Sabiq MTN polkovniki jurnalisti təhqir etdi - Video
Cəmiyyət
Siyasət
14:05 | 26.06.2022
Sabiq MTN polkovniki jurnalisti təhqir etdi - Video
PAYLAŞ
Mətbuatda şərti olaraq "MTN işi" adlandırılan məhkəmə prosesindən sonra təqsirləndirilən şəxslərdən Sahib Ələkbərov jurnalisti təhqir edib.
Bu barədə Musavat.com məlumat yayıb. Bildirilib ki, mətbuat orqanının əməkdaşı Elşən Məmmədəliyev Sahib Ələkbərova yaxınlaşaraq suallar ünvanlamağa çalışıb. Sahib Ələkbərov isə jurnalisti təhqir edib və Bakı Hərbi Məhkəməsinin inzibati binasına daxil olaraq kameradan yayınıb. Bundan sonra məhkəmə sədri Həbib Həsənov binadan çıxaraq jurnalistlərdən məhkəmə binası önünüdən uzaqlaşmalarını tələb edib. Həbib Həsənov açıq məhkəmə prosesinin qapalı keçirilməsinə münasibət bildirməkdən yayınıb.
Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini polkovnik Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərdə ittiham olunurlar.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.