• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

"Mühacir olmamağa qərarlıydım..." - MÜSAHİBƏ

29.05.2020 07:23
Hansısa şəhəri Bakı ilə əvəzləmək çox çətindir

Hələ altı yaşındaykən ailəsiylə birgə Sankt Peterburqa gəzməyə gedib. Üç ay qaldıqları bu sənət məbədində ona hədiyyə alınmış fotoaparat ilə bol-bol şəkil çəkib. Bu səyahət onu rəssam olmağa həvəsləndirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dekorativ tətbiqi sənətlər fakültəsinin sənaye dizaynı ixtisası üzrə məzundur. Azərbaycanda bir çox böyük layihələrdə iştirak edib. Xarici ölkələrdə mütəxəssis olaraq fərqli çalışmaları olub. Ötən əsrin 90-cı illərin əvvəllərində Bakıdan gedib və 1992-ci ildən indiyə qədər Türkiyənin paytaxtı Ankaranın Qazi Universitetində dərs deyir.

Onun təşkil etdiyi sərgilər hər zaman digərlərindən fərqlənib. Əsərləri santimetrlərlə deyil, metrlərlə ölçülür. Bəziləri hətta divar boyu... Rəsmləri qarşısında ölçü anlamı onun xəyal gücününün sərhədlərinə doğru uzanmağa məcbur qalır. Əsərlərini fərqli edən bir cəhət daha var – sərgilə(yəcəyi)diyi əsərlər tamaşaçının gözü qarşısında ortaya çıxır. Rəssam izləyicilərin iştirakı ilə canlı halda öz əsərlərini yaradır. Onunla divarboyu rəsmlərin düzüldüyü, masaya, döşəməyə, hətta divanda oturmaya bir qarış yer belə qoymamış fərqli ölçülərdə rəsmlərin səpələndiyi – bir sözlə yerin-göyün rəsm olduğu emalatxanasında görüşdük.  Sizə sərgilərində əsərlərinin yaratılışını nümayiş etdirən qeyri-adi rəssam Əli Herisçi ilə söhbəti təqdim edirik:  
 
 

- Hələ Azərbaycandaykən ciddi bir karyeranız var idi. Xaricdə çalışmalarınız olmuşdu. Necə oldu ki Türkiyəyə gəldiniz? Nədən məhz Türkiyə?

- 1983-cü ildə universiteti bitirdikdən sonra Azərbaycanın dəyərli, sevilən sənətçisi Böyükağa Mirzəzadənin emalatxanasında 10 il çalışdım. Məni universitetə o hazırlamışdı, onun tələbəsi olmuşdum. O dönəm rəssamların həyatı və yaradıcılıqları, fəaliyyət istiqamətləri fərqli idi. Rəsmləri adətən dövlət alırdı. Amma bəzən emalatxanaları zəyarət edib alan şəxslər də olurdu. Yaradıcı insanlar birbaşa dövlətə bağlı idi. Ümumiyyətlə, sovet hakimiyyəti içinə qapalı bir sistem idi. Mesenat məntiqi yox idi. Amma maddi və mənəvi tərəfdən bizi təmin edən imkanlar da mövcud idi. Xarici ölkələrə səyahət imkanlarımız vardı. 

Mingəçevir layihəm böyük işlərimdən biri idi. Şəhər qalereyasının, muzeyin yaradılmasında əməklərim var, dərslər vermişəm, ilk sinif şagirdləri üçün təmənnasız layihələr həyata keçirmişəm, Azərbaycanda böyük xəstəxananın dizaynını, Azərbaycan Səhiyyə Nazirliyi üçün özəl layihə dizaynını hazırlamışam... Həmin zaman hətta bu işlərin müqabilində çox pul almağımdan şikayətlənən də olmuşdu. Mən də alnımın ağıyla və cəsarətlə gedib nazirlikdəki cavabdeh şəxsdən soruşdum: "Sən bundan daha gözəl bir şey hazırlamısanmı? Yaxud hazırlaya bilərsənmi? Bu bir əməyin qarşılığıdır”. 

Türkiyədəki karyerama gəlincə, bu ölkələrarası özəl  bir layihənin başına keçməyimdən başladı. Buna qədər də xaricdə təcrübələrim vardı. 
 
 
 
- Anlatdıqlarınızdan Türkiyədə karyera qurmağın çətin olmadığını demək olar. Elədirmi?

- Hər zaman bir azərbaycanlının yeri Türkəyədə başqadır. Hər hansı bir qərb ölkəsinə gedib orada karyera qura bilmək qədər çətin olmadı. Təbii ki, özünə görə bir çətinlikləri vardır, hansı ölkəyə gedəsi olsanız, bir başlanğıc etmək lazım olur. Əslində mən bir mühacir ailəsində doğulmuşam və atam siyasi mühacir idi və mən qətiyyən Bakıdan getmək istəmirdim. Çünki atamın mühacir olması bizə yetərdi, necə deyərlər, atam qərib idi. Amma bütün qohumlarımız Avropa və Amerikada yaşayır və onların oxumuş, rahat, imkanları geniş yaşamlarını gördükdən sonra atamın nədən bu qədər əziyyət çəkməsinə bir anlam verə bilmədim. Çox böyük fədakarlıqları olmuşdu, Azərbaycan üçün, onun bayrağının dalğalanması, dilimizin azadlığı, siyasi azadlığımız üçün həyatını sərf etmişdi atam. Mən də belə bir ailədə böyüdüyüm üçün mühacir olmayacağıma qərarlıydım, çünki mənim bir vətənim vardı. Amma o günün şərtləri belə gətirdi. 

- Ayrılırkən dönməyəcəyinizi bilirdinizmi?

- Yox. Düşünmədim. O zaman anam və atam həyatda idi. Azərbaycanlıların ailə bağlılıqlarını bilirsiz, biz elə də asan-asan evimizdən, ailəmizdən qopan xalq deyilik. Azərbaycan səfirliyinin bir tədbirinə qatılmışdım və nitqimə belə  başladım: "Mən təbrizli Qafar Kəndli Herisçinin oğluyam, azərbaycanlıyam. Eyni zamanda unutmayın ki, mən Bakılıyam”. Bu mənim zənginliyimdir, həm cənubluyam, həm şimallı. Yəni mən "bütün” azərbaycanlıyam. Təbriz bizim qədim paytaxtımız, Bakı isə bu günümüzün və gələcəyimizin paytaxtıdır. Belə bir yerdən ayrılmaq mənim üçün təbii ki çətin oldu. Bilən bilir. Hansısa şəhəri Bakı ilə əvəzləmək çox çətindir. Avropada da yaşamışam. Vətənin yerini heç nə vermir. Burada hava çox küləkli olunca "aha, Bakıdakı külək kimidir”, havadan neft qoxusu gəldimi "aha Bakının qoxusu kimidir” deyə nostalji hisslər yaşayırıq.
 
 

- Oğul Herisçi rəhmətlik atası Kəndli Qafarı necə xatırlayır?

- Bir dəfə atamdan soruşmuşdum ki, nə üçün "Kəndli” təxəllüsünü götürmüsünüz? "Ən vacib məsələmiz kəndli məsələsidir” – dedi. Çox cəsarətli bir insan idi. Bu gün onun atdığı addımları, hərəkətləri düşündüyüm onun necə bir risk etdiyini anlayıram. Bir inqilabçı olaraq Azərbaycan üçün bu qədər sevgi və bağlılıqla, heç bir şeydən qorxmadan, çəkinmədən, özünə də acımadan varlığını ortaya qoyan insan başqa bir insandır. Mən oğluyam, amma onun qədər ola bilməzdim. Həm alim olaraq maksimalist idi, həm azərbaycanlı olaraq. Milliyyətçiliyi maksimum, Azərbaycana xidməti və şəxsiyyət olaraq özünü dərk eləmək anlamında maksimum. Məsələn, Həmid xarakter olaraq daha çox ona bənzəyir. Atam zəhmliydi, ağırdı. Mənsə anama çəkmişəm, bir az həlim xarakterliyəm.
 
- Yaradıcılığı sizi ilhamlandıran dünya rəssamlarından kimin adını çəkərdiniz?

- Elə bir eklektik zamanda və o qədər çox kompanentli dövrdə yaşayırıq ki, rəssamlıq konsepti dəyişmişdir. Bu əslində  son 20 ilin tendensiyasıdır. Bu bəzilərinə görə, 50-lərdə, bəzilərinə görə 60-larda, bəzilərinə görə isə 70-lərdən sonra davam edən bir prosesdir. Rəsm artıq rəsm çəkməklə bağlı deyil. Xəyal gücü, fantaziya və kompozisiya  ilə bağlıdır. Təbii ki, naxışla, boya və rəngkarlıqla bir şey ifadə edə bilərsiz. Amma keçmişdə qalan o rəsm anlayışı dəyişib. Ona görə də heyran olacağın sənətkar bir nəfər, iki nəfər deyil, çoxdur. Rəssam və cəmiyyət münasibətləri dəyişib. Buna ayaq uyduranlar gəlişəcək, uydurmayanlar keçmişdə qalacaq. 

Amma klassiklərdən mənim kumirim Sandro Botiçellidir. Biz təbii ki,  sənəti ustalığın ən zirvəsinə daşıyan insanlardan ilham alırıq. Amma özlərini sənətə ithaf etmə məsələsində biz onlardan çox geridəyik. O cəmiyyət, o yaşam başqa idi.
 
 

- Azərbaycan rəssamlarından danışsaq necə...

- Azərbaycanın  özünəməxsus məktəbi var. Məsələn Tahir Salahov dəst-xətti özünəməxsusdur. Onun üslubu dünya səviyyəsində öyrənilməlidir. 

Biz azərbaycanlıların da özünəməxsus, qəribə bir xüsusiyyəti var. Bəlkə buna problem də deyə bilərik. Bir istedad, bir dahi sağ ikən, aramızda ikən ona qiymət, dəyər verə bilmirik. Amma onlar əslində çox önəmli sənətçilərdir. Mircavadın çəkdiyi rəsmlər Azərbaycanın metafor və xalısı, xalça mədəniyyətinin spesifikası ilə əlaqədardır.  Məsələn, mənim özümə görə teoriyam var - Azərbaycan xalçasının arxasında Orxan Yenisey əlifbasının xarakterlərinin çox böyük bir təsiri olduğunu hesab edirəm. Rənk olaraq torpağımızın, köklərin, təbiətdə olan təbii  rənglərin təsiri var ki, bunlar şəkil və görüntü özundə yatan Orxan Yenisey əlifbasının modullarıdır. Onu daha sonra biz xoruz kimi, insan kimi, əli belində insan kimi, heyvan kimi, qoç kimi, günəş, ay kimi yorumlamışıq. Mənim xalçadan, xalçaçılıqdan anlamağımın səbəbi Herisçi olmağımla bağlıdır, xalı ilə məşğul olan Herisçi bir markadır. Amma təəssüf ki, biz azərbaycanlılar bir araşdırma olaraq Azərbaycandakı xalçanın haqqını verə bilməmişik. Mircavadın da sənəti Azərbaycan xalçası ilə əlaqədardır. Mircavad gördüyünü arardı, aradığını tapardı və onu ora əks etdirirdi. Metaforu gəliştirməzdi. Məsələn, Tahir Salahovun sənətinin kateqoriyası bir başqadır. Təbii ki, hər birinin yaradıcılığı fərqlidir və müqayisə olunması doğru deyil. Mircavad üslubuna bənzər Latın Amerikasında da sənətçilər var. 
 
 

- Yaxınlarda İtaliyada sərginiz oldu. Necə keçdi?

- Bu qələmlə kağız üzərində çəkilmiş rəsmlərin sərgisi idi. Ənənəvi səpkidə hazırlanmış beynəlxalq bir bienaldir (iki ildə bir keçirilən sənət və mədəniyyət tədbiri – müəl.). İtaliya kimi bir yerdə ikinci vətənimiz olan Türkiyəni təmsil etmək özəl bir hissdir. Orada məndən başqa Türkiyəni daha bir sənətçi təmsil edirdi. Təbii ki, bundan sevinc duyuram. Daha çox rəsm, daha çox sənət "istehsal” etməyimiz lazımdır. Əslində sənətmi çətindir, sənətçi olmaqmı çətindir, ikisi də eynidir, ikisidəmi anlamlı, ikisidəmi anlamsız  - bunlar ayrı-ayrı məsələlərdir (gülür). Ümumiyyətlə, Avropada sərgiyə qatılmaq gözəl bir şeydir. Bu arada payızda da Ankarada Türkiyənin prestijli sərgilərindən olan Nurol Sənət Qalereyasinda sərgim keçiriləcək.

- Sirr deyilsə, ən baha qiymətə satdığınız rəsm əsərinizin qiyməti nə qədər olub? 

- Bu sualı belə cavablandırardım – rəsmlərim satılır. Amma rəsmin zamanına görə bəlli bir dəyəri vardır. Biz həyatdaykən rəsmlərin başqa bir dəyəri olur. Bəzi rəsmlər yalnız zamanını tapınca dəyərli olur. Bu baxımdan maddi dəyər sənətə çox təsir etməz. Məsələn, bəzi sənət əsərləri milli dəyərdir, onların dəyəri yoxdur. Mənim də rəsmlərimdən bir çox özəl və rəsmi kolleksiyalarda yer alıb. Çağdaş günümüzdə onsuz da bütün əsərlərin bir arada sərgilənməsi imkansızdır. Unutmayaq ki,  bir də sənət əsərləri böyük və bəlli şəhərlərdə dəyərini tapır. Məsələn Paris Montparnass. Nədən Pikasso məhz buraya yerləşmişdi, İspanyanin, Madridin nəyi əksikdi? Nədən Parisdə, məhz Montparnassda yaşayırdı. Çünki orda sənətə sadəcə maddi deyil, hər anlamda dəyər verilir. Avropada bu Parisdir, Londondur, Amerikada NyuYorkdur ki, onun da bəlli məhəllələridir. 
 
 

- Rəsmlərinizə ad verirsinizmi?

- Adətən ad qoymuram. Amma bəzən istəndiyi zaman ola bilir. 

- Adətən, qızlarımızın türklərlə ailə qurduğunun şahidi oluruq. Tanıdığım ilk türk kürəkənisiz. Bir az ailənizdən bəhs edərmisiniz. Necə oldu ki, burada ailə qurdunuz?

- Xanımla Ankarada, mərkəzi İstanbulda olan bir reklam agentliyində tanış oldum. Qismət bu şeylər. Bütün qohumlarımız, xüsusələ ata tərəfdən Avropa və Amerikada yaşayır və demək olar ki, hər kəs yaşadığı yerdə ailə qurub. Azərbaycanda ailə quran bir Həmiddir, bir də bacım vətəndə evlənib ki, o da Kıprısda yaşayır. Təbrizdə də kimsə qalmayıb. Əmim Parisdə yaşayır, Arianda işləyir, Fransanın NASAsı deyə bilərik. Xanımı fransızdır. Bacımın qızı Belçikada yaşayır və Avropa Parlamentində Azərbaycan kommisiyasında işləyir. Mən də burada ailə qurdum. Bəlkə də bunlar bir az da Orta Şərqdə hərəkətin çox olması ilə bağlıdır (gülür). 

- Azərbaycanda ən son nə zaman olmusunuz?

- Ən son bir il öncə. (Müsahibə hazırlanma ərəfəsində Əli bəy Bakıya səfər etdi – müəl.).
 
 

- Sıx-sıx gedirsiz?

- Demək olmaz. İlk gəlişimdən sonra uzun illər gedə bilmədim. İşlərin çoxluğundan idi. Daha sonra isə demək olar ki, ildə bir dəfə gedirdim. Düzü mənim dostlarım, çevrəmin çoxu Azərbaycandan gedib. Bir də psixoloji bir şeydir – uzun müddət getməyincə insana elə gəlir ki, hər kəs gənc, bir sən yaşlanmısan. Hər şey çox dəyişdi.

- 25 ildir Türkiyədəsiniz və bildiyimə görə Azərbaycan vətəndaşısınız hələ də. Bu, "bəlkə bir gün dönərəm” anlamına gəlirmi?

- (Gülür) Belə bir şey var. Atam da uzun illər Azərbaycanda yaşadı və sovet vətəndaşı olmadı. Mən də Qazi Universitetində əcnəbi mütəxəssis olaraq işləməyə başladım və  kontraktlarım belə də davam etdi. Türkiyədə bir azərbaycanlı olarak rahat yaşayıram. Əlbəttə, hər kəs dönmək istər. Sənət adamları daha həssasdır bu məsələdə. Bəlli bir yaşdan sonra hər kəs öz evinə, öz məmləkətinə dönmək istəyir. 25 ilim burada keçincə və çox dostlarım çevrəm dağılınca, böyüklərimiz yaşlanınca gedəcək yer və ya gedəcək kimsə qalmır. Dönmək hər zaman ağlımızdan keçə bilir. 

- Həmid Herisçi Azərbaycandadır...

- Həmid  Azərbaycan ədəbiyyatına, xüsusilə Azərbaycan dilinə çox  bağlıdır. Həm də şəxsiyyət olaraq çox milliyyətçidir, lap rəhmətlik atam kimi. Mənim dilim daha universaldır, çünki rəsmi hər ölkədə icra etmək mümkündür. Amma ədəbiyyatçı olduğu üçün Həmidin Azərbaycandan çıxma imkanı azdır. Çünki onun bütün düşüncə şəkli, bütün yazısı, özünü ifadə şəkli azərbaycanlı kimidir.  Həmid doğuşdan ədəbiyyatçıdır və çox istedadlıdır. Məncə daha çox imkanlar olsaydı, Həmid sənətçi olaraq daha çox şey əldə edə biləcəkdi. Təbii ki kitabları var. Atamızdan da bir çox şey qalıb. Amma biz daha çox onların çap olunmasını, yayılmasını istərdik. 20 il bir dövlətin həyatında çox da böyük bir dövr deyil, amma bir insanın həyatında çox böyük bir parçadır.
 
 

- Bəs Təbrizə dönmək istərmisiniz? Heç getdinizmi?

- Heç getmədim. Təbii ki, getmək, görmək istərdim, amma heç gedə bilmədim, alınmadı.  Orayla bağlı çox hekayəmiz var. Avstraliyadan tutmuş Amerikaya qədər, Avropada daxil olmaqla herisçilər dünyaya səpələnib. Təəssüf ki, Təbrizdə doğulanlarımız belə dönmür.
 
- Yaradıcılığınızda məkan olaraq Təbrizinmi təsiri var, Bakınınmı?

- Öncə Bakının, sonra Təbrizin də təsiri var.

Şəhla Əbusəttar Yaman
ANN.az 
Ankara 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
09:26
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
08:54
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
07:23
"Mühacir olmamağa qərarlıydım..." - MÜSAHİBƏ
Oskarın “ən yaxşı xarici film” nominasiyasını alan 39 FİLM+SİYAHI
16:30
Oskarın “ən yaxşı xarici film” nominasiyasını alan 39 FİLM+SİYAHI
Svetlana Aleksieviç:  Nobelə gedən yol
20:13
Svetlana Aleksieviç: Nobelə gedən yol
Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır” – MÜSAHİBƏ
18:39
Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır”MÜSAHİBƏ
Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ
14:58
Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ
12:45
"Azərbaycan mənim üçün nağılların baş verdiyi sehrli bir məkan idi" - MÜSAHİBƏ
İçəridən baxış: İmperiya hərbi muzeyi – REPORTAJ
15:21
İçəridən baxış: İmperiya hərbi muzeyi REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol