Rusiyada azərbaycanlı ailəni işgəncələrə məruz qoydular - FOTO+VİDEO

12:49 | 20.09.2016
Rusiyada azərbaycanlı ailəni işgəncələrə məruz qoydular - FOTO+VİDEO

Rusiyada azərbaycanlı ailəni işgəncələrə məruz qoydular - FOTO+VİDEO

Rusiyada İşgəncələrin Qarşısının Alınması üzrə Komitəyə hüquqi yardım almaq məqsədilə Moskvada yaşayan həmyerlimiz Günay Rəhimova müraciət edərək, ailəsinin başına gələnləri danışıb.

ANN.Az xəbər verir ki, sözügedən komitə Rsusiyada insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən ən aktiv qeyri-hökumət təşkilarlarından biridir və hazırda regional ictimai birlik statusuna malikdir.

Günay Rəhimovanın komitəyə verdiyi məlumata görə, onun qardaşı və atası ailə üzvlərinin gözü qabağında Rusiyanın Çevik Polis Alayının paytaxt şöbəsinin əməkdaşları tərəfindən döyülüb və dözülməz işgəncələrə məruz qalıblar.

Günay qeyd edir ki, hər ikisinə Suriya, terrorizm mövzularında suallar verilsə də, nəticədə qardaşı narkotik maddələrin saxlanılması, atası isə heç bir ittiham olmadan polis bölməsinə aparılıb. 
 


Gənc xanımın sözlərinə görə, 30 avqustda səhər saat 06:00-da polis əməkdaşları evə gələrək, mənzilə zəng ediblər. Onun qardaşı, Piroqov adına Tibb Universitetinin tələbəsi Murad Rəhimov qapını açan kimi üz nayihəsindən yumruq zərbəsi alaraq yerə yıxılıb. Daha sonra mənzilə 20-dən çox üzərində "SOBR" (Çevik Polis Alayı) yazısı olan qara geyimli və maskalı şəxs daxil olub. Çevik Polis Alayının əməkdaşları yerdə olan Muradı döyərək mətbəxə apardılar.

Günay iddia edir ki, onun qardaşı 3 saat yarım ərzində işgəncələrə məruz qalıb və bütün baş verənləri o, anası ilə birlikdə dəhlizin şüşəsindən izləyiblər. Evdə olan digər qadınlar da Günayın dediklərini təsdiq edir. Onlar danışır ki, polislər masanın ayağını sındıraraq, onun vasitəsilə Murada amansız zərbələr endirirdilər. Bundan əlavə, hüquq-mühafizə orqanının əməkdaşları elektroşok qurğusundan istifadə, boğma kimi üsullara da əl atıblar. Huşunu itirən Muradı elektroşokla oyadaraq Suriya səfərləri, silah-sursatın gizlədildiyi yer barədə çoxlu sayda suallar ünvanlayırdılar.

Gənc oğlan bu barədə heç bir məlumata sahib olmadığını qışqırdıqda polislərdən biri bıçaqı Muradın sol ayağına sancıb və həmyerlimiz yenidən özündən gedib.

"Qardaşım poliqrafın, yəni yalan detektorunun gətirilməsini xahiş edirdi ki, ifadələri versin. Ancaq onlar elektroşok aparatını göstərərək, "Bax, budur sənin poliqrafın" deyirdilər və təkrar döyməyə davam edirdilər", - deyə Günay Rəhimova bildirir.

Günay qeyd edir ki, polislər özlərini olduqca həyasız aparırdılar və digər yoldaşları Muradı döyən zaman, "dincələnlər" soyuducudakı dondurmaları yeyirdilər. Qadınların yalvarışlarına isə cavab olaraq qeyd edirdilər ki, əslində Muradı döymürlər, sadəcə "öpürlər".

Gənc xanımın şikayətinə əsasən, 15 nəfər qardaşını mətbəxdə işgəncələrə məruz qoyduğu vaxtda, qalan 5 nəfər digər otaqda atasını qəddarlıqla döyürdülər.


Hazırda Murad Rəhimov Moskva şəhərinin 3 saylı təhqiqat təcridxanasında saxlanılır. Ona qarşı narkotik maddələrin iri miqdarda qanunsuz saxlanılması ittihamı irəli sürülüb. Muradın qohumlarının sözlərinə görə, narkotik vasitələr gəncin şalvarının cibində aşkar edilib. Maraqlısı odur ki, Murad döyülərkən əynində yalnız alt geyim olub, şalvarı isə Günay qardaşına itlərlə kinoloqların yoxlamasından sonradan ötürüb. Sözügedən yoxlama zamanı Muradın üzərindən heç bir narkotik madddə üzə çıxarılmamışdı.

Muradın atası Firuddin Rəhimov evdədir və məlum olub ki, hüquq-mühafizə orqanları ona qarşı heç bir ittihamla çıxış etməyiblər.

İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin Moskva şöbəsinin hüquqşünası Anastasiya Qarina bildirir ki, bu faktla bağlı ictimai təhqiqata başlanılıb. Rusiyanın rəsmi qurumlarının sözügedən məsələ ilə heç bir rəsmi açıqlaması və münasibəti yoxdur.

Rəşid MUSTAFAZADƏ 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM