Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
![Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır” Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”](https://anews.az/photo/850x500/2015-08/1438584349_21-3.jpg)
Rüstəm Qasımov
ANN.Az Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqının katibi, professor Səlhəb Məmmədovla müsahibəni təqdim edir.
- Səlhəb müəllim, mümkünsə uzun illərdir Əli İbadullayevlə birgə işlədiyiniz son işləriniz barədə danışardız...
- Siz doğru dediniz, biz Əli İbadullayevlə artıq uzun müddətdir ki, əməkdaşlıq edirik. Səhv etmirəmsə, artıq 30 ildir. Bizim yaradıcılıq duetimiz nəticəsində təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində möhtəşəm abidələr yaradılıb. Əvvəlcə artıq hazırladığımız, ancaq qoyulmayan işlərimiz barədə danışım. Bir az əvvəl Bakıda Avropa Oyunları keçirildi. Rəssamlar bu nəhəng tədbirdən kənarda qalmadılar.
Bir müddət əvvəl biz "Bakı 2015”-in də simvolu olan "Nar” üzərində işi bitirdik. Azərbaycanda nara xüsusi həssaslıqla yanaşırlar, axı bu bolluq-bərəkət rəmzidir. Nara Azərbaycan incəsənətində də xüsusi diqqətlə yanaşılır. Ona görə də biz nara onun ana yurdu olan Göyçayda abidə qoymaq istəyirdik. Abidə bu rayonun ən gözəl yerlədindən birində qoyulacaq. Abidənin ümumi hündürlüyü 2 metrdir. Layihəyə sponsorluğu Fərhad Əhmədov etdi. Qeyd etmək istəyirəm ki, biz heç vaxt işsiz qalmırıq, hər zaman yeni ideyalar və yeni işlər olur. Həmçinin biz respublikamızın digər regionlarında da abidələr qoymaq istəyirik.
- Səlhəb müəllim, Sizin Əli İbadullayevlə birgə işlərinizdən biri Starsburqda Avropa Şurasında qoyulan "Çiçəklənmə” abidəsidir. Belə yerdə abidə qoymaq yəqin ki, çox çətin olub...
- Əlbəttə! Bu çox çətin başa gələn iş oldu. Strasburqda Avropa Şurasının qapıları önündə 2.30 metr hündürlüyündə, bürüncdən hazırlanan abidə keçən ilin sonunda açıldı. Belə prestijli yerdə abidə qoymaq və xoş rəylərlə qarşılaşmaq hər kəsə qismət olmur.
Abidə Avropa Şurasının rəssamlıq şurasının xüsusi icazəsiylə təsdiqləndi. Abidənin qoyulması vacib hadisəylə, Azərbaycanın Avropa Şurasına rəhbərlik etməsiylə əlaqədar idi. Ənənəyə uyğun olaraq, quruma rəhbərlik edən hər bir ölkə öz izini qoymaqdan ötrü hansısa töhvə verməlidir. Azərbaycan adına bu əlamətdar hadisə idi, axı biz ilk dəfəydi ki, rəhbərlik edirdik.
- Avropa Şurasının daxilində qoyulan abidələrdən fərqli olaraq, "Çiçəklənmə” binanın çölündədir. Siz buna necə nail oldunuz?
- Bu asan başa gəlmədi. Əvvəlcə, hollda, digər ölkələrdən gətirilmiş incəsənət nümunələri və abidələri olan yerin bir küncündə bizə yer ayırmışdılar. Biz Əli İbadullayevlə birgə eskizləri hazırladıq və göndərdik. Səfir Emin Eyyubovun köməyini qeyd etməyə bilmərəm. Bizim düşmənlərimiz də əvvəlcədən öz abidələrini gətirmişdilər. Abidənin təsdiq olunması üçün Avropa Şurasının bütün ölkələrinin ona səsverməsi lazım idi. Şuranın hər iclasında müəyyən problemlər ortaya çıxırdı, nəticədə də abidənin qoyulması hər dəfə 15 gün gecikirdi. Hər dəfə abidənin dizaynı, çəkisiylə bağlı bir bəhanə gətirilirdi, hər dəfə elə bir detal tapırdılar ki, bizim hərəkət etməyimizə mane olurdu. Hərdən ruhdan düşürdük, ancaq işimizi yenə davam etdirirdik.
Bununla yanaşı, qeyd etməliyəm ki, Avropa Şurasında qoyulacaq abidə üçün ciddi tələblər vardı: abidədə dini, irqi ayrı-seçkilik olmamalı, insanların hisslərinə toxunmamaq üçün digər ölkəyə qarşı element olmamalıydı. Bir sözlə, o tamamilə neytral olmalı və sülhü təbliğ etməliydi.
Sonuncu iclasda Azərbaycanın lehinə xoş sözlər səsləndirildi və belə orijinal abidəni hollda yox, çöldə qoymaq təklif edildi. Bizim Əli İbadullayevlə birgə sevgiylə və səylə hazırladığımız abidə doğrudan da gözəl alınmışdı. Belə gözəlliyi sadəcə olaraq Avropa Şurasının hollunda gizlətmək olmazdı. Ona görə də abidənin çöldə qoyulması təklif edildi. Ən əsası isə, abidə 2 metrdən hündür olmalıydı, bu, əsl qələbə idi. Müxtəlif ölkələrdən olan minlərlə yüksək rütbəli diplomatın keçdiyi yerdə abidə qoymaq olduqca çətin və həm də qürur hissi oyadan, ölkənin imicini qaldıran hadisədir. Avropa Şurası rəhbərliyi və Baş katib abidəni yüksək qiymətləndirdi.
Azərbaycan sülhsevər ölkədir və bu, bizim abidəmizdə də öz əksini tapmışdı.
"Çiçəklənmə”nin açılış mərasimini xatırlayıram, Avropa Şurasının bütün üzvləri və baş katib mərasimdə iştirak edirdi. Abidənin qoyulmasında Səməd Seyidov, Oqtay Əsədov və Emin Eyyubov çox böyük rol oynadılar.
- Bununla yanaşı, sizin yaradıcı duetiniz nəticəsində Romada, dünya mədəniyyəti mərkəzində Nizami Gəncəvinin də heykəli qoyulub. Yəqin bu da çətin başa gələn iş olub.
- Əlbəttə. Əvvəlcə biz 15-20 heykəltaraşın iştirak etdiyi müsabiqədən keçməli olduq. Mən Əli İbadullayevlə birgə hazırladığımız eskizləri göndərdim, bizim işimizi Azərbaycanda ciddi ekspertlər təsdiq etmişdilər. Ancaq vacib olan İtaliyada veriləəck icazəydi. Romadakı Villa Borgeze parkı İtaliyanın ən vacib məkanlarından biridir. Oradan dünyanın ən dahi heykəltaraşlarının əsərləri ucaldılıb.
Abidənin qoyulmasında dövlətimizin imici, xüsusilə prezident İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın nüfuzu böyük rol oynadı. Xüsusilə qeyd etməliyəm ki, Romada abidəmizin açılışında Mehriban xanım şəxsən iştirak edirdi.
Bunu ilk dəfə deyirəm, abidəni parkda göstərilən yerdə ucaltmaq göründüyü kimi asan məsələ deyil. Abidə Roma Rəssamlıq Şurası tərəfindən təsdiqlənməlidir, burada bütün İtaliyada abidələrin qoyulmasını idarə edən rəhbər iştirak edir. Burada paytaxtın meri, parkın direktoru, instrukturlar, heykəltaraşlar iştirak edir, yığıncaq isə hər 3 aydan bir baş tutur.
Abidənin qoyulması üçün xüsusi, olduqca detallı iş tələb olunurdu. Əgər ən xırda bir detala fikir verməsəydik, sadəcə olaraq abidənin ucaldılmasına icazə verilməyəcəkdi. İtalyanların öz mədəniyyətlərinə münasibəti, ən xırda detallara belə diqqət etmələri hörmətəlayiqdir! Abidənin ucaldılması bizi çox məsud etdi. İtaliyaya səfəri zamanı hörmətli prezidentimiz Nizami Gəncəviyə qoyulan abidəni ziyarət etdi və qarşısına gül qoydu. Çox sevinirəm ki, Romanın mərkəzində bizim əfsanəvi şairimizin və mütəfəkkirimizin heykəli ucalır...
- Əvvəllər Bakıda məşhur şəxsiyyətlərin abidələri daha çox idi. Nəyə görə bu proses indi davam etmir? Vəsaitmi ayrılmır, maraqmı yoxdur, yoxsa heykəltaraş qıtlığı var?
- Nəyə görə abidələrin sayı azalıb, gəlin birinci bundan başlayaq. Bu ilk növbədə onunla bağlıdır ki, abidələrin çoxunu sadəcə olaraq götürüblər. Məsələn, 26 Bakı komissarını, Caparidzenin və digərlərinin heykəlləri yığışdırılıb. Bununla da bu abidələrin olduğu meydanlar boşalıb, insanlarda da belə fikir yaranıb ki, abidələrin sayı kəskin azalıb. Şəhərimizdə bir çox şəxsiyyətə heykəl qoyulub, ancaq könül istərdi ki, onların sayı daha da artsın. İndi bir çox abidə üzərində iş getdiyini qeyd edim. Hörmətli prezidentimizin göstərişiylə yaxın zamanlarda çoxlu maraqlı abidələr qoyulacaq, indi onların üzərində iş gedir. Niyazi, Babək, Rəşid Behbudov və digər bu kimi tarixi şəxsiyyətlərə həsr olunmuş abidələr ucaldılacaq. Beləliklə də, gələcəkdə abidələrimizin sayı artacaq...
- Bir çox vətəndaşımız hesab edir ki, məşhur azərbaycanlı sərkərdə Koroğlunun şərəfinə ucaldılan abidə uğursuz alınıb. Siz bir peşəkar kimi bu barədə nə deyə bilərsiz?
- Abidə - onu yaradan müəllifin düşüncəsi və kompozisiyasıdır. İnsanların zövqü fərqlənir. Kiminsə xoşuna gələn bir şeyi digəri bəyənməyə bilər. Mən bunu normal hal hesab edirəm. Düşünürəm ki, bu sualı müəllifin özünə vermək lazımdır. Onun müəllifi, heykəltaraş Tokay Məmmədov sizin verəcəyiniz sualı cavablandıra bilər. Bu ən yaxşı variant olardı, axı o öz üslubu və fikri olan peşəkardır.
- Bakıda xarici elm adamlarına, yazıçılara və tarixi şəxsiyyətlərə ucaldılan abidələrin müəllifləri elə xaricilərdir. Sizcə, bu niyə belədir? Belə bir tendensiya ədalətlidirmi?
- Bu tendensiya xalqlar arasındakı dostluğun göstəricisidir. Bizdəki abidələri xaricilər ucaldırsa, Azərbaycanın xaricdə ucaltdığı abidələri də yerli müəlliflər hazırlayır. Məsələn, əgər ruslar Bakıda Puşkimə heykəl ucaldırlarsa, onda bizdə Rusiyada Nizamiyə heykəl ucaldırıq. Bu xalqlar arasındakı münasibətlərin göstəricisidir. Daha bir misal, bizim azərbaycanlı heykəltaraş Ömər Eldarov Vyanada bizim dahi bəstəkarımız Üzeyir Hacıbəyova heykəl ucaldıb. Bu yaxşı tendensiyadır.
- Sovetlər zamanı ucaldılan bir çox heykəllər yığışdırıldı. Onların axırı necə oldu?
- Bu hadisə keçən əsrin 80-cı illərinin sonu, 90-cı illərinin əvvəlində baş verdi. Azərbaycan üçün çətin dövlər idi, SSRİ dağılmağa başlamışdı. Bu incəsənət üçün də kabus dövrüydü, sıfıra düşmüşdü. Yadımdadır, bizə deyirdilər portret çəkmək olmaz, çılpaq rəsmlər isə ümumiyyələ. O zaman incəsənət üçün böyük təhdid varıydı. Xoşbəxtlikdən, biz o dövrü geridə qoya bildik. O zamanlar hakimiyyətdə Xalq Cəbhəsi varıydı, dediyiniz abidələr məhz onların zamanında yığışdırıldı. Təəssüflər ki, o abidələrin heç biri indiyədək qalmayıb. Abidələrin əksəriyyəti yaradıcılıq baxımından gözəl incəsənət nümunələriydi, axı onlar müəllif işləriydi. İncəsənəti məhv etmək ümumiyyətlə olmaz, axı bu tarixdir, yaddaşdır, nə qədər kədərli və ağrılı olmasından asılı olmayaraq.
Əlbəttə, onlardan açıq hava altında muzey yaratmaq olardı, gələcək nəsillər onların sayəsində tarixi öyrənə bilərdilər. Məncə, yığışdırılan abidələri qorumaq lazım idi. Dünyanın başqa ölkələrində bu təcrübə həyata keçirilir.
- Şəhərimizdəki abidələrə qulluqdan və onların qorunmasından razısınızmı? Bu məsuliyyət kimin üzərindədir və adətən rekosntruksiya, təmizləmə kimi işlərlə kimlər məşğul olur?
- Bilirsiniz, abidələr də insanlar kimidir, onlar da zaman keçdikcə yaşlanırlar. Əlbəttə, abidələrə diqqət ayırmaq lazımdır, təmizləmək, qulluq etmək kimi işlərlə şəhərin meriyası məşğul olur. Mən əminəm, onlar bununla məşğul olurlar. Düzdür, bəzən biraz mübaliğəyə yol verirlər, məsələn abidələri rəbgləyirlər, əlbəttə ki, bunu etmək olmaz (gülür). Abidənin strukturunu, onun xarici görünüşünü dəyişmək olmaz. Hər bir abidə müəllif işidir və hazır olduqdan sonra öz həyatını yaşamağa başlayır. Abidə canlı orqanizmdir, sanki sənin uşağındır. Biz Əli İbadullayevlə abidənin qoyulacağı yerə, uşağımızın dayanacağı çox diqqətlə yanaşırıq, axı yaratdığımızın taleyinə biganə ola bilmərik, biz onun etibarlı əllərdə olmasını istəyirik. Abidə də insan kimi qocalır. Abidə saralır, kiflənir, mamırlanır. Bu normal, təbii prosesdir. Əlbəttə, abidənin dağıdılmasına yol vermək olmaz, onu qorumaq lazımdır, aşınırsa bərpa etmək, möhkəmləndirmək lazımdır. Ancaq abidənin həyatına, onun yaşlanmasına mane olmaq olmaz.
Baxın, Avropada abidələrə necə qulluq edirlər. Onları möhkəmləndirirlər, ancaq heç nə əlavə etmir, toxunmurlar. Abidəni ilkin formasında saxlayırlar. Avropada keçmişin ruhunu saxlamağa çalışırlar.
Qeyd etməliyəm ki, bu gün düzəldilən heykəllər yaşadığımız epoxaya cavab verməlidir. Bu günki abidəni 100 il əvvəlki qaydayla düzəltmək olmaz. Bu dünyada hər şey dəyişir və inkişaf edir. Bu dəyişikliklər incəsənətdən, o cümlədən heykəltaraşlıqdan da yan keçmir. Əgər bu gün kimsə Leonardo da Vinçinin üslubuyla şəkil çəksə, qəribə görünəcək. Ona görə də dövrün ruhuna uyğun incəsənət əsərləri yaratmaq lazımdır. Hər nəsil öz dövrünü əks etdirməldir. Bu inkişafın qanunudur.
Bu gün biz incəsənət sahəsində Avropada və dünyada baş verənləri izləməliyik. Bizim bu gün yaratdığımız işlər müəyyən səviyyəyə cavab verməlidir. Biz nəinki indiyə qədər əldə olunmuş səviyyəyə can atmalı, hətta onu ötüb keçməyə çalışmalıyıq. İnsan keçmiş təvəllüdlə doğula bilmədiyi kimi, abidələr də keçmiş təvəllüdlə doğula bilməz. Mən hesab edirəm ki, bu gün Bakıda müasir abidələr ucaldılmalıdır. Bakı Muğam Mərkəzininin binası qarşısında 7 kompozisiyadan ibarət relyefin yaradılması zamanı biz məhz müasir dövrün standartlarına uyğun fəaliyyət göstərdik. Bizim hazırladığımız 7 kompozisiya Azərbaycan muğamının ucalığını və möhtəşəmliyini əks etdirir.
Sonda vurğulamaq istəyirəm ki, bizim heykəltaraşlarımızın yaradıcılıq işləri avropalıların işlərindən heç də geri qalmır, hətta bəzən onları geridə qoyur. Məsələn, bizim Azərbaycan sərhədləri xaricində ucaltdığımız abidələr böyük heyranlıqla qarşılanır. Və bu sahədə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qabartmaq lazımdır. Biz, azərbaycanlı incəsənət nümayəndələri isə çiynimizdəki məsuliyyəti başa düşürük, öz növbəmizdə isə çalışırıq ki, səviyyənin qorunub saxlanılmasına və onu ötüb keçməyə çalışaq.
- Siz Azərbaycan Rəssamlıq Akademiyasının prorektorusunuz. Buna görə də öyrənmək istərdik, tələbələrin heykəltaraşlığa marağı nə qədərdir?
- Səmimi desəm, heykəltaraşlıq indi əvvəlki kimi böyük coşğuyla qarşılanmır. Bu çox təəssüf doğurur. Məsələn, Rəssamlıq Akademiyasına sənəd verənlərin çoxu dizayner, ya da rəssam olmaq istəyir. Ola bilsin, buna səbəblərdən biri odur ki, heykəlataşlıq çətin peşədir və hər adam onunla məşğul olmağı gözə almır. Ancaq çalışmaq, cəhd etmək lazımdır, onda bizim uşaqlarda mütləq alınacaq.
- Təşəkkür edirik, Səlhəb müəllim, sizə gələcək işlərinizdə uğurlar arzu edirik.
- Təşəkkürlər!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)