Rusiya prezidentinin müşaviri Sergey Qlazyev Rusiyanın bu il 7 trln. rubla (140 mlrd. ABŞ dolları) ehtiyacı olduğunu vurğulayıb.
"Report" xəbər verir ki, bu məbləğin 2 trln. rublu (40 mlrd. dollar) ixracı dəstəkləməyə və idxalı ödəməyə, digər 5 trln. rubl (100 mlrd. dollar) isə xarici borcun ödənilməsinə yönəldiləcək.
S.Qlazyev hesab edir ki, qeyri-xammal ixracını dəstəkləmək və emal sənayesində idxala olan tələbatı ödəmək üçün 1-2 trln. rubla ehtiyac var. O, əlavə olaraq Qərbin Rusiya üçün kreditləri kəsdiyini, bu səbəbdən ölkənin bu il 5 trln. rubl borc ödəməli olduğunu da qeyd edib. Yəni, investisiyalar xaric 7 trln. rubla ehtiyac var.
Müşavir hesab edir ki, Rusiya Mərkəzi Bankının monetar siyasəti dəyişməsə, ölkə ixrac potensialını artıra bilməyəcək. S.Qlazyevin fikrincə, inkişaf etmiş ölkələrdə əhali kreditor rolunda iştirak etsə də, Rusiyada banklar əhalini o qədər borclandırıblar ki, banklar özləri xalis kreditora çevrilib.
Daha sonra çıxışında Qlazyev iqtisadiyyatda sərbəst vəsaitin olduğunu, amma bu vəsaitin real sektora deyil, fond və valyuta birjasına yönəldiyini qeyd edib. Məhz bu səbəbdən Moskva Banklararası Valyuta Birjasında bağlanan əqdlərin həcmi 10 trln. rubla çatıb. Bu səbəbdən, rublun möhkəmlənməsinə baxmayaraq, istehsalın azalması prosesi davam edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !