Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində "5 Dekabr - Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş "Sən də könüllü ol!” adlı tədbir keçirildi. Tədbir İngilis dilinin üslubiyyatı kafedrasının baş müəllimi Aytən Allahverdiyevanın təşkilatçılığı və Pedaqoji (ingilis dili-alman dili) fakültənin Esseks 6 qrup tələbələrinin iştirakı ilə baş tutdu.
İngilis dilində keçirilən tədbirdə tələbə Nəzrin Zeynalova tədbirin məqsədinin tələbələrin maarifləndirilməsi və onların hər birinin könüllülük potensialına sahib olduğunu xatırlatmaq olduğunu diqqətə çatdırdı. Esseks 6 qrupunun tələbələri Nərmin Məmmədova "Beynəlxalq Könüllülər günü” haqqında danışaraq "Heç kim hər şey edə bilməz, amma hər bir kəs nə isə edə bilər” fikrini səsləndirdi, Bətulə Novruzlu isə bu günün tarixi və əhəmiyyəti barəsində təqdimatla çıxış etdi.
Həmçinin, digər tələbələr Məryəm Həmidova və Ayşən Əliyeva məhşur Tereza Ana, Sevinc Mehdizadə isə britaniyalı aktrisa Odri Hepbernin könüllülük fəaliyyətlərindən danışdılar. Daha sonra tələbələr Asəf Rüstəmli, Esmira Həsənova, Yeganə Nəzirli, Səidə Hüseyni, Aqilə Kərimova və Nərminə Əliyevanın iştirakı ilə "Könüllü bərbər” və "Cin və könüllü” adlı səhnəciklər nümayiş olundu. Tələbələrdən Nərgiz Allahyarova isə qəhrəman Azərbaycan qızı Salatın Əsgərovanın könüllülük fəaliyyəti haqqında təqdimatla çıxış etdi. Asəf Rüstəmli isə öz çıxışında "Zəka Gənclər Mərkəzi”, "Heydər Əliyev Mərkəzi”, "İrəli İctimai Birliyi”ndə və Litvada keçirilən mədəniyyət festivalında könüllü olaraq fəaliyyətindən danışdı, sertifikat və diplomlarla təltif olunduğunu qeyd etdi.
Sonra Esseks 6 qrup tələbələrinin ifasında məşhur "Earth song” mahnısı səsləndi.
İngilis dilinin üslubiyyatı kafedrasının baş müəllimi Aytən Allahverdiyeva tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirdi. Könüllü kimi fəaliyyət göstərən bir neçə ADU tələbəsi bu sahədə öz təəssüratlarını bölüşdülər.
Daha sonra İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Zeynalovanın təşəbbüsü, həmin kafedranın baş müəllimi Aytən Allahverdiyevanın təşkilatçılığı və Pedaqoji (ingilis dili-alman dili) fakültənin Esseks 6 qrupunun iştirakı ilə Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəbində olmaqlarını əks etdirən video-çarx nümayiş olundu.
Sonda tədbirdə iştirak edən ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Zeynalova belə nümunəvi tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə Aytən Allahverdiyeva başda olmaqla, tələbələrə təşəkkürünü bildirdi və uğurlar arzuladı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !