Səfir: "Azərbaycan səfirliyinin təhlükəsizliyi gücləndirilib"

12:52 | 26.01.2015
Səfir:

Səfir: "Azərbaycan səfirliyinin təhlükəsizliyi gücləndirilib"

 "Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi bir neçə aydır ki, gücləndirilib".

Bunu "Report"a açıqlamasında Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev bildirib.

Onun sözlərinə görə, diplomatik missiyanın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq qurumlar tərəfindən əlavə qüvvə verilib. Səfir onu da qeyd edib ki, əvvəlki illərlə müqayisədə Misirdə təhlükəsizlik, sabitliyin təmin olunması sahəsində çoxlu işlər görülüb.

Ş.Abdullayev həmçinin bildirib ki, səfirlik Misirdə yaşayan Azərbaycan vətəndaşları ilə də mütəmadi əlaqə saxlayır: "Misirdə müəyyən sayda Azərbaycan vətəndaşı var. Onların sayını dəqiq demək olmaz, çünki konsulluq qeydiyyatında bir rəqəm var, qeydiyyatda olmayanlar da var ki, səfirliyə gəlmir, sadəcə bir neçə günlük gəlib-gedir. Universitetlərdə də bir neçə Azərbaycan vətəndaşı var. Müəyyən yerlərdə toqquşmalar baş verir, biz də əvvəlcədən onları xəbərdar edirik ki, həmin ərazilərə getməsinlər".
Səfir əlavə edib ki, diplomatik missiyanın əməkdaşları adi qaydada öz fəaliyyətini davam etdirirlər.

Qeyd edək ki, Misirdə inqilabın 4-cü ildönümü ilə əlaqədar etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı ölənlərin sayı 21 nəfərə çatıb. Ölənlərdən biri polis, üçü əsgərdir. 82 nəfər isə yaralanıb.

Ölkənin Qahirə ilə yanaşı, Giza, Şakriyə, Garbiyə, Dimyat, Bahira, Kalyubiye, Minya, Feyyum, bəni-Süveyş və Süveyş şəhərlərində etiraz aksiyaları keçirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM