Türkiyə ilə münasibətləri gərginləşən Rusiyada "erməni soyqırımı”nın tanınmasına hazırlıq gedir. "Ədalətli Rusiya" Partiyasının sədri Sergey Mironov Dövlət Dumasına "Erməni soyqırımı"nın inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib.
Duma bu qanun layihəsini qəbul edərsə, Türkiyə ilə münasibətlər hansı mərhələyə daxil ola bilər? Bəs onun qəbul olunması Rusiya-Azərbaycan əlaqələrinə necə təsir edəcək? Nəzərə alınmalıdır ki, Rusiyada xeyli sayda azərbaycanlı yaşayır, "erməni soyqırımı”nı inkar edən həmyerlimiz cinayət məsuliyyətinə cəlb oluna bilər.
Mövzu ilə bağlı ANN.Az politolq və siyasətçilərin fikirlərini öyrənib:
Elxan Mehdiyev:
(Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq)
Bu qanun layihəsinin Dumada qəbul olunacağını düşünürəm. Çünki burada Rusiyanın öz maraqları var. Bunun digər səbəbi isə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi ilə əlaqədardır. Şimal qonşumuz bu məsələyə o qədər ciddi yanaşır ki, hətta vətəndaşlarına Türkiyə ilə bağlı hansı işləri varsa, bitirmə xəbərdarlığı verib. Dumanın da indi görmək istədiyi iş budur ki, Rusiya-Türkiyə münasibətləri birdəfəlik pozulsun.
Dumada belə bir qanun layihəsinin qəbulu Azərbaycanın maraqlarına da toxunmuş hesab olunacaq. Rusiya Qarabağ münaqişəsində həmsədr ölkə kimi vasitəçi rolunu oynasa da, həmişə erməni maraqlarına uyğun hərəkət edib, onları silahlandırıb. Yəni bu qanun qəbul edilərsə, Rusiya Ermənistanı dəstəklədiyini bir daha nümayiş etdirəcək. Rusiyada daha çox azərbaycanlı yaşadığını və onların bu məsələdə həssas olmasını nəzərə alsaq, qanun layihəsinin qəbul edilməsindən sonra xeyli həmyerlimizin barmaqlıqlar arasına salınacağını indidən proqnozlaşdırmaq olar.
Elxan Şahinoğlu:
(«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri)
Bu qanun Rusiyada qəbul edilərsə, Türkiyə ilə yanaşı Azərbaycana da xoş olmayan jest ediləcək. Onsuz da son günlər Rusiyanın media vasitələri Türkiyəni tənqid və təhqir etməklə yanaşı Azərbaycanın da adını mənfi məsələlərdə hallandırırlar. Təsadüfi deyil ki, dünən Rusiyanın telekanallarından birində Azərbaycanın xəritəsi nümayiş etdirilib, amma Dağlıq Qarabağ orada göstərilməyib. Bu kimi faktları nəzərə alıb Rusiyanın Azərbaycana olan münasibətinin də dəyişdiyini görürük. Mümkündür ki, Dövlət Duması bu barədə qətnamə qəbul etsin. Bu qanunun qəbul edilməsi Türkiyə ilə körpülərin bütövlükdə yandırılması demək olacaq. Bu hər iki dövlət üçün heç də xoş hal olmayacaq. Ümumiyyətlə, belə qətnamələrin qəbul edilməsi məsələsi Avropa ölkələrində qaldırılanda bunun doğru olmadığını, fikir azadlığına qarşı bir həmlə olmadığını deyirik. İndi Rusiyada belə qətnamə olunarsa, Azərbaycan rəsmiləri və Xarici İşlər Nazirliyi çox ciddi açıqlamalar verməlidirlər.
Hikmət Hacızadə:
(Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq)
- Bu qanun layihəsi qəbul olunarsa, Avropa Məhkəməsi onları beynəlxalq hüquqa zidd hesab edir. Artıq belə bir tendensiya var. Məsələn, Avropa Məhkəməsi Fransada və İsveçrədə qəbul edilən "erməni soyqırımı” qanun layihəsini rədd edib. İsveçrə məhkəməsi bir türk vətəndaşını bu qanuna istinad edərək həbs etmişdi, amma Avropa Məhkəməsi türk vətəndaşının hüquqlarını tanıdı, İsveçrə məhkəməsinin qərarını rədd etdi. O ki qaldı Rusiyada bu qanunun qəbul olunub-olunmamasına, demək istəyirəm ki, qanun layihəsi qəbul olunsa da işləməyəcək. Azərbaycan tərəfi də bu qərarı qəbul etdiyinə görə daim Rusiyanı pisləyəcək.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !