Rusiyanın “terrorçu ölkələr” siyahısına daxil edilməsini nəzərdə tutan petisiya 100 min imza toplayıb.APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, səsvermə Ağ Evin saytında aparılıb. ABŞ hakimiyyəti tərəfindən petisiyaya rəsmi cavab verilməsi üçün müraciət bir ay ərzində azı 100 min imza toplamalıdır. Petisiyaya əsasən, Rusiya Ukraynaya qarşı elan olunmamış müharibədə gizli əməliyyatlar həyata keçirir və bu “beynəlxalq terrorçuluq” anlamına uyğun gəlir: “Ukrayna vətəndaşı qismində çıxış edən maskalı Rusiya əməliyyatçıları hədə-qorxu yolu ilə Ukrayna hökumətinin siyasətinə təsir etməyə çalışırlar. Onlar həmçinin hökumət binalarını, polis postlarını və Ukrayna hərbi bazalarını ələ keçirərək, sui-qəsdlər və adam oğurluğu kimi hallarda hökumətin adının hallandırılmasına cəhd edirlər. Bu fəaliyyət ABŞ, G-7, NATO, Aİ və BMT tərəfindən pislənməsinə baxmayaraq, geniş miqyasda və uzun müddətdir aparılır”. Rusiya qeyd olunan siyahıya salınacağı təqdirdə ABŞ bu ölkəyə qarşı sərt iqtisadi və siyasi sanksiyalar tətbiq edəcək. Hazırda ABŞ Dövlət Departamenti İran, Suriya, Kuba və Sudanı terrorçuluğu maliyyələşdirən ölkələr kimi tanıyır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !