Rusiya Xankəndində Baş Konsulluq açmaq istəyi ilə bağlı Azərbaycan tərəfinə öz arzusunu çatdırıb. Bu barədə TASS agentliyi yazıb.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib ki, "Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir".
Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı hər hansı mövqeyi açıqlanmayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü deputat Elman Nəsirov hesab edir ki, Rusiyanın Xankəndində Baş Konsulluq açmasının ciddi əsasları yoxdur.
"Rusiya sülhməramlıları Qarabağda idi, lakin Qarabağdan çıxarılıb və onların Qarabağda hərbi təmsilçiliyi, hərbi mövcudluğu yoxdur. Söhbət hərbi təmsilçiliyin diplomatik təmsilçilik ilə əvəzlənməsindən gedir. O yerlərdə səfirlik, konsulluq açılır ki, orada insanların konsulluğa müraciəti üçün əsaslar yaransın. Bu nöqteyi-nəzərdən yanaşsaq, orada erməniəsilli vətəndaşlar yaşamır və bu konsulluğa kim müraciət edəcək? Bunun özü də sual altındadır. Rusiyanın Bakıda səfirliyi var, səfirlikdə konsulluq xidməti də fəaliyyət göstərir. Bu konsulluq fəaliyyətindən Azərbaycanlılar da istifadə edə bilirlər. Xüsusi olaraq bunun Qarabağda açılmasına ciddi əsaslar yoxdur. Bəzən belə fikirlərə rast gəlinir ki, bu addımın atılması gələcəkdə yenidən Qarabağdan gedən erməniəsilli vətəndaşların geri qayıtması istiqamətində bir siqnaldır və buna şərait yaradılır. Ermənistanın siyasi rəhbərliyi dəfələrlə qeyd edib ki, Qarabağa geri dönüş yoxdur. Ermənistan hakimiyyəti bunun əleyhinədir. Belə olan halda konsulluğun açılması üçün heç bir əsas yaranmır”, - Nəsirov deyib.
Politoloq Azər Qasımlı qeyd edir ki, bir ölkənin vətəndaşı olmayan ərazidə hər hansı konsulluğun açılmasının mənası yoxdur.
"Bir ölkənin vətəndaşı o ərazidə yoxdursa, burada konsulluq açmağın mənası yoxdur. Rusiya sülhməramlıları guya Azərbaycanı tərk edib, insanlara bir-iki video kadrı göstərməklə bunun artıq baş tutduğunu sübut etməyə çalışıblar. Amma bu rus kontingenti nə vaxt, hansı şərtlər daxilində, nəyə imza ataraq getdilər, bunun heç biri yoxdur. Biz heç nə görmürük. Bizə də heç nə deyilmir. Mənə elə gəlir ki, rus kontingentinin getməsi ilə bağlı verilən məlumat şübhəlidir, tam da həqiqətə uyğun deyil. Onların bir qismi ola bilsin ki, gedib amma bir qismi də getməyib. Rus konsulluğunun açılacağını da ruslar deyir, Azərbaycan tərəfi demir. Hətta kontingentin getməsi ilə bağlı məlumatı ilk verən də Peskov olmuşdu. Ehtimal edirəm ki, burada hansısa başqa razılaşmalar var, bizi başqa sürizlər gözləyir. İndi konsulluq deyilir, ola bilsin yanında Hərbi Attaşeni də ora göndərdilər və ehtimal ola bilər ki, onun yanında rus hərbi kontingentinin monitorinq mərkəzi də olsun”, - Qasımlı söyləyib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, Rusiyanın Xankəndində Baş Konsulluq açması real görünmür.
"Hələ azərbaycanlıların böyük qayıdış proqramı çərçivəsində Xankəndiyə dönməsi reallaşmayıbsa, Rusiyanın orada Baş Konsulluq açma məsələsi real görünmür. Açmaqla bağlı müzakirələrin masaya daşıması sonrakı mərhələdir. Digər mühüm məqam ondan ibarətdir ki, bunun Azərbaycanda mediaya çıxarılması üçüncü tərəflərin marağına işləyən məsələdir. Bunun ciddi əhəmiyyəti yoxdur, həmin qərarlar hökümətə aiddir”, -Əlibəyli deyib.
Rusiya tərəfi 2024-cü il Xankəndində Baş Konsulluq açmasına ümid etdiyini bildirir.
Aygün Mirakif
www.anews.az