Sürüşmələr aktivləşib

14:20 | 04.03.2017
Sürüşmələr aktivləşib

Sürüşmələr aktivləşib

"Ötən ay Zığ sürüşmə sahəsi aktivləşib, torpaq və divarlarda çatların ölçüsündə 0,8-1,0 sm genişlənmə baş verib. Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsi boyunca isə uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.
 
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
O bildirib ki, fevral ayında Astara rayonunda Kijəbə sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım olub, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb və eynilə də yolboyu yeni lokal oturma (çökmə) sahələri əmələ gəlib: "Astarada Burcubənd sürüşmə sahəsində olan çatların ölçülərində artım qeydə alınıb və bir neçə yerdə yeni lokal sahədə çökmə sahələri yaranıb. Rayonun Motlayataq  və Miki sürüşmə sahələrində də aktivlik baş verib. Lerikdə Veri-Əliabad sürüşmə sahəsində mövcud olan çatların ölçülərində qismən artım olub. Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-dəki sürüşmə sahələrində aktivlik qeydə alınıb. Lənkəranda Horavenç sürüşmə sahəsində ay ərzində aktivləşmə müşahidə olunub. Lənkəranın Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sahədə aktivlik baş verib və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi yaranıb. Masallıda Zuvand sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb. Cəlilabadda Sadatlı sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub. Habelə Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb”.
 
Ə. Qaralovun sözlərinə görə, Gədəbəydə Daşbulaqçayın sağ sahilində yerləşən yüksək maililiyə malik Pirdağ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub: "Gədəbəydə Arıqıran sürüşmə sahəsi də aktivləşib”.
 
Ekspedisiya rəisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım olub, eyni zamanda Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-liyi sürüşmə sahəsinin parametrlərində nisbi artım qeydə alınıb: "Siyəzəndə Sədan, Şabranda Baş Əmirxanlı sürüşmə sahələrində aktivlik müşahidə olunub. Şabranda son günlər aramsız atmosfer yağıntıları Qazbabalı sürüşmə sahəsində prosesinin aktivləşməsinə səbəb olub və rayonu kəndlə birləşdirən yol sürüşmə nəticəsində dağılaraq sıradan çıxıb. Quba – Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində müşahidə reperlərinin üzərində nisbi hərəkət müşahidə olunub. Ərazidə bir yerdə uçqun-töküntü prosesi baş verib. Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də sürüşmə sahəsində nisbi aktivləşmə qeydə alınıb. Qusar –Sudur avtomobil yolunun 37-ci km-də sürüşmə sahəsində yerləşdirilmiş müşahidə reperlərində dəyişiklik baş verib, atmosfer çöküntülərinin təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Qobustanda Poladlı sürüşmə sahəsinin parametrlərində isə artım baş verib”.
 
Ə. Qaralov əlavə edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü axma tipli sürüşmə hadisəsi qeydə alınıb, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım olub: "Şamaxının Muğanlı, Mədrəsə, Meysəri Saqiyan, Qaravəlli, Muğanlı, Cabanı və Dədəgünəş sürüşmə sahələri aktivləşib. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində də proses aktivləşib və nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Ağsuda Sanqalan sürüşmə sahəsində nisbi aktiv vəziyyət müşahidə olunub. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24 və 27-29-cu km-də sürüşmə sahələrində yol boyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində aktivlik qalmaqdadır.
 
İsmayıllıda Zərnəva sürüşmə sahəsində qrunt sularının təsirindən sürüşmə sahəsində aktivləşmə müşahidə olunub. Rayonun Basqal-Sulut avtomobil yolunun 10-cu km-liyidə, İstisu və Sədiyan sürüşmə sahələrində aktivlik qeydə alınıb”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM