Rusiya Türkiyəni Azərbaycanla əvəz edir

12:53 | 26.11.2015
Rusiya Türkiyəni Azərbaycanla əvəz edir

Rusiya Türkiyəni Azərbaycanla əvəz edir

"Rusiyalılar meyvə və tərəvəz qıtlığı çəkməyəcək”.

Rusiya Türkiyədən gətirilən ərzaqlardan imtina edərsə, rusiyalılar meyvə-tərəvəz qıtlığını hiss etməyəcəklər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Aleksandr Tkaçev bəyan edib.  

"Biz əvəz edəcəyik, tərəvəzləri bizə İran, Azərbaycan, Mərakeş, İsrail kimi ölkələr tədarük edəcək; sitrus meyvələri üzrə CAR, Argentina bu məsələnin həllinə qoşulacaq.

Rusiyalılar Türkiyənin ölkə bazarında olmamasını hiss etməyəcəklər (ərzaq embarqosu tətbiq edilərsə). Bu, tamamən aydındır”, - Tkaçev "Rossiya 1” telekanalına RF-nin Türkiyə ərzaqlarından imtina edəcəyi təqdirdə yaranacaq vəziyyəti şərh edərkən söyləyib.

Bununla yanaşı, o, Rusiyaya tədarük edilən tərəvəzlərin ümumi ixracının 20%-nin Türkiyə tərəvəzlərinin payına düşdüyünü də qeyd edib, sitrus meyvələrin tədarükündə Türkiyənin payı 25%-dir. Eyni zamanda Türkiyə Rusiya buğdasının Misirdən sonra ikinci alıcısıdır.

"2015-ci ilin əvvəlindən Türkiyəyə 3,5 milyon ton buğda ixrac edilib, bu, buğda ixracının demək olar ki, 12%-dir. Türkiyəyə buğda ixracı dayandırıldığı halda Yaxın Şərq və Afrika ölkələri idxalçı kimi çıxış edə bilərlər”, - RF Kənd təsərrüfatı naziri bildirib.

Xatırladaq ki, çərşənbə günü Rusiyanın Su-24 təyyarəsi Suriyada vurulub.

RF prezidenti Vladimir Putin bildirib ki, təyyarə Suriya ərazisində Türkiyə F-16 qırıcısı tərəfindən "hava-hava” raketi ilə vurulub və Suriya ərazisində Türkiyə sərhəddindən dörd km məsafədə yerə düşüb. Rusiya lideri bunu terrorçuları dəstəkləyənlərin "arxadan vurduqları zərbə” adlandırıb.

O, bu faciənin Moskva və Ankara arasında münasibətlərə ciddi təsir edəcəyini bəyan edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM