“Yerli Gənc” Proqramı çərçivəsində kənd gənclərinə növbəti təlimlər keçirilib
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Azərbaycan kəndlərində yerli gənclər üçün təlimlər davam edir.
Proqram çərçivəsində kənd gənclərinin inkişafını nəzərdə tutan növbəti təlim 2015-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı seçilmiş İsmayıllı şəhərinin Kürdmaşı kəndində həyata keçirilib. İsmayıllı rayon İcra Hakimiyyəti, Kürdmaşı Kənd Bələdiyyəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilən tədbirdə Kürdmaşı kəndinin fəal gəncləri iştirak ediblər.
Tədbirə "Yerli Gənc” proqramının təqdimatının keçirilməsi ilə başlanılıb. Təqdimat zamanı iştrakçılar proqramın mahiyyəti və proqramdan faydalanma imkanları haqqında məlumat əldə ediblər. Təqdimat başa çatdıqdan sonra təlim sessiyasına start verilib. Təlimlər zamanı iştirakçılara Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclər ilə bağlı Dövlət Proqramları və gənclər üçün yaradılan imkanlar haqqında məlumat verilib, onların fikirləri dinlənilib. Qrup işləri və komanda oyunları ilə davam edən təlimdə gənclər qazandıqları bilikləri interaktiv oyunlar və məşğələlər vasitəsi ilə möhkəmləndiriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilmişdir. Bunu nəzərə alaraq, "Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir.
"Yerli Gənc” Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər