Aşağı sinif şagirdlərinin bir məktəbdəndigərinə keçirilməsi üçün imtahana cəlb edilməsi düzgün deyil və bunu uşaqların artıq yüklənməsindən başqa bir şey adlandırmaq olmaz. Bunu oğlu ikinci sinifdə oxuyan Nərmin Heydərova öz sosial şəbəkə hesabında yazıb.
"Övladım 2-ci sinifdə oxuyur. Uşaq ev tapşırıqları ilə o qədər yüklənir ki, məktəbdən qayıdan kimi dincəlmədən tapşırıqları hazırlamağa başlayır və axşam saat 9-a, bəzən 10-a kimi ancaq yekunlaşdırır, digər şeylərə vaxtı qalmır. Uşaq dərs də oxumalı, ev tapşırıqları da etməli, dincəlməlidir də. Ancaq bu gün uşaqların dincəlmək üçün nə vaxtı, nə də imkanı yoxdur. Dərs proqramının ağırlığı, hətta yay ayları üçün ev tapşırıqlarının çoxluğu ucbatından uşaq öz uşaqlıq dövrünü yaşamağa vaxt tapa bilmir. İzahı verilməyən tapşırıqları müəllim sinifdə şagirdə başa salmır, həll elətdirmir, üstəlik də ev tapşırığı verir. Mən övladımın məktəbini dəyişmək istəyirdim, bunun üçün imtahandan keçməsi və lazım olan nəticəni göstərmək tələb olunurdu. İmtahandan keçə bilmədiyinə görə, onun məktəbini dəyişə bilmədik. Birinci sinif şagirdini imtahana salıb, yüksək səviyyədə nəticə tələb etmək məncə düzgün deyil. Hesab edirəm ki, uşaqları bu qədər yükləmək olmaz", - valideyn deyib.
Millət vəkili Ceyhun Məmmədov orta məktəb şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi üçün müxtəlif imtahanların keçirilməsini qaydasını vacib hesab edir.
"Uşaqların orta məktəbə qəbulu və sinifdən sinifə keçməsi üçün müəyyən qaydalar tələb olunur. Bu normaların olması çox önəmlidir, çünki, sistem olmadıqda burada hansısa bir ədalətli bögüdən və yanaşmadan söhbət gedə bilməz. Ona görə belə bir sistemin olması önəmlidir. Ancaq bu sistem ümumilikdə həddindən artıq şagirdlərin gərginləşdirilməsinə də səbəb olmamalıdır. Əsas hədəf və məqsəd prosesin ağırlaşdırılması yox, şəffaflığın təmini olunması və sistemin düzgün işləməsi olmalıdır. Belə olduğu təqdirdə hər şey öz qaydasında gedəcək, əks halda isə müəyyən problemlər ortaya çıxacaq. Sistemin işləməsi baxımından bu çox önəmlidir. Amma bu şərtlət həddindən artıq yükləmə olmaması şərti ilə həyata keçirilməlidir", - deputat bildirib.
Təhsil eksperti İlqar Orucov deyir ki, bu qiymətləndirməni aparmaqda məqsəd şagirdləri sıxmaq və onları həddindən artıq yükləmək deyil, əksinə tədrisin növbəti mərhələlərində şagirdin nəzərdə tutulmuş minimum bilikləri əldə etməsinə yönəlmiş addımdır.
"Əlbəttə ki, şagird sinifdən sinifə keçirsə, o oxuduğu sinifdə təbii ki, onun qiymətləndirilməsi aparılmalıdır. Bu təkcə Azərbaycanda belə deyil, bir çox xarici ölkələrin təhsil sistemində bu qaydadan istifadə olunur. Burda söhbət şagirdin yüklənməsindən getmir. Sadəcə şagirdin oxuduğu sinifdə onun proqram məzmununu hansı səviyyədə mənimsədiyinin öyrənilməsindən gedir. Bu da şagirdin biliyinin ölçülməsinə xidmət edir. Bir şagird ikinci sinifi oxuyub bitirdikdən sonra, keçdiyi mövzulara uyğun test tağşırıqlarını həll edə bilmirsə, o, necə üçüncü sinifdə oxuya bilər? Demək ki, o, keçdiyi mövzuları mənimsəməyib. Şagird əgər sinifdə keçdiyi tədris mövzularını mənimsəmirsə, burada əlbəttə ki, məktəbin və fənni tədris edən müəllimin, eyni zamanda valideynlərin də günahı var. Müxtəlif ölkələrdə tədrisin forması fərqli şəkildədir. Elə ölkələr var ki, orada şagirdlər bütün günü məktəbdə olur, onun istirahəti də, asudə vaxtı da, sosiallaşması da bütövlükdə onun bütün təlim və tərbiyə prosesi məktəbdə həyata keçirilir. Belə olduqda da şagirdin evə gedərkən hər-hansı çalışmalar yerinə yetyirməsinə ehtiyac qalmır. Amma reallıq bizdə belədir ki, bizim kimi təhsilin tədris olunduğu ölkələrdə şagird günün yalnız müəyyən hissəsini sinifdə keçirir və əlbəttə ki, bütün şagirdlərin maksimal səviyyədə o bilikləri əldə etmək imkanı olmur. Burada şagirdin fərdi inkişafından irəli gələn məsələlər var. Düşünürəm ki, bu qiymətləndirməni aparmaqda məqsəd şagirdləri sıxmaq və onları həddindən artıq yükləmək deyil, əksinə tədrisin növbəti mərhələlərində şagirdin nəzərdə tutulmuş minimum bilikləri əldə etməsinə yönəlmiş addımdır”, - ekspert deyib.
Psixoloq Elmir Əkbərli isə bu imtahanların uşaqların psixologiyasına ciddi zərər vurduğunu və qeyri-düzgün nəticələrə gətirib çıxardığını düşünür.
"Çox bərbad bir vəziyyətdir. İbtidai sinif şagirdlərini çox yükləyirlər. Əgər bu uşaq hansısa imtahan verib məktəbə girəcəksə, onda bu məktəbə nəyə görə gedir maraqlıdır. Kimin ixtiyarı var ki, Azərbaycan qanunlarını pozub, onun vətəndaşı olan bir uşağı məktəbdə təhsil almaq hüququndan məhrum etsin. Azərbaycan qanunlarına görə, hər bir şəxs pulsuz şəkildə orta məktəb təhsili ilə təmin olunmalıdır. Dünyanın ən inkişaf etmiş ölkələrində heç bir ibtidai siniflərdə heç bir imtahan yoxdur. Çünki, bu, uşaqların psixologiyasına ciddi zərər vurur və qeyri-düzgün nəticələrə gətirib çıxarır. İbtidai sinifdə imtahanların olması uşaqlar üçün əlavə stressdir.Uşaqlar imtahanı bəlli bir yaşdan sonra verə bilərlər. Ona qədər isə bütün bu summativlər və digər imtahanlar sadəcə süni maneə və uşaqların psixoloji inkişafında travma yaradacaq səbəblərdən biridir”, - psixoloq deyib.
Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.
Azərbaycan vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur: "Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilən müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir.
Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.
Eltac Nurullazadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !