Bu günlər Rusiya telekanalları hətta hava proqnozlarını da müharibənin təbliğinə həsr edirlər. Sinoptiklər bildirirlər ki, "Suriyada raket zərbələri üçün gözəl payız havası var”.
AzadlıqRadiosunun müxbiri Claire Bigg yazır ki, Rusiyanın Suriyadakı hava zərbələrini davam etdirdiyi bir vaxtda, ölkə telekanalları müharibənin ölkə daxilindəki təbqliğatı üçün bütün mümkün imkanlardan istifadə edirlər. Hətta hava proqnozları da istisna təşkil etmir.
Oktyabrın 3-də Rossiya-24 telekanalı Suriyada bombardman kampaniyası üçün çox əlverişli olan hava şəraitinin təsvirinə böyük efir vaxtı ayırıb.
"Suriyada oktyabr ayı ümumiyyətlə uçuşlar üçün çox münasibdir” – deyir hava proqnozunu verən aparıcı. Onun arxasında bütün Yaxın Şərq boyunca havanın temperatur göstəriciləri, küləklər və yağmurlu günləri əks etdirən xəritə var.
"Yağışlar adətən hər on gündən bir, həm də adətən ölkənin şimalında yağır. Rusiya hərbi hava qüvvələrinin reyd keçirdiyi bu ərazidə yağışın miqdarı 18 millimetri keçmir. Belə yağışlar bombardmanı əsaslı şəkildə təsirləndirə bilməz” – deyir aparcı xanım.
"Uçuşları təsirləndirə biləcək temperaturlar 35 dərəcədən yüksək olur, amma oktyabr ayında Suriyada havanın temperaturu bundan yuxarı qalxmır”.
Daha sonra xanım, tamaşaçıları əmin etməyə çalışır ki, qarşıdan gələn qışın buludlu havaları Rusiyanın raket zərbələrini təsirləndirməyəcək.
Tamaşaçılara detallı şəkildə izah edilir ki, buludlar adətən yerdən 4-10 kilometr yüksəklikdə olur, bu isə bombardmançı təyyarələrə lazım olan yüksəklikdən artıqdır.
Təbiət qırıcıları tələsdirir
Rusiya Suriyada hava reydlərinə sentyabrın 30-dan başlayıb. Bu, SSRİ 1991-ci ildə dağılandan bəri onun varisi olan Rusiyanın xaricdə keçirdiyi ilk hərbi əməliyyatdır. Moskva Suriyada İslam Dövləti adlanan təşkilatın mövqelərinə zərbələr endirdiyini bildirsə də, müşahidəçilər əsl hədəfin ABŞ və onun kolasiyasına müttəfiq mötədil müxalifət qruplaşmaları olduğunu bildirirlər.
Suriyaya "onun qanuni hökumətinin” dəvəti ilə gəldiyini bildirən Rusiya hərbiyyəsi əsas məqsədinin BMT-nin hərbi cinayətlərdə ittiham etdiyi Bashar al-Assad-ı müdafiə etmək olduğunu elə də gizlətmir.
Moskva 2011-ci ildən bəri 250 min insanın ölümü ilə nəticələnmiş bu münaqişədə Assad rejimini həmişə müdafiə edib.
Havaya gəldikdə isə Rusiya dövlət telekanalı bildirir ki, ərazidə qum qasırğaları təhlükəsi qalır. Bu da xüsusilə vurğulanır ki, belə bir qasırğa Körfəz müharibəsi zamanı ABŞ qüvvələrinə ciddi maneə törətmişdi.
Lakin aparıcı xanım tez də təsəlli verir ki, qum qasırğalarına hələ var və Rusiya hərbi əməliyyatlarını tezliklə başa çartdıracaq…
"Təbilət özü bizi tələsdirir” – deyir hava xəbərçisi.
Şərqi Ukraynadakı "rus siklonu"
Claire Bigg yazır ki, Rusiya televiziyaları hava proqnozu ilə siyasəti əvvəllər də bir-birinə qarışdırıb.
2013-cü ilin dekabrında hava proqnozu aparıcısı Vadim Zavodchenkov Rossiya-24 kanalının hava məlumatında Kiyevin Avromeydan etirazçılarına tənəffüs yollarını yoluxduran xəstəliklərin arta biləcəyi barədə xəbərdarlıq etmişdi.
2014-cü ilin yanvarında hava aparıcısı artıq Avromeydandakılara barrikadalarda yandırılan maşın təkərlərindən çıxan tüstüdən xərçəngə tutula biləcəklərini söyləmişdi.
Aprel ayında isə Zavodchenkov Şərqi Ukraynanın hava proqnozunda daha incə mətləbləri anlatmağa çalışmışdı.
O demişdi ki, Ukraynanın səmasında buludlar sıxlaşır və həftəsonu, böyük bir ehtimalla Donetsk üzərindəki siklon güclü küləklərin səmtini dəyişə bilər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !