Aleksandr Lukaşeviç ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın regiona səfərini şərh etməkdən imtina edib
"ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Cənubi Qafqaz ölkələrinə səfərini onu həmin regiona göndərənlər şərh etsinlər".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistin "inqilablar hazırlayan imici daşıyan Viktoriya Nulandın Cənubi Qafqaz ölkələrinə səfərini necə şərh edərsiniz?" sualına cavabında Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
Viktoriya Nulandın səfərini şərh etməkdən imtina edən Rusiya XİN sözçüsü az öncə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər etdiklərini xatırladıb. O, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşdiyini və bunun həyəcanverici olduğunu söyləyib: "Vəziyyətin belə olması münaqişənin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun iştirakçılarına cəhd etdiyi nöqtəyə yaxınlaşmağa imkan vermir".
"Rusiya keçmiş sovet məkanında separatçı rejimlərə tanıyır və dəstək verir. Cənubi Osetiya və Abxaziyanı rəsmən tanıyıb. Dnestryanıya informasiya və siyasi-iqtisadi dəstək verir. Ukraynadakı Donetsk və Luqansk separatçılarına da dəstəyin şahidiyik. Çox sevindirici haldır ki, belə münasibət separatçı "Dağlıq Qarabağ Respublikası"na münasibətdə müşahidə olunmur. Rusiyanın keçmiş post-sovet məkanındakı münaqişələrə belə fərqləndirici yanaşması nə ilə əlaqədardır?" sualına Aleksandr Lukaşeviç belə cavab verib: "Cənubi Osetiya və Abxaziya ilə münasibətlərimiz hər kəsə aydındır. İkitərəfli münasibətlər inkişaf edir. Dnestryanı münaqişənin tənzimlənməsində də Dnestryanı və Kişinyov arasında danışıqlarda Rusiya yaxından iştirak edir. Demək istəyirəm ki, Rusiya Azərbaycan-Ermənistan konfliktinin nizamlanmasında aktiv iştirak edir. Özü də bu iştirak təkcə ATƏT-in Minsk Qrupu səviyyəsində deyil, ikitərəfli əlaqələr səviyyəsində də mövcuddur. Bizim prezidentimizin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin arasında danışıqlar keçirilib. O ki, qaldı Donetsk və Luqanska, burda söhbət onların tanınmasından deyil, regiondakı reallıqdan və fevralın 12-də imzalanmış Minsk razılaşmasından gedir. Həmin razılaşmada göstərilir ki, Ukrayna böhranı iki tərəf - Kiyevlə Donetsk və Luqanskdakı könüllülər arasında danışıqlar yolu ilə həll edilməlidir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !