Mayın 30-da Odessanın qubernatoru təyin olunmaqla Ukrayna vətəndaşlığı alan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gürcü pasportundan imtina etməyəcəyini bəyan edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o deyib ki, digər ölkənin vətəndaşlığından çıxmaq üçün Ukrayna qanunvericiliyində iki illik keçid dövrü nəzərdə tutulub: "Ukrayna sərhədləri daxilində Ukrayna vətəndaşı olub digər ölkənin vətəndaşlığından çıxmaya bilərsən”.
Saakaşvili xatırladıb ki, onu vətəndaşlıqdan Gürcüstanın indiki prezidenti məhrum edə bilər: "Mən bu haqda müraciət etməyəcəyəm. Əgər prezident bu qərarı özü qəbul edib məni vətəndaşlıqdan məhrum edəcəksə, bu vətəndaşlığı gürcü xalqı özü bərpa edəcək”.
Bununla belə, eks-prezident deyib ki, öz niyyətlərini reallaşdırmaq üçün Gürcüstana qayıtmaq fikrində deyil.
Mayın 30-da Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvilini Odessa vilayətinin rəhbəri təyin etməklə, ona Ukrayna vətəndaşlığı da verib.
Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani bəyan edib ki, Saakaşviliyə Ukrayna vətəndaşlığı verilməsindən sonra onun ölkəyə ekstradasiyası mümkün olmayacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !