Şəhid pilotun xanımı: “Kaş ki, övladım olsaydı…” FOTOLAR

13:15 | 28.11.2017
Şəhid pilotun xanımı: “Kaş ki, övladım olsaydı…” – FOTOLAR

Şəhid pilotun xanımı: “Kaş ki, övladım olsaydı…” FOTOLAR

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur…

Budəfəki müsahibimiz Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı, "Aprel döyüşləri” zamanı ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin şəhid pilotu Əbubəkr İsmayılovun həyat yoldaşı Şəbnəm İsmayılovadır.

Qısa arayış: Əbubəkr İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmirdə anadan olub. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. 2016-cı ildə "Aprel döyüşləri” zamanı Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin ekipaj üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Şəbnəm xanım Əbubəkrlə münasibətlərinin uzun illər əvvələ gedib çıxdığını deyir.

8 illik sevgi dastanı

"Əbubəkrlə ailə münasibətlərimiz sevgi üzərində qurulmuşdu. Baxmayaraq ki, doğma bibim oğlu idi, amma bu sevgi qohumluğa görə yaranmamışdı. 8 il aramızda sevgi olub. Həmin vaxtlar mən tələbə idim, Əbubəkr isə Naxçıvanski adına Hərbi Liseyin axırıncı kursunda oxuyurdu. Hələ Ali Hərbi Məktəbə daxil olmamışdı. Bu mövzuda danışmaq mənə çox çətindir. Sevdiyim insanı ən xoşbəxt məqamda itirdim. O mənim hər şeyim idi. Bəkrdən sonra anladım ki, insan gündə yüz dəfə ölüb dirilə bilirmiş.
Bizim qohumluq anlamında heç vaxt sevgi münasibətləri olmayıb. Nədənsə Əbubəkrə olan münasibətdə belə hal yox idi. Onu görəndə həmişə qəribə hiss olurdu içimdə. Əbubəkri görəndə həmişə utanırdım. Sonradan anladım ki, bu utanc hissi boşuna deyilmiş. Ona qarşı sevgi hisslərim lap əvvəldən baş qaldırmışdı. Bizim sevgi etirafımız da qəribə başlamışdı. Efirlərin birində "Yuxu” filmi gedirdi. Bu vaxt Əbubəkrdən SMS gəldi. Əhvalımı soruşub nə etdiyimi xəbər aldı. "Yuxu” filminə baxdığımı söylədim. "Təsadüfə bax. Mən də o filmə baxıram”-dedi. Nəsə film ətrafında bir az danışandan sonra mənə bir məsələ ilə bağlı etiraf etmək istədiyini dilə gətirdi. Bu anda heç bir cavab yaza bilmədim. Cavab yazmamağıma rəğmən "səni sevirəm” etirafını etdi. Həm çaşıb qaldım, həm də sanki bu etirafı gözləyirdim. Ona görə də Əbubəkrin sevgisinə razı olmaya bilməzdim. Bu da sırf onun özünə olan hörmətdən, sevgidən ibarət idi”.

Xoşbəxt cütlüyün yarımçıq qalan ümidləri

Şəbnəm xanım Yarımçıq sevgidən sızıldaya-sızıldaya danışır.

"2014-cü ilin avqustunda nişanımız oldu. Düz 1 il nişanlı qaldıq. 2015-ci il avqustunun 16-da toyumuz oldu və ən xoşbəxt günlərimiz o vaxtdan başladı. Amma o xoşbəxtliyi itirmək qorxusu da vardı. Bu, Əbubəkri itirmək qorxusu kimi bir qorxu deyildi. Axı insan bu dərəcədə xoşbəxt ola bilərdimi?! Bir insanı bu dərəcədə sevmək olardımı?! Elə bilirdim ki, həyatda məndən xoşbəxti yoxdur. Həyat çox amansız olur, həm də lap çox amansız. Birini itirəndə onun qoxusunu alacaq bir övladı bəzən həyat çox görür. Mənim ana olmaq şansım var idi idi, amma alınmadı. Əslində, mən bunu çox gec bildim. Əbubəkrin 3 mərasimi idi. Mən artıq onsuzluğa görə boğulurdum. Həm də içimdə bir narahatlıq vardı. Heç demə, ana olacaqdım. Amma alınmadı. Ana ola bilmədim. Bu da bir qismətmiş… Kaş ki, övladım olsaydı, Əbubəkrin qoxusunu ondan alardım. İndi Əbubəkrin qoxusunu onun xəyallarından alıram”.

"İntihara əl atmışam, amma..”

Bu boyda acılara Şəbnəm xanım güclə tab gətirdiyini deyir:

"Əbubəkrdən sonra özümə qapandım. Hətta telefon əlaqələrimi də sıfıra endirdim. Heç kəslə danışmadım. Ondan sonra kiminləsə danışmaq istəmirdim. Dəfələrlə intihara əl atdım. 3-4 dəfə belə hal yaşadım. Hətta bir dəfə Əbubəkrin cüməaxşamı idi. İntihar etmək istədim, amma Allah saxladı. Niyə saxladığını da bilmirəm. Yəqin belə məsləhət imiş. Əgər bilsəydim ki, Əbubəkrlə ailə həyatı qurarakən taleyimiz yarımçıq qalacaq, yenə də tərəddüdsüz onunla evlənərdim. Bir saat belə onunla evlənməyimə peşman olmamışam. Sadəcə indi peşmanlığım Əbubəkrsiz olmağımdır, Əbubəkrin həyatımda olmamasıdır. Ruhən mənimlə birgədir. Hər saniyəmdə belə, o var. O cür insanı sevib ailə qurmuşamsa, peşmanlıq kəlməsi məndən uzaqdır. Əbubəkrin hərbçi olmasına mən tərəfdən dəfələrlə etiraz olmuşdu. Bu işin çətinliyini daha yaxşı bilirdim. Onu başqa sahədə görmək istədiyimi deyirdim. Onun isə cavabı belə olurdu. "Başqa peşə üzrə təhsil almış olsaydım, yenə də hərbçi olacaqdım. Kişi hərbçi olmaqdan başqa peşə seçə bilərmi?!”. Heç vaxt "mən olmasam, get xoşbəxt ol” demədi. Çünki mən ancaq onunla xoşbəxt ola bilərdim. Sadəcə, "Sən hərbçi qadınısan. Bu sahə çox çətindir. Bu gün həyatda olub sabah olmamağımız var” söyləyirdi”.

Əsl sevgilər yarıda qalırmış…

Şəbnəm xanım son günlər haqda çətin də olsa, danışır:

"2016-cı ilin martında Novruz bayramını rayonda keçirib, ayın 24-də şəhərə qayıtdıq. Həmin vaxt Əbubəkr məzuniyyət götürmüşdü. Aprelin 8-i işə çıxmalı idi, məzuniyyəti bitirdi. Amma martın 24-dən 31-nə kimi mənə elə sürprizlər etdi ki! Sanki bir daha mənim yanımda olmayacağını bilirdi, sanki ürəyinə nəsə danmışdı. Ayın 24-ü mənə dedi ki ola bilsin məni işə çağırdılar. Ayağı zədəli olduğundan işə çağrılmasına etiraz etdim. Amma o getməli olduğunu dedi. Bircə kəlmə onu dedi ki, deyəsən, vəziyyət yaxşı deyil. Sonradan bildim ki, o hər şeyi bilirdi.
Martın 30-da yenə onun getməməsi üçün yalvardım. "Yalvarma, israr etmə, getməliyəm” dedi. Nə isə martın 31-də səhər onu yola salmalı oldum. Amma bu yola salma bir qədər fərqli oldu. Darvazaya çatanda yenidən geri dönüb, məni elə qucaqladı ki, az qaldı nəfəsim kəsilsin. "Səni yol üstündə qucaqlamaq içimdən keçdi” söylədi. Qapıdan çıxanda yenə geri qayıtdı. Nəsə olduğunu soruşanda "səni dünyalar qədər çox istəyirəm, bunu unutma” dedi. Amma bu vaxta qədər "unutma” kəlməsini dilinə gətirməmişdi. Rayondan gələndə də "səni mənim kimi dünyalar qədər istəyən ikinci kimsə olmayacaq” dedi. Bəzən insanlar sevgi ilə hissləri qarışdırırlar. Amma Əbubəkri elə sevirdim ki, o sevgidə bütün doğmalarımı, əzizlərimi görürdüm. Əbubəkri hədsiz dərəcədə sevirdim, çox istəyirdim. Sevgim qarşılıqlı idi”.

"Məni təkliyə, onsuzluğa hazırlayırmış”

Şəhidimizin həyat yoldaşı Əbubəkrin yoxluğuna alışa bilmədiyini deyir:

"Axırıncı dəfə Əbubəkri yola salanda onlar Kürdəmirə, ordan da Füzuliyə uçublarmış. Halbuki, mən onu hərbi hissəyə yola salmışdım. Hər gün evdən çıxanda mesaj yazırdım. O da yazırdı. Yenə də həmişəki kimi işə çatanda yazdım ki "çatdım”. Amma cavab yazmadı. Onun gün ərzində mənə cavab yazmamasına təəccübləndim. Narahat etməmək üçün zəng də vurmadım. Evə daxil olanda şok oldum. Ev dağınıq vəziyyətdə idi. Döyüş çantasını yerində görmədim. Onun çanta götürüb getməsinə qorxdum. Zəng vurdum. Dedi danışa bilmirəm, ətraflı danışacam səninlə.
Martın 31-i axşamı evdə tək oldum. Sonra zəng edib təcili rayona getməli olduqlarını və heç bir problemin olmadığını bildirdi. Halbuki, cəbhədə vəziyyət gərgin idi. Biz isə heç nə bilmirdik. Axırıncı danışığımız aprelin 1-i və 2-si olub. O danışıq zamanı "qorxmursan?! Unutma da, bilirsən ki, hərbçi yoldaşısan” dedi, nə vaxt gələcəyini soruşanda "bilmirəm nə vaxt gələcəm, amma gedirik onları dağıtmağa” bildirdi. Əbubəkr telefonda elə sevinirdi ki!. Mənə də onun niyə bu qədər sevinməsi təəccüblü gəldi.

İnsana sonradan təsir edən çox məqamlar olur. Yaşadığımız yerə yaxın qohumlar da məskunlaşmışdı. Aprelin 1-də "qorxursansa, get qohumlarda qal. Düzünü bilsən, heç istəmirəm yaxınların evində gedib qalmağını. İstəyirəm ki, tək qalmağa öyrəşəsən” söylədi. Məni təkliyə, onsuzluğa hazırlayırmış. Bunu da sonradan anladım. Aprelin 2-si səhər saat 10-a qalmış sonuncu zəngimizdən sonra hazırlaşdım ki, gedim qohumumuzgilə. Çünki bazar günü Əbubəkr məni gəlib aparmalı idi. Amma evdən hazırlaşıb çıxanda içimdə qəribə hiss vardı. Evə, şəkillərimizə diqqətlə baxırdım. Sanki bu evə bir də gəlməyəcəyimi duymuşdum. Həmin gün Bəkrə nə qədər fasiləsiz zəng etsəm də, telefonu məşğul olmuşdu. Qohumumuzgilə çatanda tanımadığım nömrədən zəng gəldi. Sevindim. Düşündüm ki, öz telefonunda dalğa tutmayıb, başqa nömrədən zəng gəldi. Bir qadın cavab verdi. Dostunun anası idi. Dedi ki, qızım Bəkr zəng vurub Faiqə deyib, getsin anamgilə. Nə isə Bəkrin anasına zəng edib məsələni dedim. Onların da heç nədən xəbərləri yox idi. Beləcə, Kürdəmirə getməli olduq. Yolboyu Əbubəkrə durmadan zəng edirdim. Amma həyətə çatanda çoxlu adamın toplaşdığını gördüm. Əbubəkrin yaralandığını dedilər. İnanmadım. Əbubəkr şəhid ola bilməz. Düz aprelin 2-dən 10-na qədər ona zəng vurmuşdum. Əslində, mən və anasından başqa, onun şəhid olduğunu hamı bilirdi. Aprelin 10-da Əbubəkrin cənazəsini gətirəndə havalanmışdım. Deyirdim ki, adamların arxasında Bəkr gəlir. Bəkr məni tək qoyub gedə bilməz”.

"Allah mənə ölüm versin”

Şəbnəm xanım bir də müharibə görmək istəmədiyini söyləyir:

"Bəkr birinci dəfə döyüşüb, geri dönmüşdü. Böyük atəşfəşanlıq etmişdilər. Onların dəstəsi ikinci dəfə vurulmuşdu. O gündən hardasa hərbçi görəndə ölüb, yenidən dirilirəm. Sevdiyim insan da o yolu seçmişdi. Dərhal Əbubəkri həmin hərbçinin yerinə qoyuram. Ona məxsus nə varsa, hamısını saxlayıram. İnanıram ki, Əbubəkri nə vaxtsa görəcəm. Hər gün yuxuma gəlir. Kaş ki, bir də müharibə olmaya. Müharibə adı gələndə gözümün önünə dağılmış ailələr, atasız qalan uşaqlar, çilik-çilik olmuş arzular, dül gəlinlər gəlir. Mənim də sevdiyimlə hər şeyim getdi. Biri var itirəsən, biri də var çilik-çilik ola. İkincini düzəltmək qeyri-mümkündür.Mən o vəziyyətdəyəm. Hər bazar günü ikinci Fəxri Xiyabana gedirəm. Ürəyimdə o qədər deyilməmiş sözüm qalır ki! Bəzən deyirlər sevgi boş şeydi. Həyatda olmayan insanı necə sevmək olar?! Mənsə deyirəm: Həyatda olmayan insanı sevmək olar. Əbubəkrin tayı-bərabəri yoxdu mənim üçün. Əgər Əbubəkri əvəz edəcək insan haqqında düşünərəmsə, Allah mənə ölüm versin!”.(Modern.az)
 
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti