STAR zavodu təmirə dayandrılacaq

15:29 | 12.05.2023
STAR zavodu təmirə dayandrılacaq

STAR zavodu təmirə dayandrılacaq

SOCAR Turkiye Enerji (SOCAR-ın Türkiyədəki törəməsi) 2024-cü ildə STAR neft emalı zavodunu 45-60 gün müddətinə təmirə dayandırmağı planlaşdırır, bunu  SOCAR Türkiyə Neft Emalı və Neft-Kimya Biznes Birliyinin (SOCAR Turkiye Enerji-nin bölməsi) prezidenti və "Petkim" baş direktoru Anar Məmmədov deyib. 

"Bu, hər bir belə müəssisənin dörd ildə bir dəfə keçdiyi planlı bağlanma olacaq. Bu, STAR neft emalı zavodu üçün planlaşdırılan ilk təmirə dayandırma olacaq. Zavodun 2024-cü ilin hansı ayında dayandırılacağı  müəyyən edilməyib, lakin bu  45 gündən 60 günə qədər çəkə bilər", - Məmmədov cümə günü bildirib. 

Onun sözlərinə görə, zavodun dayandırılmasının bir neçə məqsədi var.

"İlk növbədə avadanlıqlara texniki baxış və profilaktik texniki xidmətin göstərilməsi, müəyyən qurğularda təmizlik işlərinin aparılması nəzərdə tutulur. İkinci məqsəd STAR neft emalı zavodunda növbəti planlaşdırılmış dayandırmalar arasındakı müddəti 4 ildən 5 ilə qədər artırmaqdır.Bu, bizə hər il 40 milyon dollar qənaət etməyə imkan verəcək”, - Məmmədov bildirib.

O, həmçinin qeyd edib ki, STAR neft emalı zavodunun planlaşdırılan dayandırılmasından sonra zavodun gücü daha 3% artacaq.

"Faiz ifadəsi ilə desək, zavodun hazırkı istehsal həcmimiz 118,5% təşkil edir. Biz bu rəqəmi daha 3% artırmaq niyyətindəyik".

STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və Azeri Light, Kərkük və Urals kimi neft növlərinin emalı üçün nəzərdə tutulub.

Hazırda zavodda 20 çeşiddən artıq neft emal olunur. Eyni zamanda, zavodun konstruksiyasına uyğun olaraq, ağır neft növləri emal üçün ən uyğundur.

Hazırda zavod Türkiyənin əsas neft məhsulları növlərinə olan tələbatının 20-25%-ni təmin edir.

SOCAR STAR neft emalı zavodunun tikintisinə təxminən 7 milyard dollar sərmayə qoyub.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM