Rusiyada hökumətə yaxınlığı ilə tanınan məşhur telejurnalist öz ölkəsinin ABŞ-ı radiaktiv külə döndərmək iqtidarında olduğunu bildirib.
ANN.Az-ın "New York Post"a istinadən verdiyi xəbərə görə, Dmitri Kiselyov özünün həftəlik proqramındakı açıqlamasında bildirib: "Rusiya dünyada yeganə ölkədir ki, ABŞ-ı həqiqətən radioaktiv külə döndərmək iqtidarındadır".
Kiselyov keçən il Rusiya prezidenti Vladimir Putin tərəfindən dövlət informasiya agentliyinin rəhbəri təyin edilib. ABŞ-ı nüvə silahı ilə təhdid edən Kiselyov nüvə bombasının partlayışını əks etdirən göbələk buludu fotosunun qarşısında dayanaraq çıxış edib.
Rəsmi Ağ Ev Krımda keçirilən referendumun qeyri-qanuni olduğunu bildirmiş və Rusiyanın bu bölgəni işğal etməklə, Ukrayna konstitusiyasını və beynəlxalq hüququ pozduğunu bəyan etmişdi.
Dünən Krımda keçirilən referendumun ilkin nəticələrinə əsasən, bölgə əhalisinin 95 faizi Rusiyaya birləşməyin lehinə səs verib. Krımın Rusiya meylli baş naziri Sergey Aksyonov Krım parlamentinin bazar ertəsi toplaşacağını və Rusiyaya birləşmək üçün rəsmi müraciət edəcəyini bildirib.
ABŞ Senatının beynəlxalq əlaqələr komitəsinin rəhbəri senator Bob Menendez “Fox News Sunday”ə açıqlamasında bildirib ki, Putin "Rus ruleti" oynayır və ABŞ və Avropa "çox kəskin sanksiyalar tətbiq etməklə" tətiyi çəkməyə hazırdır.
Senator Cok Makkeyn isə böhranı belə adlandırıb: "Bu məsuliyyətsiz xarici siyasətin qaçılmaz nəticəsidir, indi heç kim Amerikanın gücünə inanmır".
ANN.Az