Cənub Qaz Dəhlizindən tez zamanda səmərə gözləmək yanlışdır - EKSPERT
Norveçin neft və qaz şirkəti "Statoil ASA”-nın yeni prezidenti və baş icraçı direktoru Eldar Saetre ilə görüşdə energetika naziri Natiq Əliyev Cənub Qaz Dəhlizi vasitəsilə İran, İraq və İsrail qazının nəqlinin planlaşdırıldığını bildirib. Nazirin qənaətinə görə, bu da ümumilikdə Avropanın qaz təchizatının yaxşılaşdırılmasına xidmət edəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu açıqlamanı ANN.Az-a şərh edərkən bildirib ki, bu ölkələrin qazının Avropaya nəql olunması yaxın zamanlarda həyata keçirilməyəcək. Ekspert qaz nəqli ilə bağlı fikirlərin səsləndirilməsinə baxmayaraq, bu layihələrin gələcəkdə reallaşacağından söz açıb: "Bu ölkələrin qazı ancaq gələcəkdə Avropaya ötürülə bilər. Bu cür fikrilər səsləndirilir, amma bu o demək deyil ki, yaxın müddət ərzində qazın nəqli Avropa ölkələrinə yetişəcək”.
Bu ölkələrin Cənub-Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql etməsinin müsbət tərəflərindən danışan ekspert bu kəmərlər sistemi və onunla nəzərdə tutulan ixrac sisteminin əlavə üçüncü ölkələrin qazının ötürülməsinə, bu zaman Azərbaycanın da öz imkanlarını təklif etməsinə şərait yaradılacağını qeyd edib: "Necə ki, o vaxt Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı öz şərtlərini təklif etdi, indi də bu hal baş verərsə, onda ölkəmiz bundan maksimum dərəcədə istifadə edəcək. Və bu da Azərbaycan üçün əlavə gəlir gətirəcək, indiki vəziyyətə baxsaq görərik ki, üçüncü ölkənin qazının ötürülməsi üçün sadəcə yer yoxdur. Əgər genişləndirmə işləri aparılarsa, orada rezerv yaradılacaq və o rezerv vasitəsilə üçüncü ölkə qazını nəql edə biləcək”.
Cənub Qaz Dəhlizi vasitəsilə ötürüləcək qazın Avropa üçün hansı müsbət və mənfi tərəflərini olacağından danışan ekspert bu dəhliz vasitəsilə ötürüləcək qazın miqdarının cəmi 21 milyard kub metr təşkil edəcəyini deyib: "Bu da Avropanın ümumi tələbatının cəmi 5 faizini təmin edəcək. Yəni bu dəhliz vasitəsilə ötürüləcək qaz Avropanın hansısa ölkələrdən asılı olması məsələsinə bir dəfəlik cavabdır”.
Orxan Aslanlı
www.ann.az