Blatterin üzünə pul çırpana cinayət işi açıldı
Ötən həftə FİFA prezidenti Yozef Blatterin üzünə pul çırpdığına görə dünyanın bir nömrəli gündəmi olan ingiltərəli komediya aktyoru Saymon Brodkinə qarşı cinayət işi açılıb.
ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Brodkin özü də İsveçrə mətbuatına verdiyi açıqlamasında təsdiqləyib. Bir andaca məşhurlaşan Brodkin baş verənləri bir daha xatırlayıb: "Mənim məqsədim kiməsə xətər yetirmək, yaxud alçaltmaq deyildi. Hətta FİFA-nın mühafizəçiləri mənim hərəkətimə gülürdülər. Bu, acı bir zarafat idi. Blatterə tərəf atdığım pullar heç də saxta əskinaslar deyildi. 600 dollar pulu orda səpələmişdim. Sonradan İsveçrə polisi pulları özümə qaytardı. Mən əminliklə deyə bilərəm ki, İsveçrə polisində rüşvət almırlar. Onlar mənim pullarımı son qəpiyinə qədər qaytardılar. Amma FİFA barədə bu sözləri demək çətindir.
Bəli, vəziyyət ciddiləşib. Mənim haqqımda artıq araşdırmalara başlanılıb, cinayət işi də açılıb. Bu haqda çox danışa bilərəm. Bir şeyə əminəm ki, mən həbs olunsam, dünya tarixinə FİFA-dakı rüşvət qalmaqalına görə həbsxanaya düşən ilk şəxs kimi adım yazılacaq. Bu da taleyin ironiyasından başqa bir şey deyil".
Bir məqamı da qeyd edək ki, son hadisə Brodkinin ilk qəhrəmanlığı deyil. O, ötən il dünya çempionatında iştirak üçün Braziliyaya yollanan İngiltərə milli komandasının təyyarəsinə daxil olmağa çalışıb. Onun bu cəhdi son anda təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən əngəllənib.
29 may 2015-ci il tarixində FİFA konqresində 5-ci dəfə yenidən təşkilatın prezidenti seçilən Yozef Blatter bundan cəmi bir neçə gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar gözlənilmədən vəzifəsindən istefa verib. FİFA-nın yeni prezidenti 2016-cı il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək növbədənkənar konqresdə seçiləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər