Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin üzərinə həkk olunan "soyqırım" sözü pozulub və "qətliam" yazılıb.
Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığı” toplantısında Türkiyə üzərinə hücum edən Serj Sarkisyana verdiyi cavabın müqabilində Türkiyə rəhbərliyinin ardıcıl Ermənistan istiqamətli addımları Azərbaycanda ciddi narahatlıq yaradıb.
Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr - Nurullah Cihan abidənin üzərindəki "soyqırım" sözünü bu yaxınlarda "qətliam" sözü ilə dəyişdirməyə qərar verib.
Türkiyə səfirliyi məsələyə “Türkiyə Xarici İşlər Nazirliyi açıqlama vermədən Azərbaycandakı Türkiyə səfirliyi bu barədə bir söz deyə bilməz” - formasında reaksiya verib.
ANN.Az mövzu ilə bağlı politoloq Elçin Xalidbəylinin fikirlərini öyrənib.
E.Xalidbəyli hesab edir ki, Türkiyə rəhbərliyinin son addımları çox məyusedicidir: “Türkiyədə Uşak vilayətində bələdiyyənin qərarı ilə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin adının Xocalı Qətliamı olaraq dəyişdirilməsi olduqca məyusedici addımdır. Belə anlaşılır ki, Türkiyədə kimlərsə ermənilərin xətrinə dəyməkdən çəkinməyə başlayıb. Xüsusilə də son günlər baş nazir Rəcəb Teyyub Ərdoğanın ermənilərdən üzrxahlıq məzmunu daşıyan bəyanatından sonra bu addımın təsadüfi atılmadığını düşünməyə ehtiyac yaranır. Üstəlik, həmin açıqlamaya işarə edən prezident Abdullah Gülün "Biz ermənilər qarşısındakı günahımızı və utancımızı dilə gətirdik" - deməsi rəsmi Ankaranın Azərbaycanla bağlı məsələlərə həssas yanaşmasını arxa plana keçirtməyə meyl etdiyini göstərir”.
E.Xalidbəyli Azərbaycan prezidentinin “Şərq Tərəfdaşlığı” toplantısında Sarkisyana sərgilədiyi təpkinin müqabilində Ərdoğanın davranışının başadüşülən olmadığını da bildirib: “Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyəyə qarşı ittihamlar irəli sürən Serj Sarkisyana beynəlxalq tədbirdə sərt cavab verməsinin fonunda rəsmi Ankaranın həmin davranışı, yumşaq desək, o qədər də başadüşülən deyil. Belə anlaşılır ki, Türkiyədə ermənilərin könlünü almaq üçün xüsusi canfəşanlıq göstərilməyə başlanılıb”.
O, açıqlamasında bu kimi çıxışları, ermənilərin qondarma soyqırımın 100 illiyi ilə bağlı yumşaltma xətt kimi izah etsə də, bunun yanlış istiqamət olduğunu diqqətə çatdırıb: “Ola bilsin ki, AKP hakimiyyəti 2015-ci il - qondarma "erməni soyqırımı" iddialarının 100 illiyi ərəfəsində ermənipərəst dövlətlərin ehtimal olunan təzyiqlərini yumşaltmağa cəhd göstərir. Halbuki tarixi təcrübə artıq dəfələrlə sübut edib ki, ermənilərin qarşısından geri çəkilmək variantı heç vaxt özünü doğrultmur. Əksinə, ermənilərin qarşısından geri çəkilməyin cavabı olaraq onlar Türkiyənin üzərinə daha inadkarlıqla irəliləyəcəklər. AKP hakimiyyəti gələcəkdə ermənilərlə bağlı növbəti problemlərlə üzləşmək istəmirsə, onda bu tarixi təcrübənin dərslərini nəzərə almalıdır. Əks halda, ermənilərin könlünü almaq həvəsinə düşən Ərdoğan hakimiyyətinin bəslədiyi ümidlər özünü doğrultmaya bilər”.
Seymur
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !