Ukraynalı separatçılar Rusiyanın tərkibinə qatılmaq üçün Moskvaya müraciət etdi
Ukraynanın separatçı Donetsk regionu bazar ertəsi günü Rusiyanın tərkibinə daxil olmaqla, "tarixi ədaləti bərpa etmək üçün" Moskvaya müraciət edib. ANN.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bəyannamə Donetskdəki referendumdan bir gün sonra qəbul edilib. Seperatçılar Donetskin Ukraynadan ayrılması üçün keçirilən səsvermədə əhalinin 80 faizinin dəstək verdiyi elan edib. Ukraynanın və Qərbin qəzəbinə tuş gələn referendumu Kremlin təşkil etdiyi vurğulanır.
Özünü müstəqil elan edən "Donetsk Xalq Respublikasının" nümayəndəsi Denis Puşilin əsasən rusca danışılan Donetskdə keçirilən mətbuat konfransında bildirib: "Əhalinin böyük hissəsinin iradəsinə uyğun olaraq və tarixi ədaləti bərpa etmək üçün biz Donetskin Rusiya Federasiyasına ilhaq edilməsini istəyirik. Donetsk əhalisi hər zaman Rusiyanın bir parçası olub. Rusiyanın tarixi bizim tariximizdir".
Üsyançı qruplaşmalar ölkənin şərqindəki bir sıra şəhərləri nəzarət altında saxlayırlar, son həftədə döyüşlər daha da gərginləşib.
Rəsmi Kiyev və Qərb ölkələri Mart ayında keçirilən referendumdan sonra, Krımı ilhaq edən Rusiyanı xüsusi təyinatlıların köməyi ilə üsyançıları dəstəkləməkdə ittiham edir. Rəsmi Moskva isə bu ittihamı rədd edir.
Puşilin deyib ki, Ukrayna, Belarus və Rusiya Sovet ittifaqının özəyini təşkil edən üç dövlətdir, onları ümumi tarixi birlik birləşdirir. Bu birliyə ən böyük zərbə vuran isə Rusiya meylli prezident Viktor Yanukoviçi devirən Kiyevdəki "xunta"dır
Ukraynanın Slavinnks, Odessa və Mariupul şəhərlərində son günlərdə toqquşmalar daha da gərginləşib, hadisələr nəticəsində onlarla insan həyatını itirib.
ANN.Az