“Sədərək”də polisləri öldürməyə cəhd edən şəxs həbs edildi

12:48 | 18.11.2015
“Sədərək”də polisləri öldürməyə cəhd edən şəxs həbs edildi

“Sədərək”də polisləri öldürməyə cəhd edən şəxs həbs edildi

Noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirdikdə, o üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.
 
ANN.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkmişlər aldıqları xəsarətlərlə bağlı DİN-in Hospitalına yerləşdiriliblər.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülmüş və digər zəruri istintaq tədbirləri həyata keçirilib.

İ.Bəkirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM