Bakının Nərimanov rayonu, Möhsün Sənani küçəsindəki bir qrup sakinin evləri "Evrostroy-SS” adlı şirkət tərəfindən zorakılıq tətbiq olunmaqla sökülüb.
Sakinlərin bəzilərinin ev əşyaları da dağıntılar altına qalıb.Bakı Apellyasiya Məhkəməsi həmin ərazidə yerləşən üç evin sökülməməsi barədə avqust ayında qərar çıxarsa da şirkət bu qərara məhəl qoymayıb. Söküntü zamanı şirkətin qoluzorluları ilə sakinlər arasında qarşıdurma olub. Ev sahiblərindən birini sürüyərək evindən çıxarıblar və evini dağıdıblar. Yaşlı qadınlar da şirkətin işçiləri tərəfindən təhqir olunub.
Sakinlərin danışdıqlarından məlum olur ki, cəmi bir il əvvəl fəaliyyətə başlayan "Evrostroy-SS” adlı şirkət onların evinin yerində tikdiyi çoxmərtəbəli binadan sakinlərə mənzil vəd edir. Lakin evlərin sökülməsindən sonra sakinlərin yerləşdirilməsinin qeydinə qalan yoxdur. O cümlədən heç kimin tanımadığı, Bakıda növbəti söküntü kampaniyasının meydana çıxardığı bu şirkət müflis olarsa və tikintini başa çatdıra bilməsə, yaxud sadəcə olaraq sakinləri aldadıb aradan çıxarsa onların dağıdılmış evlərinin əvəzini kim verəcək? Axı Nərimanov rayon İcra Hakimiyyəti sakinlərlə şirkət arasında imzalanan müqavilədə təminatçı tərəf kimi çıxış etmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !