Azərbaycan və Gürcüstan: dost ölkələrin sərhəd mübahisəsi
Cənubi Qafqazın iki ölkəsi, strateji müttəfiqlər Gürcüstan və Azərbaycanın ümumi 480 kilometrlik ərazisinin 35%-i indiyə qədər razılaşdırılmayıb. Problemin həll olunması üçün xüsusi komissiyalar yaradılıb, onlar bir-birini məlumatlandırır və fikir mübadiləsi aparırlar.
Xarici işlər nazirliyinin məlumatına görə, hazırda delimitasiya və demarkasiya komissiyalarının işi davam etdirilir. XİN-in nümayəndəsi Hikmət Hüseynov açıqlamasında deyib: "Strateji əməkdaşlığın ruhuna uyğun olaraq, iki ölkə arasındakı sual yaradan məsələlər, həmçinin demarkasiya məsələsi işgüzar çərçivədə müzakirə edilir”.
Gürcüstan XİN-indən açıqlama ala bilməsək də, qonşu ölkənin Bakıdakı səfirliyindən bildirdilər ki, komissiya hələ məsələ üzərində işləyir, ancaq hələlik yekun qərar yoxdur.
Gürcüstan kimi Azərbaycan da uzun müddət Sovet İttifaqının tərkibində olub. Həmin vaxtlar sərhədlərin delimitasiyası o qədər də müzakirə mövzusu olmayıb. Proseslər iki ölkə müstəqillik qazandıqdan sonra böyüdü.
Mübahisənin əsas mübahisə predmeti gürcülərin David Qareçi, azərbaycanlıların isə Keşiş dağları, Keşikçi kimi adlandırdığı tarixi abidə üzərindədir. Monastır kompleksinin əsas hissəsi müasir Gürcüstandadır. Gürcüstanın iddia etdiyi Bertubani monastırı və onun əhatəsindəki ərazilər isə müasir Azərbaycan ərazisindədir.
Məsələyə tarixi aspektdən yanaşanda, hər bir ölkənin özünün tarixi faktları, mənbələri var, problem isə həll edilməmiş qalır. Çünki Gürcüstan bildirir ki, bu kompleks tarixən onlara mənsub olub, Azərbaycan tərəfi isə iddia edir ki, kompleks qədim alban mədəniyyətinin bir parçasıdır.
Sovet dövründə bu abidələri tədqiq etmək mümkünsüz idi.
1948-ci ildən 1990-cı illərə qədər ərazinin yaxınlığında hərbi poliqon mövcud olub. Uzun illər bu ərazidə artilleriya təlimləri keçirilib. Monastırın divarlarının və freskaların ziyan çəkməsini bununla əlaqələndirirlər. Çünki hərbi obyektlərdə elə-belə gəzmirdilər, elmi araşdırmalar aparırdılar.
Azərbaycanlı və gürcü ekspertlər iki ölkə arasındakı problemin həlli üçün bəzi suallarda ortaq mövqenin ortaya qoyulmasının vacib olduğunu qeyd edirlər.
Gürcüstan "Müstəqil Bölgə” QHT-sinin rəhbəri Gela Vesadze ortaq tarixi-mədəni qoruğun salınmasını təklif edir: "Bu məsələdə heç bir tərəf güzəştə getməyəcək, ya fasiləsiz mübahisələr olacaq, ya da danışıqların sonu olmayacaq”.
Qeyd edəki, Azərbaycan prezidenti İlham Əliyev 29 dekabr 2007-ci ildə Ağstafa rayonunda yerləşən Keşikçidağ silsiləsini əhatə edən mağara kompleksinin Azərbaycan respublikaı "Keşikçidağ” tarixi-mədəni qoruğu elan edilməsi barədə fərman verib.
"Məsələyə tarixi nöqteyi-nəzərdən yanaşmaq yanlışdır. Hər iki ölkə yeni konflikt zonasının yaradılmaması üçün səy göstərməlidir. Rusiya faktoru mövcud olduğundan, Azərbaycan və Gürcüstan bir-birin lazımdırlar. Əgər gələcəkdə iki ölkə Avropaya inteqrasiya eləyəcəksə, sərhədləri şəffaf etmək lazımdır. Onda belə problemlər həllini tapacaq”, - politoloq Azər Qasımlı açıqlamasında deyib.
Azərbaycanla sərhəddə mövcud olan Gürcüstan tərəfinin iddia etdiyi ərazini rəsmi Bakı strateji baxımından yüksəklik hesab edir. Buna görə də dövlət əhəmiyyətli torpağı qonşu ölkəyə verilməsinə razı olmur.
Keşikçidağ tarixi-mədəni qoruğu hazırda tədqiqatçıları öhdəsinə verilib. Burada 7 mağara, bir qəsr, iki məbəd və bir ibadətgah var. Qoruğun yaradılmasından sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya institutu burada araşdırmalara başlayıb. Məlum olub ki, albanlar orta əsrlərdə Keşikçidağın müdafiəsi məqsədiylə tikililər ucaldıblar.
"Keşikçidağ” dövlət tarixi-mədəni qoruğunun direktoru Musa Mursaquliyevin sözlərinə görə, delimitasiyası məsləsi həll olunmadığından, əraziyə turist cəlb etmək mümkün deyil.
Seymur Kazımov
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər