Azərbaycan prezidenti İlham Əliyev "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 265-1-ci maddə əlavə olunub:
1.1. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin belə nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması, yaxud ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !