"Leyla Şıxlinskaya” klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid Yeganə Şahnəzərova ifadə verib.
O, ifadəsində klinikada iki dəfə müalicə aldığını, pulu qohumlarının ödədiyini deyib.
Digər şahid Yelena Smirnova bildirib ki, klinikada növbətçi həkim işləyir:
"Ayda bir dəfə mühasibatlıqdan pulumuzu alırdıq. Növbətçi qaldığım hər gecə üçün 50 manat, bayram günləri 70 manat alırdım. Maaşım da növbətçi qaldığım günlərə görə hesablanırdı".
Klinikada 8 il baş həkimin müavini və sonra isə 2 il direktor vəzifəsində işləmiş Sevda Əlizadə isə ifadəsində deyib ki, direktor təyin ediləndə Leyla Şıxlinskaya maliyyə işlərinə qarışmamaqla bağlı onun qarşısına şərt qoyub:
"Mən yalnız əməliyyatlara nəzarət edirdim. Direktor təyin olunanda maaşı kartla almışam. Bütün işçilər də maaşın kartla verildiyini bilirdi, çünki klinikada bankomat quraşdırılmışdı. Maaşın bir hissəsini kartla, qalanını əlbəəl almışam. Dəqiq bilmirəm, amma yəqin vergiyə görə belə idi. Leyla Şıxlinskayanın da hər şeydən xəbəri var idi. Maliyyə işlərinə özü nəzarət edirdi".
Növbəti proses aprelin 6-da davam edəcək.
"Leyla Şıxlinskaya” klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, "Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.
"Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın vergidən 8 milyon manat yayındırdığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !