Vüqar Suriyada hazırda 250-yə yaxın azərbaycanlının döyüşdüyünü deyir
"Suriyada hazırda 250-yə yaxın azərbaycanlı var".
ANS PRESS-in məlumatına görə, bunu "Timeturk"ə müsahibəsində özünü Vüqar kimi təqdim edən azərbaycanlı döyüşçü deyib.
Soyadını açıqlamaq istəməyən şəxs Bakıda iqtisadiyyat üzrə təhsil aldığını deyib. "Bakıdanam. Amma şəxsiyyətimlə bağlı artıq məlumat vermək istəmirəm. Mən iqtisadiyyat fakültəsini bitirəndən sonra Suriya-Azərbaycan arasında xurma ticarətinə başladım. Əsədə qarşı mübarizə başlayanda "Halappo" otelində idim. Orada çalışan gənclərdən biri mənə yaxınlaşdı və "eşitmisən sıra ona gəldi" deyərək uzaqlaşdı. O zaman mən otağımda internetə girdim və baş verənlərdən xəbərdar oldum. Bundan sonra Suriyadakı müsəlmanların yanında olmağa qərar verdim".
Vüqar IŞİD-a (İraq və Şam İslam Dövləti) qarşı olan hər kəsi düşmən olaraq gördüyünü deyir. O, jurnalistin "Azərbaycanda Suriyaya gedənlər gündəmdədirlər. Bu haqda nə deyə bilərsiniz?" sualına belə cavab verib.
"Tam bilmirəm, amma burda 250-yə yaxın azərbaycanlı var".
Vüqar Suriyaya gedənlərin Azərbaycanda potensial təhlükə mənbəyi olması ilə bağlı məsələyə də toxunub. O, bunun belə olmadığını deyib. "Ortada o qədər sərhəd var. Bu sərhədləri silahlı necə keçə bilərik? Azərbaycan bizim vətənimizdir, orda niyə hadisə törədək? Bizim də qəlbimizdə vətən, Qarabağ sevgisi və acısı var.
ANN.Az