Siyavuş Novruzov: "O, Azərbaycan xalqından üzr istəməlidir"

19:39 | 15.09.2014
Siyavuş Novruzov: "O, Azərbaycan xalqından üzr istəməlidir"

Siyavuş Novruzov: "O, Azərbaycan xalqından üzr istəməlidir"

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycana səfərinə sərt münasibət bildirib.

O, Aktual.az-a açıqlmasında deyib ki, Jirinovski, nəinki, Azərbaycan, ümumiyyətlə, Qafqaz xalqları, türk soyları, Orta Asiya xalqları haqqında ağlına gələn-gəlməyən fikirlər söyləyib və bütün hallarda da çalışıb ki, bu xalqları aşağılasın, onları təhqir etsin:

"Bunun da səbəbi var - çünki o, SSRİ vaxtı Türkiyə səfirliyində işləyən zaman çalışdığı ölkədə bolşevizmi, sosializmi, kommunizmi təbliğ etməkdə günahkar bilinmişdi. Ona görə də, Türkiyə hökuməti onu "arzuolunmaz şəxs" siyahısına aid etmişdi. Hətta, Jirinovski bir müddət qardaş ölkədə həbsdə də qaldı. Bundan sonra isə onu Türkiyədən deportasiya elədilər. Bundan da qaynaqlanan nifrətin əsasında, o çalışıb ki, türk xalqları haqqında etikadan, insaniyyətdən kənar ifadələr işlətsin.

 Jirinovski, həmçinin, Dağıstan xalqlarını da təhqir edib. Hətta Dağıstanda onun ölümünə fitva da verilib. Çünki Jirinovski Dağıstan xalqlarını təhqir edərək demişdi ki, onları dəmir qəfəsdə saxlamaq lazımdır".

 

YAP rəsmisinin fikrincə, RLDP sədri ziddiyyətli açıqlmaları ilə Rusiya hökumətindəki müəyyən dairələrin sifarişini yerinə yetirir:

"Yəni bu adamın ömrü boyu ziddiyyətli fikirləri olub. Bu yaxınlarda Azərbacanla bağlı geniş şəkildə fikirlərini ifadə etdi. Yəqin ki, onun necə Azərbaycanı tərifləyib, ruslara nümunə göstərdiyinin şahidi olmusunuz. Hərdən onun təlxək olduğu haqqında fikirlər səsləndirilir. Amma bu, belə deyil. Jirinovski, sadəcə olaraq, ona ötürülən fikirləri ictimaiyyətə çatdırmaqla məşğul olan adamdır. 

Qaldı Jirinovskinin Azərbaycana gəlmək məsələsinə, istəyirsə, gəlsin. Təbii ki, hər bir vətəndaş Azərbaycana səfər edə bilər. Burada elə bir qəbahət yoxdur. Jirinovski isə  Azərbaycan xalqından, azərbaycanlılardan üzr istəyəndən sonra ölkəmizə gələ bilər".

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM