Rövnəq Abdullayev: "Vaxt keçdikcə, TANAP-ın əhəmiyyəti daha da artacaq"

18:21 | 12.05.2015
Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: "Vaxt keçdikcə, TANAP-ın əhəmiyyəti daha da artacaq"

"Beynəlxalq enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini uğurla həyata keçirir".
 
"Report" xəbər verir ki, bunu B20-nin Bakıda keçirilən forumunda çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev həyata keçirilən regional layihələr haqqında da danışıb: "Cənubi Qafqaz boru kəməri Gürcüstan-Türkiyə sərhəddində TANAP-la (TransAnadolu boru kəməri) birləşəcək. TANAP-ın uzunluğu 1 830 km, ötürücülük qabiliyyəti ilk dövrdə illik 16 mlrd. kubmetr təşkil edəcək. Sonradan bu həcmin iki dəfəyədək artırılması imkanları da nəzərə alınıb. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə qısa müddətdə gerçəkləşməyə başlamış TANAP-ın operatorluğunu SOCAR həyata keçirir və bu, bizim üçün böyük bir qürur mənbəyidir. Birinci mərhələdə TANAP-la Türkiyəyə ildə 6 mlrd., Avropa ölkələrinə isə 10 mlrd. kubmetr qaz tədarük ediləcək. Lakin biz kəmərin çəkilişində fəaliyyətimizi gələcəyə hesablayırıq. Düşünürük ki, vaxt keçdikcə, TANAP-ın əhəmiyyəti daha da artacaq".

SOCAR rəhbəri qeyd edib ki, Cənub Qaz Dəhlizinin dördüncü seqmenti Türkiyənin Yunanıstanla sərhədində TANAP-a bağlanacaq TAP kəməri (TransAdriatik boru kəməri) olacaq. Uzunluğu 871 km təşkil edəcək bu kəmər Yunanıstan və Albaniya üzərindən keçərək Azərbaycan qazını Adriatik dənizinin dibi ilə İtaliyaya, oradan da Qərbi Avropaya nəql edəcək. İlk qazın Türkiyəyə 2018-ci, Avropaya isə 2020-ci ildə çatdırılması nəzərdə tutulur.

"Bu gün beynəlxalq birlik Cənub Qaz Dəhlizinə böyük maraq göstərir. Əminik ki, Azərbaycanın indiyə qədər həyata keçirdiyi bütün infrastruktur layihələri kimi Cənub Qaz Dəhlizi də bu layihəyə maraq göstərən ölkələrin iqtisadi inkişafına böyük töhfə verəcək", - deyə R.Abdullayev bildirib.

"SOCAR-ın Türkiyədə həyata keçirdiyi biznes fəaliyyətinin böyük bir hissəsi qardaş ölkənin neft-kimya nəhəngi olan "Petkim”in inkişafı ilə bağlıdır. Biz Petkim yarımadasında neft emalı-neft kimyası-enerji-logistika inteqrasiyası çərçivəsində həyata keçirdiyimiz iri maliyyə tutumlu "Value-site” layihəsi nəticəsində 2023-cü ildə "Petkim”in Türkiyə bazarındakı payını 40%-ə çatdırmaq niyyətindəyik. Təməli 2011-ci ildə iki qardaş dövlətin başçıları tərəfindən qoyulmuş "Star" neft emalı zavodunun inşası uğurla davam edir. İldə 10 mln. ton neft emal edəcək bu zavodun tikilməsi ilə Türkiyənin idxal kəsiri azalacaq, "Petkim”in xammala ehtiyacının ödənilməsində dönüş yaranacaq. Petkim yarımadasındakı yük limanının genişləndirilməsi daha bir iri layihəmizdir. Mərhələlərlə 2015-2016-cı illərdə tamamlanmasını nəzərdə tutduğumuz bu liman Egey bölgəsində ən böyük konteyner limanı olacaq. Eyni zamanda, "Petkim”in enerji ehtiyaclarını təmin etmək məqsədi ilə yarımadada elektrik stansiyasının tikilməsini də nəzərdə tuturuq. 2008-2014-cü illər ərzində SOCAR tərəfindən "Petkim”ə 2,2 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulub. Qarşıdakı 7-8 il müddətində isə 10 mlrd. dollarlıq vəsait qoyuluşu planlaşdırırıq. Qardaş Türkiyədə həyata keçirdiyimiz çoxmilyardlı investisya layihələrinə Türkiyə dövlətinin böyük önəm verməklə ciddi dəstəyini xüsusi olaraq qeyd etmək istəyirəm", - deyə Şirkət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Xəzər və Qara dəniz regionlarının iqtisadi əlaqələndirilməsi çox ciddi potensiala malikdir: "Biz SOCAR olaraq bu fəaliyyətlərə öz töhfəmizi verməliyik. Hazırda Xəzər dənizi tərəfdaşlarımızla birlikdə regionun enerji imkanlarının istehlakçılara çatdırılması məqsədi güdən digər layihələr, o cümlədən AGRI layihəsi üzərində də çalışmalarımızı davam etdiririk".

SOCAR-ın Qara dəniz bölgəsində Azərbaycanın əsas tərəfdaşı olan Gürcüstandakı layihələr haqqında danışan R.Abdullayev bildirib ki, bu gün Dövlət Neft Şirkəti Gürcüstanın qaz təchizatının təxminən 90%-ni təmin edir: "Ölkənin onlarla qazpaylayıcı şəbəkəsi idarəçiliyimizdədir. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25%-nə biz nəzarət edirik. Ölkənin ərazisində SOCAR brendi ilə çalışan 114 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Qara dənizdə "Black Sea” terminalı 2008-ci ildən istismara buraxılıb və ildə 10 mln. ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi imkanına malikdir. Terminal hazırda Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır. Onu da əlavə edim ki, SOCAR öz investisiya coğrafiyasını inamla genişləndirir. Biz Türkiyə və Gürcüstandan başqa İsveçrə, Rumıniya, Ukraynada da aktivlərə malikik və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM