Bakının beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinə sayıl günlər qalır. Bu məqsədlə artıq paytaxt yollarında da hazırlıq işlərinə başlanılıb.
Musavat.com xəbər verir ki, bir neçə istiqamətdə magistral yollara sarı zolaqlar çəkilib.
Bu zolaqlar məhz idman yarışlarının keçiriləcəyi ərəfədə yarış iştirakçılarını daşıyan avtomobillərin hərəkəti üçün nəzərdə tutulsa da, məlumatsız olan bəzi sürücülərdə narahatlıq yaradıb. Bəziləri bu yollarda hərəkət etməyə ehtiyat edirlər.
Sosial şəbəkələrdə ən çox səslənən suallardan biri də hansı tarixdən etibarən sarı zolaqda hərəkət etməyin qadağan olunmasıdır.
Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində sarı zolaqla hərəkət edən sürücülər 40 manat məbləğində cərimə olunurdu.
Hazırda sarı zolaqda hərəkətin qadağan olunub-olunmaması ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlanılıb.
V.Əsədov bildirib ki, hazırda sürücülər üçün narahatlığa heç bir əsas yoxdur. Yarışların başlanılması ilə bağlı elan verildiyi gündən həmin zolaqlara daxil olan sürücülərlə bağlı inzibati protokollar tərtib ediləcək: "Hazırda isə heç bir cərimə tətbiq olunmur. Yarışlar başlayana qədər sarı zolaqla hərəkət etmək sərbəstdir”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !