İdman Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti seçilib. Bununla da Azərbaycanın nümayəndəsi ilk dəfə Avropa gimnastikasına rəhbərlik edəcək heyətin tərkibinə daxil olub.
Gələn ildən başlayaraq sonrakı 4 il ərzində Fərid Qayıbov təkrar seçilmiş iki digər - isveçli və isveçrəli vitse-prezidentlərlə yanaşı idarə heyətinin müxtəlif iclaslarında, Avropa çempionatlarında iştirak edəcək.
Fərid Qayıbov gimnastikanın inkişafı sahəsində 10 illik fəal təcrübəyə malikdir. Onun həmçinin bədii gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların, habelə gimnastikanın müxtəlif növləri üzrə milli çempionatların idarə olunmasında və əlaqələndirilməsində böyük təcrübəsi var. Apardığı iş iki dəfə onun Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvü seçilməsinə səbəb olub.
AzərTAc