Sumqayıtda baş verən atışma ilə bağlı daha iki nəfər həbs edilib.Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Xəvarici” təriqətinin üzvləri Elçin Mirzəyev və Tehruz Sultanov ötən gecə saxlanılıblar. Hazırda silahlı insidentin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ekstremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Daha sonra “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb. Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalanıb. Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib. Xəsarət almış E. Məmmədli və E. Nəzərəliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !