Azərbaycan xizək idman növləri üzrə dünya çempionatına sponsorluq edəcək

Azərbaycan 2027-ci ildə İsveçin Falun şəhərində keçiriləcək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) dünya çempionatının əsas sponsoru olacaq. Bu barədə İsveçin dövlət televiziyası SVT məlumat yayıb.
Məlumata görə, Azərbaycanın Dövlət Turizm Agentliyi ilə FIS bununla bağlı beşillik sponsorluq müqaviləsi bağlayıb.
“FIS-ə sponsor kimi qoşulan Azərbaycan, özünü qış idman növlərini inkişaf etdirən ölkə kimi tanıtmaq məqsədi güdür,” – SVT bildirir.
Mayın 6-da imzalanan strateji tərəfdaşlıq müqaviləsi qış turizminin və idmanının inkişafını, həmçinin bu sahədə beynəlxalq yarışların Azərbaycanda keçirilməsini də hədəfləyir.
2025-26 mövsümündən başlayaraq, Azərbaycan FIS dünya çempionatlarının qlobal tərəfdaşı, mogul, akrobatika, xizək krosu və snoubord kros üzrə dünya kuboklarının titul sponsoru, həmçinin ikili xizək yarışlarında rəsmi tərəfdaş olacaq.
Beləliklə, FIS tarixində ilk dəfə olaraq standart sponsorluq anlayışının hüdudlarını aşaraq bütün istiqamətləri əhatə edən qlobal tərəfdaşla əməkdaşlığa başlayıb.
N.Təbrizli