asılı Ermənistanda vəziyyətin çətinləşməsi Dağlıq Qarabağ probleminə təsir edə bilərmi?
- Neftin qiymətinin düşməsinin dünya iqtisadiyyatını bir-birinə qatıb və bu gərginləşmə deyə bilmərəm ki, Dağlıq Qarabağ probleminə hansı tərəfdən təsir edə bilər. Amma hesab edirəm ki, biz bütün gücümüzü sərf etməliyik. Bu qurumlar qarşısında məsələni kəskin qoymalıyıq. Danışıqlıqların danışıqlar xatirinə deyil, nəticə olması üçün aparmalıyıq. Azərbaycan prezidentinin Türkiyəyə səfər etməsi və orada baş tutacaq danışıqlar hesab edirəm ki, konfiliktin həllinə kömək olacaq. Çünki Azərbaycan özünü nə qədər möhkəm tutsa, özünü daha qüvvəli göstərsə, danışıqlar fayda verəcək. Ən azından ermənilər başa düşəcəkləri ki, torpaqları öz sahibinə qaytarmağın vaxtıdır.
- Konfliktin öz həllini tapmaması sizcə nə qədər davam edəcək, yaxın perspektivdə məsələnin həlli mümkündürmü, yoxsa məsələ çıxılmaz dalana dirənib?
- Bu məsələyə məncə, ən yaxşı cavabı ATƏT-in Minsk qrupu verə bilər. Çünki bu 20 ildən artıq müddətdə onlar heç nəyi həll etməyib, heç bir irəliləyiş əldə etməyə çalışmayıblar. Bu məsələnin həlli Azərbaycanın ümidinə qalsa, Azərbaycan bəlkə də bu məsələni çoxdan həll etmişdi. Burada ən böyük maneə Rusiya amilidir. Belə deyək ki, Rusiya bu məsələnin həllinə aktiv şəkildə mane olur. Çünki Rusiyanın istəyi olsaydı, çoxdan bu məsələ öz həllini tapardı. Çünki Erməsitanın iqtisadi potensialı yetərincə zəifdi və onlar Azərbaycanla heç vaxt müqayisə olunacaq dərəcəyə gəlib çata bilməzlər. Hər halda mən elə düşünürəm ki, əgər Rusiya, ABŞ istəsəydi bu münaqişə çoxdan həllini tapmışdı. Amma konkret olaraq Minsk qrupunun həmsədrləri məsələnin bir qədər uzanmasında maraqlı görünürlər. Mən bunu dəfələrlə qeyd etmişəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinə tapdıqları yağlı iş yerlərini itirmək istəmirlər. Ona görə də bu məsələni həll etmək istəmirlər”.
Orxan Aslanlı
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər