Şadlıq sarayları və restoranlar da qiymətləri qaldırmağa hazırlaşır

15:51 | 23.02.2015
Şadlıq sarayları və restoranlar da qiymətləri qaldırmağa hazırlaşır

Şadlıq sarayları və restoranlar da qiymətləri qaldırmağa hazırlaşır

Dolların məzənnəsinin manata nisbətən bahalaşması ölkə iqtisadiyyatına ciddi təsir etməkdədir.

Ərzaq və qeyri-ərzaq  mallarının qiymətində bahalaşma müşahidə olunur. Hətta dünəndən etibarən bəzi supermarketlər, mağazalar qapılarını alıcıların üzünə bağlayıb. Səbəb isə bütün malların qiymətlərinin yeni qiymətlərlə əvəz olunmasıdır. 

Nəzərə alsaq ki, məhərrəmlik ayı deyil, deməli restoranların, şadlıq evlərində də qiymətlər stabil qala bilməz. Ona görə də Azərbaycanın toy bazarına "baş vurmaq” istədik. Övladına toy edən valideynlər 1 ay, 3 ay bundan öncə toy gününün "beh”ini verib. İndi övladına toy etməli olan ailələri bir sual düşündürür:

Dolların bahalaşması, manatın isə ucuzlaşması, üstəlik ərzağın qiymətinin qalxması toy restoranlardan yan keçəcəkmi?  

Modern. az saytının əməkdaşı bir neçə tanınmış şadlıq sarayına müraciət edərək, qiymətlərdə hansısa dəyişikliyin olub-olmadığını soruşub. Belə məlum olub ki, restoranlar da vəziyyəti dəyişməyə hazırlaşırlar.

"Sərin” şadlıq sarayından başlayaq. Restorandan əldə etdiyimiz məlumata görə hələ ki, qiymət artımı özünü göstərmir. "Bahalaşma davam edərsə, biz də restoran menyülərinin qiymətində dəyişiklik edə bilərik. Hələlik bu barədə göstəriş verilməyib. Menyülər bahalaşarsa, kimsə toyun tarixini ləğv edə bilər. Yəni hər şey ola bilər”.

"Ağ çiçəyim” şadlıq sarayından əldə etdiyimiz məlumata görə, dolların məzənnəsinin manata nisbətən yüksək olması restorana təsir edəcək. "Bizdə qiymət artımının olması istisna edilmir. Əgər ərzaqlar bahalaşarsa, restoran qiyməti qaldıracaq. Tutaq ki, ətin qiyməti 12 manat olarsa, biz də dəyişikliyə məhkumuq. Bu, bizdən asılı deyil”.

"Aura” şadlıq sarayında hələ ki qiymətlər sabitdir. "Qiymət artımı bizim restoranda müşahidə olunmur.  Hələ ki biz bu barədə təlimatlanmamışıq. Əgər restoran sahibi qiymət artımı ilə bağlı nəsə desə, biz də toy sahiblərini yığıb qiymətlərin ikiqat-üçqat artımı  barədə məlumat verəcəyik. Təbii ki, qiymətlərin kəskin bahalaşması baş verərsə, bizim restorana da təsiri olacaq”. 

"Meridian” şadlıq sarayında isə dəqiq heç nə bilinmir. "Biz heç nə bilmirik. Ona görə də nə olacağını deyə bilmərik”.

"Ay işığı” şadlıq sarayından yalnız bir kəlmə deməklə kifayətləndilər. "Toy sahibi bizimlə əlaqə saxlasın. Toyun tarixini desin. Yoxsa, biz bu formada nəsə deyə bilmərik”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM