"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında son çıxışımızda konkret olaraq, təşkilatla münasibətlərimizə yenidən baxmalı olduğumuzu, vəziyyəti ciddi təhlil edəcəyimizi bildirdim. Çünki son vaxtlar Azərbaycanın AŞ PA-da olub-olmaması ilə bağlı sualın qoyulması üçün artıq kifayət qədər səbəblər var”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, Avropa Şurası qanunun aliliyinə, demokratik prinsiplərə, insan haqları məsələsinə həmişə ciddi münasibət bəsləyən təşkilat kimi özünü təqdim etsə də, son vaxtlar müşahidə olunan hadisələr bunun əksini deyir: "İnsan haqları məsələsi artıq bu təşkilatın siyasi təzyiq alətinə çevrilib. Biz bunu son sessiyada daha dəqiq müşahidə etdik. Bu təşkilat artıq əməkdaşlığa başlayan zaman prioritet elan etdiyi prinsipdən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Qanunun aliliyi baxımından ikili standartlar, hətta təşkilatın öz daxilində ziddiyyətlər yaranıb. Buna misal Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına heçə saymasıdır".
S. Seyidov xatırladıb ki, AŞ PA insan haqları, qanunun aliliyi və demokratik prinsiplər üzərində qurulub.
"İndi bu prinsipləri hamısına AŞPA-nın münasibətinin dəyişdiyini gördük. Avropa Şurası artıq bizə bəyanat verir ki, "geopolitik məsələlərə qarışmayın, siz ancaq insan haqları məsələsi ilə məşğul olun”. Ancaq özü geopolitik mübarizənin bir parçasına çevrildi” deyə, nümayəndə heyətinin rəhbəri qeyd edib.
S. Seyidov vurğulayıb ki, Azərbaycan insan haqları, qanunun aliliyi və demokratik prinsipləri Avropa standartlarına uyğun tətbiq etmək niyyətində olub: " Ancaq biz görəndə ki, Avropanın özündə gedən proseslər indi çox problemli, ölkələrin milli maraqlarına zidd olan addımlarla səciyyələnir, təbii ki, biz də düşünməyə başlayırıq".
Millət vəkili qeyd edib ki, AŞPA-nın son sessiyasında prosedur manipulyasiyaları edilərək, bir məsələ müxtəlif formada bir neçə dəfə səsverməyə çıxarılıb.
S. Seyidov hazırda AŞ PA-da olan son duruma da diqqət çəkib: "Belarus nə qədər cəhd göstərdi, dedilər insan haqları, demokratiya Avropa standartlarına uyğun gəlmir və onu bu quruma buraxmadılar. Rusiya sanksiyaya məruz qalıb çıxıb getdi. Azərbaycan işğal olunan torpaqlarına qeyri-qanuni gedənləri ölkəyə buraxmadığına görə sanksiyaya məruz qaldı. Gürcüstan da eyni bizim vəziyyətdədir. Ukrayna isə Avropa Şurasının bütün tövsiyələrini yerinə yetirib, buna görə isə Krım əldən getdi. Yunanıstan, ümumiyyətlə, Avropa İttifaqı və Avropa Şurası ilə vidalaşmaq istəyir. Macarıstanla da vəziyyət eynidir. Orda qalır Fransa, Almaniya və Böyük Britaniya? Deməli, söhbət heç də Avropaya inteqrasiya edən ölkələrdə demokratiyanın inkişafı, qanunun aliliyi və insan haqlarını təmin etməkdən yox, bu ölkələrə Almaniya, Fransa və Böyük Britaniya tərəfindən nəzarət etmək fəlsəfəsindən gedir. Sən demə, bizim bu təşkilatda fəaliyyətimiz ondan ibarət olmalı imiş ki, onlar nə deyirsə biz dərhal onu etməyə hazır olaq, onların dediklərini mütləq həqiqət kimi qəbul edək".
Seyidov deyir ki, Azərbaycanda qanunun aliliyi, insan haqları ilə bağlı ən çox danışanlardan biri Andreas Qrossdur: "Amma məhz bu şəxs Dağlıq Qarabağın və daha yeddi rayonun Ermənistan tərəfindən işğal olunması ilə bağlı cümlənin qətnamədən çıxarılmasının birbaşa təşəbbüskarıdır. Bu nə deməkdir? Onlar bizim bu suala necə cavab verə bilərlər?”
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !