"Müsəlman dünyası böyük bir təhlükə ilə üz-üzə qalıb”.
Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda keçirilən "İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib.
QMİ sədri bildirib ki, artıq Azərbaycan əvvəlki məzlum dövlət deyil:
"Bu gün Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi qlobal və regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir. Bu, əlbəttə dövlət rəhbərimizin səyləri nəticəsində əldə etdiyimiz nailiyyətlərdir”.
Şeyxülislam deyib ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur:
"Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac var..
Bu gün "qloballaşma” məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər var. Dini müstəvidə yaşayan insanlar bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunlarının pozulması ilə əlaqələndirir və hesab edirlər ki, cəmiyyətlər Uca Yaradanın təyin etdiyi mənəvi dəyərlərdən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşırlar. Təəssüf ki, bəzi elm adamları problemin mahiyyətinə materialist mövqedən yanaşırlar, amma unutmaq olmaz ki, qlobal problemlərin yaranacağına dair ilahi xəbərdarlıq müqəddəs Kitabimiz Qur`ani-Kərimdə ehtiva edib:
"Biz sizin üçün Yer üzünü islah edib (sizin yaşayıb yaratmanız üçün) düzəltdikdən sonra, orada fəsad törətməyin (qan tökməyin, viran qoymayın) (Əraf,56)”.
Əfsuslar olsun ki, müasir dönəmdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb”.
Şeyx Xocalı faciəsindən və Qarabağın işğalından da danışıb:
"Biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik.
İki yüz ildən artıq dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya "məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər”
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !