Rusiya ilə sərhəddə 700 Azərbaycan vətəndaşı hələ də qaytarılmayıb

10:06 | 02.06.2020
Rusiya ilə sərhəddə 700 Azərbaycan vətəndaşı hələ də  qaytarılmayıb

Rusiya ilə sərhəddə 700 Azərbaycan vətəndaşı hələ də qaytarılmayıb

Artıq uzun müddətdir Rusiya-Azərbaycan sərhədini keçib, öz vətəninə qayıtmaq istəyən azərbaycanlılar çətin vəziyyətdə qalıb, bunu Anews.az-a hazırda sərhəddə qalan Azərbaycan vətəndaşlarından biri bildirib. 
 
"Dağıstan sərhəddində 700-dən çox Azərbaycan vətəndaşı qalıb. Çox baxımsız şəraitdə qalmışıq. 1 həftə öncə FHN-dən və Xarici İşlər Nazirliyindən məsul şəxslər gəlib 1 həftə içində probleminiz həll olacaq desə də  hələlik çarəsiz vəziyyətdəyik",  - deyə o bildirib.  

 
Bəs görəsən 40 gündən çoxdur sərhəddə qalan vətəndaşlarımız nə zamana kimi orda qalacaq. Onların Azərbaycana gətirilməsi üçün iqtisadi cəhətdən nə qədər vəsait tələb olunur? Anews.az məsələni araşdırıb.

İqtisadçı Rəşad Həsənov Anews.az açıqlamasında bildirib ki, bu kimi hallar forsmajor hesab olunur. Dövlətin öz vətəndaşlarının qarşısında konstitusion hüququ olsa da hər hansı bir formada bu vətəndaşlara maliyyə dəstəyi verilməsi, onların harasa yerləşdirilməsi, qidalanması ilə bağlı tələblərini ödəmək istiqamətində hər hansı bir mexanizm yoxdur. Amma 700 vətəndaşın ölkəyə gətirilib yerləşdirilməsi heç də  böyük vəsaitlər tələb etmir. Əgər orta hesabla bir vətəndaşın 30-40 manat xərc çəkildiyini hesablasaq dövlət tərəfindən 1-1.5 milyon manat bu vətəndaşların ölkəyə gətirilməsi üçün kifayət edə bilər.
 
"Belə olan hallarda təşəbbüskarlıq əsas məsələlərdən biridir və hər bir ölkə öz vətəndaşlarının çətinliklərinin həll edilməsi istiqamətində müəyyən çevik mexanizmlər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Məlumata görə, təkcə Rusiyada deyil digər ölkələrdə də qalmış vətəndaşlarımızla bağlı müəyyən tədbirlər görülür",  -  deyə iqtisadçı bildirdi. 

Rəşad Həsənovun sözlərinə görə Azərbaycanın kifayət qədər imkanları vardır. Sadəcə bu işdə müəyyən qədər məsuliyyətli olmağa və eyni zamanda çevik qərarların qəbul edilməsi mexanizmlərinin hazırlanmasına, problemlərin araşdırılmasına, daha çox komunikasiyanın təmin edilməsinə ehtiyac var. "Dağıstanla sərhəddə qalan bəzi vətəndaşlar edilmiş xəbərdarlıqlara baxmayaraq sərhəddə toplaşmağı üstün tutublar. Onlar düşünüblər ki, sərhəddə nə qədər yaxında olsalar ölkəyə daha tez gələ biləcəklər. Belə hallarda daha yaxşı olardı ki, insanlar daha məsuliyyətli olsun. Amma istənilən halda bu baş vermiş hadisədir. Və bu halda Azərbaycan dövləti öz çətində qalan vətəndaşlarına dəstək olmalı, insanların çarəsiz halda qalması durumlarına göz yummamalıdır", deyə o, vurğuladı. .
 
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva açıqlamasında bildirib ki, Azərbaycan höküməti tərəfindən hazırda xaricdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarımızın Azərbaycana geri dönüşü ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. O cümlədən Rusiya Federasiyasında olan və ölkəyə geri qayıtmaq istəyən şəxslər həm quru, həm hava vasitəsilə ölkəyə geri qaytarılır.
 
Mətbuat katibi onu da qeyd etdi ki, hazırda Azərbaycan və Rusiya tərəfinin aiddiyatı qurumları arasında aparılan əlaqələndirilmə işləri əsasında müvafiq qrafikə uyğun olaraq vətəndaşlarımızın quru yolla ölkəyə geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
 
Sərhəddə qalan vətəndaşlarımıızın həmin ərazidə otellərə yerləşdirilməsi məsələsinə baxılır. 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun dünən verdiyi açıqlamasında 15 mart, 27 may tarixi ərzində Azərbaycana Rusiya Federasiyası tərəfindən 7144 vətəndaşımızın geri qaytarılması haqqında məlumat verilib. Bura həm quru, yolla həm də hava yolu ilə gələn vətəndaşlarımız daxil idi. Təkcə quru yolla isə 1832 nəfər vətəndaşımızın ölkəyə qaytarılması haqqında məlumat var.

"Vətəndaşların orada yığılmasına gəldikdə isə bununla bağlı öncədən qeyd etmişdik ki, sərhəddə toplaşmaq çıxış yolu deyil. Vətəndaşlar olduqları yerdə qalmalıdırlar. "Evə gedirəm" portalında qeydiyyat keçən vətəndaş isə onlara gələn məlumatı gözləməlidirlər. Maddi sıxıntılarla rastlaşan vətəndaşlarımıza gəldikdə isə həm Azərbaycan  həmin vətəndaşlara yardımlar göstərir, həm də Rusiya federasiyasında imkanlı iş adamları, diaspora fəalları onlara yardım edirlər", - Polad Bülbüloğlu deyib.  

Azərbaycanın Rusiyadakı səfirinin  sözlərinə görə, sərhəddə qalan vətəndaşlarımıız üçün həmin ərazidə otellərə yerləşdirilməsi ilə bağlı hazırda işlər aparılır.


Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM