Rusların Azərbaycana marağı birdən-birə niyə artıb? - AÇIQLAMALAR

16:03 | 04.03.2016
Rusların Azərbaycana marağı birdən-birə niyə artıb? - AÇIQLAMALAR

Rusların Azərbaycana marağı birdən-birə niyə artıb? - AÇIQLAMALAR

Son vaxtlar Rusiya ilə Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi, eləcə də ölkə prezidentlərinin ard-arda iki dəfə telefon əlaqəsi saxlaması, yüksək rütbəli məmurların Bakıya rəsmi səfər etməsi nə ilə bağlıdır?

Rus rəsmilərinin Azərbaycana birdən-birə marağının artmasını politoloq və siyasi şərhçilər ANN.Az-a belə şərh ediblər.  

"Azərbaycan-İran münasibətlərinin yaxşılaşması Rusiyanı çox narahat edir” – Zərdüşt Əlizadə
 

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Qarabağ probleminin həllində Rusiya Azərbaycana heç vaxt kömək etməyəcək: "Çünki bu münaqişəni onların özləri başlayıblar. Bu həddə gətirib çıxarıb və dondurublar. Qarabağ münaqişəsi həm Ermənistana, həm də Azərbaycana nəzarət etmək üçün Rusiyadan ötrü bir vasitədir”.

Z.Əlizadənin sözlərinə görə, şimal qonşumuzun rəsmilərinin (Rusiya baş nazirinin müavini Dmitri Roqozinin və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin –red.) Azərbaycana səfəri onunla bağlıdır ki, Rusiya öz hərbi bazasını genişləndirmək istəyir: "Rusiya bir müddət bundan əvvəl Ermənistana 200 milyon dollarlıq borc verib və açıqlayıb ki, bu borcu nəyə görə vermişəm. İndi də gəlib Azərbaycana deyirlər ki, sən nağd pulla silahları bizdən almalısan. Rusiya filan-filan silahları bizə satmağa hazırdır. Ola bilsin, Azərbaycan da razılığa gəlmək ərəfəsindədir ki, rəsmilərin biri gedib, o biri gəlir”.

Politoloq hesab edir ki, Azərbaycan-İran münasibətlərinin yaxşılaşması Rusiyanı çox narahat edir: "Bu münasibətlərin yaxşılaşması nəticəsində İran öz qazını, neftini Avropaya satmaq imkanını Azərbaycan, Türkiyə, Gürcüstan üzərindən həyata keçirəcək. Buna isə Rusiya razı deyil. Çünki Rusiya Avropada enerji ehtiyatlarının satışı sahəsində kimsəni özünə rəqib görmək istəmir”. 


"Qarabağ münaqişəsinin Rusiyanın xeyrinə həll olunmasına Azərbaycan heç vaxt razılaşmayacaq” - Elxan Şahinoğlu


"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Rusiya rəsmilərinin Azərbaycana gəlməsi, ən yüksək səviyyədə danışıqlar aparması o demək deyil ki, iki dövlət arasında münasibətlər pis idi və indi yaxşılaşdı: "Rusiya prezidenti Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı oldu. Bu telefon danışığının əsas mahiyyəti Azərbaycan prezidentinin İrana səfərinin nəticələri ilə bağlı idi. Azərbaycan çalışır ki, Rusiya-İran dəmir yol xətti bizim ölkədən keçsin. Azərbaycan bununla da öz tranzit statusunu artırmağa çalışır”. 

Politoloq əlavə edib ki, Roqozinin dünənki Bakı səfəri bununla əlaqədar idi: "Azərbaycan Rusiyadan silah-sursat alır və verilən xəbərlərə görə, müəyyən maliyyə problemləri yaranıb. Elə bu məsələləri aydınlaşdırmaq üçün belə bir səfər təşkil edilib. Ehtimal edirəm ki, qapalı danışıqlarda rəsmi Bakı Rusiyanın Ermənistana silah alması üçün 200 milyon dollar borc verməsi xəbərindən narahatlığını çatdırıb”.
 
Mərkəz rəhbəri daha sonra Rusiya XİN-nin müavini Qriqori Karasinin Azərbaycana gəlməsinin səbəblərindən danışıb: "Bu, yeni formatın yaranmasından xəbər verir: yəni Rusiya-İran-Azərbaycan XİN səviyyəsində. Görünür, müəyyən məsələləri dəqiqləşdirmək üçün bu formatı yaradırlar. Ancaq bu o demək deyil ki, Azərbaycan Rusiya ilə bu münasibətləri inkişaf etdirir deyə digər istiqamətləri zəiflədir. Xeyir! Türkiyə ilə hərbi əməkdaşlıq da inkişaf edir. Martın 7-də Türkiyə Hərbi Hava Qüvvələrinin Azərbaycanla birgə təlimləri başlayacaq. Eyni zamanda bu yaxınlarda Türkiyə prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Azərbaycan Türkiyə ilə strateji hərbi mütəffiqliyi davam etdirir. O cümlədən İranla da iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Bundan başqa ölkə başçısı Bakıda təşkil olunan tədbirlərin birində TAP və TANAP layihələri barədə danışdı. Amma əslində bu, Rusiyanın maraqlarına uyğun deyil. Çünki qazı Rusiyadan yan keçməklə Avropaya çatdıracayıq. Və yaxud da Ukrayna dəmir yolları xəttinin birləşdirilməsi, Ukraynadan çıxan qatarı Rusiyadan yan keçməklə Azərbaycandan Mərkəzi Asiyaya daşıyacayıq. Bu da Azərbaycanın maraqlarından irəli gəlir”.

Politoloq onu da əlavə edib ki, Qarabağ münaqişəsinin Rusiyanın xeyrinə həll olunmasına Azərbaycan tərəfi heç vaxt razılaşmayacaq: "Rusiya rəsmilərinin Azərbaycana gəlməsi o demək deyil ki, "Qarabağ” münaqişəsini həllində hansısa müsbət dəyişikliklər olacaq. Azərbaycanın Rusiyadan böyük gözləntiləri ola bilər. Ancaq təəssüflər olsun ki, bu gözləntilər həyata keçmir. Rusiya hələ də Ermənistan hakmiyyətinə təsir edib, qoşunların "Qarabağ”dan çıxarılmasında maraqlı deyil. Rusiya öz xeyrinə ancaq bu şəkildə "Qarabağ” münaqişəsinin həll edə bilər ki, ruslar Azərbaycanla razılaşıb öz qoşunlarını "Qarabağ”da saxlaya bilərlər. Bu da heç bir halda bizim maraqlara sərf etməz. Çünki Rusiya qoşunları orda yerləşdirərsə, bir daha çıxarmayacaqlar. Həmişə də Rusiya ordusunun bazası orda de-konstruktiv funksiya daşıyacaq.  Sözsüz ki, Azərbaycan hakimiyyəti bununla razılaşmaz. Razılaşsaydı belə Qəbələdəki rus hərbi bazanın varlığına dözərdi. Ancaq Azərbaycan tərəfi  müqavilə imzalayaraq, Rusiyanın bazasını ordan çıxarmasını xahiş etdi. Düşünmürəm ki, bundan sonra Azərbaycan hakimiyyəti Rusiyanın Qarabağ problemini bu cür həll etməsinə razılıq versin”.

"Rusiyanın Avropaya qazdan başqa çıxarası məhsulu yoxdur”  - Ərəstun Oruclu


Siyasi şərhçi Ərəstun Oruclu son vaxtlar Rusiya rəsmilərinin Azərbaycanla sıx əlaqə qurmalarını yaxınlaşma ilə heç bir əlaqəsi olmadığını deyib: "Azərbaycanda Cənub Qaz Dəhlizi ilə bağlı tədbir olanda TAP və TANAP layihələri barədə irəliləyişlərin olmasından danışıldı. Bu da Rusiyanın maraqlarına heç uyğun gəlmir. Çünki yaxın 20 il ərzində Rusiya özünü Avropa bazarında monopolist olaraq görür. Rusiyanın Avropaya qazdan başqa çıxarası məhsulu yoxdur. Düşünürəm ki, Rusiya rəsmilərinin gəlib-getmələri Azərbaycanın enerli ehtiyatları siyasəti ilə əlaqədardır”. 

Politoloq Roqozinin Bakıya gəlməsini belə şərh edib: "Roqozinin Bakıya gəlməsini "Kommersant” qəzəti belə əlaqələndirdi ki, maliyyə çatışmamazlığı var. Ancaq belə olmadığını düşünürəm. Çünki Kremlin siyasi dairələrində Roqozindən önəmli Qriqori Karasindir. Baxmayaraq ki, Roqozin baş nazirin birinci müavinidir, ancaq konkret olaraq o, hərbi sahəni kurasiya edir. Karasin isə Rusiya xarici siyasətində əsas fiqurlardan biridir və birbaşa prezidenti təmsil edir. Bunu ancaq Azərbaycana qarşı təzyiq kimi qiymətləndirmək olar. Çünki Rusiya Xəzərdə gəmilərlə hərbi təlimlərə başlayır. Bütün bunlar həmin o qaz planlarına bir mesaj verməkdir”. 

Siyasi şərhçi sonda Qarabağ probleminin həll edilməsinin Rusiya maraqlarına xidmət etmədiyini xatırladıb: "Qarabağ probleminin həll edilməsi heç bir halda Rusiyanın maraqlarına xidmət etmir. Çünki bu problemin həll edilməsi Cənubi Qafqazda çox mühüm bir vasitəsinin əldən verilməsi ilə nəticələnəcək. Bununla da Rusiyanın bu ölkələrə təsir imkanları məhdudlaşır. Regiondakı duruma fikir versək, görərik ki, Rusiya ətrafdakı ölkələrə cavabı ancaq hərbi yolla verir. Misal üçün, rus hərbi ekspertləri mətbuatda mesajlar verirlər ki,  Pskov desant diviziyasına  Riqanı götürməsi cəmi 7 dəqiqə vaxt aparar”. 


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM