"APA-Economics" xəbər verir ki, Malayziya şirkəti TAP-da 20% səhm almaq niyyətindədir.
Belə yerdə "Statoil"in TAP-dakı 20%-lik səhm paketinə elçi düşən İtaliyanın "Snam S.p.A." şirkətinin baş icraçı direktoru Karlo Malakarnenin "Corriere della Sera" qəzetinə müsahibəsi yada düşür. Onun sözlərinə görə, TAP-da 20% səhmin qiyməti təqribən 400 mln. dollardır. Düzdür, italyanların bu bəyanatı elə bəyanat olaraq qaldı, lakin malayziyalılar avropalı həmkarlarına nisbətən daha cəld tərpənə bilib. Ən azından, xarici mətbuat "Petronas"ı bu məsələdə daha şanslı sayır.
Bu arada bir şeyi də xatırlatmaq yerinə düşər ki, ötən il "Statoil" "Şahdəniz" və "Cənubi Qafqaz qaz kəməri" layihələrindəki 15,5%-lik payını məhz "Petronas"a satıb. Razılaşmanın ümumi dəyəri 2,25 mlrd. dollar təşkil edib. Gördüyünüz kimi, tərəflərin artıq iş ortaqlığı olub. Növbəti sövdələşmənin baş tutmasına nə mane ola bilər ki?
Onu da qeyd edək ki, cari ilin iyun ayının 9-da Azərbaycan Vergilər Nazirliyi "Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." şirkətini qeydiyyata alıb.
Bir məsələ də artıq qətiləşir: "Statoil" Azərbaycanın enerji bazarını tərk etmək üzrədir. Şirkətin Bakı ofisi demək olar ki, bağlanıb. Bir vaxtlar 40-a yaxın əməkdaşı olan şirkətin hazırda 10-a yaxın işçisi qalıb.
TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Layihədə səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, "Statoil” - 20%, "Fluxys” - 19%, "Enagas” - 16% və "EGL-Axpo” - 5%.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !