Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.
İclas iştirakçıları Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə onun əziz xatirəsini ehtiramla yad ediblər. Qərargah rəhbəri açılış nitqində bildirib ki, Heydər Əliyev Xankəndi şəhərinin inkişafına xüsusi diqqət yetirib. Qeyd edilib ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina da məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa edilib.
Qərargahın rəhbəri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını və ərazi bütövlüyünün və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Qərargahın rəhbəri bildirib ki, dövlət başçısının rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluğun və məskunlaşmanın təmin edilməsi, iqtisadi aktivliyin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı sahəsində, yaşayış məntəqələrinin yenidən qurulması və bərpası üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, həmin ərazilərdə sosial infrastrukturun, o cümlədən səhiyyə və təhsil müəssisələrinin tikintisi və işinin təşkilinə dair məlumatlar təqdim edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin fəaliyyəti çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə Prezidentin xüsusi nümayəndəsi çıxış edib.
Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !