Şuşada V Qurultayda verilən mesajlar çox əla idi- MÜSAHİBƏ

21:16 | 11.05.2022
Şuşada V Qurultayda verilən mesajlar çox əla idi- MÜSAHİBƏ

Şuşada V Qurultayda verilən mesajlar çox əla idi- MÜSAHİBƏ

Anews.az-ın "Bizim Qonaq" layihəsinin bu dəfəki qonağı GünAz Televiziyasının təsiçisi Əhməd Obalıdır. Əhməd Obalı ilə söhbətə Dünya Azərbaycanlılarının V Qurultayı və Qarabağ müharibəsi zamanı diasporların fəaliyyəti barədə suallardan başladıq.
 
- Bildiyim qədər Azərbaycana dünya azərbaycanlılarının qurultayında iştirak etmək üçün gəlmisiz? Sizcə bu qurultayı baş tutmuş bir tədbir adlandırmaq olarmı? Həm təşkilatçılar, həm də iştirakçılar  qoyulan məqsədlərə çatdılarmı?
 
- Dünya Azərbaycanlıların V Qurultayında qoyulan hədəf və idarəçilik çox qaneedici idi. Bu görüşü erməni diasporlarının qarşısında çox yaxşı addım kimi hesab etmək olar. Qurultayda verilən mesajlar və prezidentin danışıqları çox əla idi. İlham Əliyev bildirdi ki, Qarabağ zəfəri dünya azərbaycanlılarının, diasporların və Azərbaycan ordusunun birgə səyi nəticəsində baş verib. Daha sonra həmin qurultayda ana dilinin önəmindən çox danışıldı. Ana dili bütün dillərdən üstün olmalıdır. Prezidentin "xaricdə uşaqlarınıza ana dilini öyrədin" mesajı çox vacib idi. Bu mesajlar davamlı olaraq reallaşdırılmalıdır. Qurultayda təxmini 600 nəfərdən çox adam iştirak edib. Məhdud imkanlarla bu cür tədbir keçirtmək çox yaxşı addım idi. Bəziləri niyəsə narazılığını ifadə edib. Amma unutmaq lazım deyil ki, biz Şuşaya istirahət üçün deyil dünyaya bir mesaj vermək üçün getmişdik. 

- Bu toplantıdan sonra məsələn ABŞ  diasporasının işində nə kimi yeniliklər ola bilər?
 
- Zəfər qurultayında verilən mesajların bir hissəsinin icra olunması diasporada yaşayan azərbaycanlıların öhdəliyindədir. Daha çox və sistemli işləmək lazımdır.  Dövlət Komitəsi də sistemli işləməyin tərəfdarıdır. Uğur da elə burdan başlayır. Əminəm ki, bu qurultaydan sonra sistemli işləməyə önəm veriləcək.
 
- Azərbaycan diasporlarının formalaşması üçün dövlət hansı addımlar atmalıdır? Fuad Muradov Nazim İbrahimovu əvəz edəndən sonra nə dəyişib?
 
- Mən Nazim İbrahimovu çox tənqid edənləndən biriyəm. Onun üçün fikrim birtərəfli görünə bilər. Həqiqətən də daha əvvəl sistemli işləməyə imkan verilmirdi. Fəaliyyət ayrı-ayrı fərdlər üzərindən qurulmuşdu. Sistem yaradılmırdı, "Azərbaycan evlər"i açılmırdı. Fuad Muradovun fəaliyyətindən sonra idarəçilikdə sistemə bir az önəm verilməsi hiss olunur. Zamanla bu bir azlar artacaq. Məsələn, biz bunu "Xocalı soyqırımı"nda gördük. Berlində və Vaşinqtonda çox önəmli toplantı keçirildi. Həmin hadisə müəyyən qədər mətbuata çıxdı. Daha əvvəl belə bir şey olmamışdı. İndi komitənin məsul şəxsləri daha yaxşı çalışır. 

- 2005-ci ildə  GünAz TV yaradılanda demişdiz ki, bu televiziya  xalqın gözünü açmaq üçün yaradılıb.  Qarşınıza qoyduğunuz məqsədə çata bildinizmi?
 
- Sovetlər Birliyi dövründə Güney Azərbaycanda biz milli hərəkatların fəaliyyətini görə bilmirdik. Daha sonra bir çox ziyallılar bu işlərlə məşğul olmağa başladı. Dövlət icazə vermirdi. Sovetlər Birliyinin dağılmasından sonra böyük bir təkan olduğunu gördük. Lakin Qarabağ işğal olundu və biz bunun Güney Azərbaycanda mənfi təsirlərini hiss etdik.İnsanlarda ruh düşgünlüyü yarandı. GünAz Tv açıldıqdan sonra müəyyən qədər dəyişiliklər hiss edildi. Düşünürəm ki, qoyulan məqsədə fəaliyyətimiz dövründə asta-asta çatdıq və bu gün də bu işlə məşğul oluruq. 
 
- Dünyanın beş ölkəsində büronuz var. Əsas gəlir mənbəyiniz haradır? Azərbaycan mediasının durumunu bəyənirsinizmi?

-. Bakıdakı medianı yaxından izləmədiyim üçün bir söz deyə bilmərəm. Amma bizim tv-də maliyyə durumu həmişə sıxıntılıdır. Tv-ni öz hesabıma açdım. Həmin dövrdə həm də BMT-nin İnsan Haqqları Komitəsi və əfv komissiyalarının London mərkəzi ilə çalışırdım. Daha sonra ziyallılarla oturub belə bir nəticəyə gəldik ki, BMT-nin qərarları xalqın gözünü açmaq üçün kifayət etmir. Xalq oyanmalıdır. 2004-cü ildə yaranan GünAz Tv 2005-ci ildə peyk yayımına çıxdı. Biz TV vasitəsilə ictimaiyytdən kömək istədik. Millətin də köməyi oldu. Müxtəlif yerlərdə də kömək almağa çalışdıq. Bəzən uğurlu olsa da,bəzən əksi oldu. Koronavirus pandemiyası dövründə çox önəmli bir sponsorumuzu itirdik. Əslən Ağdamdan olan və Rusiyada yaşayan Yaşar Əliyev adında bir xeyirxah adam var idi. O, Azərbaycanda yüzlərlə ailəni saxlayan bir xeyriyyəçi idi. Bizim TV-yə də çox dəstək olurdu. Onun ölümündən sonra sıxıntımız çoxalıb. Amma sıxıntılara baxmayaraq fəaliyyətimizi dayandırmaq istəmirik. 
 
- Bəs Sizcə media nə ilə dolanmalıdır? 
 
- Qərbdə media özü-özünü idarə etməyə çalışır. Bəzilərinə isə dövlət təmənnaız kömək edir. Yəni köməyin qarşılığında dövlət məmurlarının təbliğat işləri aparılmır. Qərbdə böyük bazar var və media reklamlarla özünü dolandıra bilir. Azərbaycanda bazar kiçik və məhduddur. Dövlət millətin gələcəyi üçün yardım etməlidir. Ayrı fondlardan da yardım almaq olar. Amma bəzən fondların bir çoxu birbaşa və ya dolayısı yollarla şərtlər qoyur. Onları qəbul etmək lazım deyil. O şərtlərin bəziləri bizim istəklərimizlə eyni olsa belə onlar istədiklərinə görə qəbul etməməliyik. Çünki birini qəbul edəndə sonra ayrı yollara əl ata bilərlər. Az olsun o daha yaxşıdır,  nəinki başqasına bağlı olasan. 
 
- Türkiyədə nə zaman büro açmağı planlaşdırırsınız?

- Türkiyədə büro açmaq niyyətimiz yoxdur. Orada fəaliyyətimiz var. Çünki istəmirik dövlətlər arası problem olsun. Ehtiyacımız da yoxdur. Sadəcə fəaliyyətlə qane oluruq.
 
- Açılsa nə kimi  problem yarana bilərmi? Məsələn Azərbaycanda fəaliyyətiniz var hər hansı problem olurmu?
 
- Sadəcə istəmirik əlavə problem olsun. Azərbaycanda da bizim fəaliyyətimiz azdır. Burada əsas xəbərlər hazırlayırıq. Əsas xaricdə iş görürük. Nə zamansa düşünsək məsləhət deyil bu fəaliyyəti də dayandıracağıq. Bizim üçün milli mənafe hər şeydən üstündür. 
 
- Bir qədər də özünüzdən danışaq. Necə oldu Amerikaya köcdüz?

- Yeniyetmə dövrümdə İran inqilabına qarşı şah dövrünün devrilməsinə qarşı keçirilən piketlərdə iştirak etmişdim. Sonra islam hakimiyyəti zamanında verilən şüarlara uyğun dövlət yaranmadığını gördüm. Ölkədə azadlıq yox idi, milli hüquqlara önəm verən, insanların gələcəyinə fikir verən yox idi. Ona görə də inqilabda iştirak edənlərin bir hissəsi müxalifətə çevrildi. Mən də onların içində idim. Yeniyetmə olduğum üçün siyasi məsələlərdə iştirak edə bilməzdim. O qədər bilgim də yox idi. Elə bir dövr idi ki, bu rejimi istəməyənlər avtomatik düşmənə çevrilirdi. Həbs və edam seriaları başlamışdı. Həmin dövrdə həbs olundum. Rəhmətlik qardaşımın köməyi ilə birtəhər həbsdən qurtardım. Bir az pul və vəsiqə qoymaqla anamın xəstə olması bəhanəsi ilə 1 həftəlik  azadlığa çıxdım. Ondan sonra bir az dağlarda yaşadıq və nəhayət Türkiyəyə keçə bildim. Oradan da Avropaya getdim. 1985-ci ildə Amerikaya siyasi sığınacaq almaq üçün müraciət etdim və o zamandan orada yaşayıram. 
 
- Bildiyimiz qədər xanımınız Şimali Azərbaycandandır. Necə tanış oldunuz? Bu qanunauyğunluqdur yoxsa qismət məsələsidir?


-1992-ci il Sovetlər dağılanda Azərbaycana gəlmişəm və həyat yoldaşım ilə 1993-cu ildə tanış olmuşam. Bir müddət tanışlıqdan sonra evlənmək barəsində qərar verdik və planlaşdırdıq ki, evləndikdən sonra mən Azərbaycana köçəcəm və burada yaşacayıq. Evlənəndən sonra isə  planımız dəyişdi və biz Amerikaya köçdük. 
 
-Amerikada yaşayan Azərbaycan diasporası  44 günlük müharibə ərzində hansı işləri görə bildi? Həmin dövr Amerikada yaşayan ermənilər çox aktiv idi. Onların qarşısında duruş gətirmək yəqin elə də asan deyildi? Ümumiyyətlə Azərbaycan cəmiyyətində belə fikir dolaşır ki, bizim diaspora erməni diasporasına uduzur, bizim fəaliyyətimiz daha sönük görünür. Bununla razısınızsa Sizcə bunun səbəbi nədir?
 
- Bizim diasporada olan üzvlərimizin fəaliyyəti təzə başlayıb. Ermənilər isə çoxdan bu istiqamətdə işləyirlər.  Əlavə olaraq onlar xristinadır. İstər-istəməz Amerikada xristinalılar xristinalıların tərəfini daha çox tutacaq. Bu təbiidir. Ermənilər türk düşmənçiliyi adı altında lobbi yaradılblar. Bizim lobbimiz onlarla müqayisə olunmamalıdır. Bizim lobbimiz çox zəifdir. 44 günlük savaşda və ondan sonra məsələ dəyişib. Onlarda ruh düşgünlüyü var. Uduzmuş bir xalqın nümayəndəsi kimi çıxış edirlər. Daha əvvəl biz o vəziyyətdə idik. Bu müharibə həm də böyük bir dalğa yaratdı. O dalğa hamını hərəkətə gətirib. Piketlərdə,fəaliyyətlərdə daha aktiv olmağa çağırdı və nəticəsin də gördük. Biz güneylilər olaraq 44 günlük müharibədə  xəbərləri güneyə yayırdıq. Müharibə dövründə Güney Azərbaycanda İranın Ermənistana silah göndərməsinə qarşı iki dəfə etiraz aksiyası oldu. Bu hadisədən sonra İran məcbur olub geri addım atdı. Onların düşmənçiliyi bizim üçün həmişə var. Onlar üçün İran-Turan savaşı hələ davam edir.  Ən azı güneyli azərbaycanlılar Təbrizdə, Urmiyada piketlər keçirəndə İran dövlətini həm məcbur etdilər ki, rəsmən geri otursun,  məşhur 4 şəhərin cümə mollasını "biz Azərbaycanı dəstəkləyirik" deməyə məcbur etdik.   Güneylilərin sərhəd zonası boyu, Arazın cənubunda toplanması, Azərbaycan ordusuna dəstək verməsi bu milli ruhun güclənməsi demək idi. Azərbaycan əsgərlərinin Cəbrayıl, Xudafərin yolunda irəliləməsi güneylilərə ruh verirdi, güneylilərin də ora toplanması Azərbaycan əsgərinə ruh verirdi. 
 
- Hazırda Rusiya-Ukrayna müharibəsində Qərb tərəfindən Ukraynaya böyük dəstək var. Amma Azərbaycan bu dəstəyi görmədi. Sizcə səbəb nə ola bilər?

- Ukrayna Qərb və Avropa üçün çox strateji bir ölkədir. Böyükdür.  İkincisi xrisitian ölkəsidir. Avropa ilə sərhəddədir. Ukraynadan sonra NATO ölkələri gəlir. Əlavə olaraq Rusiya bir gün bir yerdə durdurulmalı idi. Hər ölkədən biraz yığıb özünə dövlət düzəldirdi. Görünən odur ki, Rusiya Ukraynada hədəflərinə çata bilməz. Ona icazə verilməyəcək. Rusiya indiyə qədər bütün istəklərində məğlub kimi görünür.Rusiya Ukraynanı Qərbdən uzaqlaşdırmaq, ordusunu məhv etmək, dövlətini devirib başqa bir dövlət qurmaq istəyirdi. Əksi oldu. Ukrayna Qərbə daha da yaxınlaşdı. Rusiya yanlış bir hesablama ilə indiyə qədər qazandıqlarını, bəlkə də hamısını uduzmağa doğru gedir.
 
- Azərbaycanın Rusiya ilə müttəfiqlik müqaviləsi Azərbaycanda hansı dəyişiliklər yarada bilər?

- Müttəfiqlik adıdır. Sənədi oxuduğum qədəri ilə bilirəm ki, hər iki ölkəyə xeyri var. Amma imzalanan müttəfiqliklər daimi olmur. Hər zaman ləğv də edilə bilər. Rusiya qəbul edib ki, Azərbaycanın daxili işinə qarışmasın. Hər iki dövlət siyasətini müstəqil olaraq özləri aparacaq. Bunların Azərbaycana xeyri var. Digər tərəfdən belə bir məqamlar ola bilər ki, Rusiya gələcəkdə ondan sui-istifadə etsin. Azərbaycan dövləti də inanmrıram ki, buna icazə versin. Şuşa anlaşması bir çox məsələni artıq dəyişdirib.

- Müharibədən sonra Azərbaycanın Türkiyə ilə Xəzərdəki hərbi təlimlərindən İran narahat olurdu və hətta xəbərdarlıq edilmişdi ki, bu 3 ölkə arasındakı müqaviləni pozmaqdır. Sizcə İran Türkiyə-Azərbaycan münasibətlərindən narahat olurdu, yoxsa sadəcə hər zaman Azərbaycana qarşı belə qərəzli gizli mövqeyi olub?

- İranla Azərbaycan münasibətlərini biz tarixə baxıb dəyərləndirməliyik. İran fars dövlətidir. Orada ayrı xalqlar da var. Azərbaycan türkləri, ərəblər, farsalar və digər xalqlar. Orada farslar çox deyil, amma dövlət olaraq fars dövləti sayılır. Azərbaycan isə başqa xalqlara fərq qoymadan azərbaycançılıq üzərində qurulmuş dövlətdir. Fərqlidir. Bu baxımdan İran hər zaman Azərbaycana yumşaq desək rəqib, daha doğrusu düşmən kimi baxır. Biz bunu bilməliyik. Bəzən taktiki olaraq üzümüzə gülə bilər, yaxşı söz deyə bilər. Amma əməldə bu günə qədər Azərbaycana qarşı əlindən gələni edib.  Azərbaycanın şimal-cənub dəhlizi yaranmalı, Bəndərabbasdan-Rusiyaya və Avropaya qədər dəmiryolu çəkilməli idi. Hətta Azərbaycan İrana 500 milyona yaxın kredit verib. İllər keçib bu yol çəkilmir. İran onu reallaşdırmır. Çünki onun Azərbaycana da xeyri var. Azərbaycana qarşı o qədər nifrəti var ki, öz xeyrindən belə keçməyə hazırdır. Bir çox səbəblərdən İran Azərbaycan və Türkiyənin uğur qazanmasını istəmir.
 
- Azərbaycanda bir qism təbəqə var ki, hələ də "molla rejimi"nin təbliğatını aparmağa cəhd edir. Sizcə insanlar bu rejimdə bizim bilmədiyimiz hansı rahatlığı tapır?

- İnsanların bir hissəsi iran rejimini dinə olan məsəbləri kimi qəbul edir. Bəlkə doğurdan inanırlar, amma aldadılmış ola bilərlər. Başa düşməlidirlər ki, İslam dini və ya şiə, süni olmaq məsəbi hər hansı dövlətlə bağlı deyil. Bu Allahla fərdin arasında olan inancdır. Bunu İran dövlətinə bağlamaq doğru deyil. Buna görə İrana hörmət etmək səhvdir. Çünki İran Azərbaycan cəmiyyətinin çox hissəsinin  müsəlman və şiə olmasına  baxmayaraq xrisitian olan ermənilərə dəstək verib. Çin-uyqur müharibəsində Çinə dəstək verib. Çinlilər ateistdirlər və  heç Allaha da inanmırlar. Çeçen-Rusiya məsələsində Rusiyanın tərəfinı tutub. Bizim müsəlmanlar gərək İrana çox da inanmasın. Yeri gələndə onlar dindən istifadə edib Azərbaycanın əleyhinə fəaliyyət göstəriblər. Bəlkə də bu addımları atmalarına səbəb iqtisadi bağlılıqdır. Yəni işə alınıblar. Bunu Azərbaycan dövlətinin mənsubları daha yaxşı deyə bilər.
 
Azərbaycanlıların, özəlliklə şimali azərbaycanlıların İran dövlətinə ən kiçik rəğbəti məni təəccübləndirir. Çünki heç bir fakt yoxdur ki, biz İran dövlətinə müsbət baxaq. Erməniyə dəstək verməsi bizim üçün bəs deyilmi?Torpaqlarımız işğal altında olanda bir hissəsində İran iqtisadi fəaliyyət götərirdi. Sərhəddin yanında Qarabağa mal aparırdı. Ağdam,Füzuli,Qubadlı,Zəngilanın dağıdılmasında birbaşa əli var. Adamlarını göndərirdi ki, oradakı çürük dəmirləri, qapı-pəncərələri gətirin ki, evlər tez dağılsın. Bunların hamısını İran edib. Daha nə baş verməlidir ki, İranın düşmən olduğunu görək? Birinci və İkinci Qarabağ savaşında ermənilərə birbaşa silah göndərirdi. Rusiya Qarabağ savaşında Ermənistana silah göndərməsini İran vasitəsilə həyata keçirirdi.  İkinci Qarabağ savaşında Cəbrayılda Xudafərin körpüsünün yanında  Azərbaycan ordusunun qarşısını almaq üçün beton bloklar yaratdılar. Biz İranın ucbatından orada şəhid verdik.  İrana xoş meyilli kimi baxanlar məni bir azərbaycanlı kimi təəccübləndirir, bir insan kimi isə daha çox təəccübləndirir. Heç bir azərbaycanlı  İranın qeyri insani əməllərini yaddan çıxarmamılıdır. 
 
- Bu cür insanlara nə kimi tövsiyə edərdiniz?

- Onlara tövsiyə etmək çox çətindir. Dini baxımdan inanıbsa vaxt lazım olacaq. Dövlət, mətbuat, Azərbaycan ziyalısı işləməlidir. Biz bu məsələni gündəlikdə saxlamaqla İrana düşmənçilik yox, xalqımızı oyatmalıyıq. İkincisi əgər biri pul üçün bu işi görürsə onlara demək lazımdır ki, daha az qazanmaq ,lakin şərəfli qazanmaq lazımdır. İnsan başı uca yaşamalıdır. Hamımız bu dünyadan köçəcəyik. Gözümüzü yumduğumuz zaman necə deyəcəyik ki, İranın tərəfini tutub Azərbaycana xəyanət elədik. İrançılar və İran Azərbaycandan əl çəkməyəcək. Öz xalqımız oyanmalıdır.
 
-İrandan gələn turistlərin eləcə qadınların bir qisminin Bakıya gələndə dini qaydalara riayət etmədiyini hiss etmək çətin deyil. Sizcə onlar ölkələrindəki rejimə qarşı niyə mübarizə apara bilmir?

- İranda getdikcə rejimin tərəfdarlarının sayı azalır. Bir neçəsini tanıdığım üçün bilirəm ki, İran rejiminin içində də rejimə qarşı narazı olanlar var. Uyğun bir zaman axtarırlar. Bu rejim də gedəcək. İranda qadınlara qarşı qeyri insani baxış var. İslam adi ilə bir qadınla bir kişininin hüququ heç bir sahədə bərabər deyil, heç yarısı da deyil. İranda bir qadın heç vaxt şahid ola bilməz, heç vaxt ərinin icazəsi olmadan pasport ala bilməz. Peyğəmbər dövründə kişilər və qadınlar başını bağlayıb. Necə olur ancaq indi qadınlar başını bağlamalıdır. İslam dinini qorumaq üçün islahatlar aparılmalıdır. Dünya dəyişib. Bu rejim istəmədən özü öz axırına çıxacaq. 
 
- Bayaq ana dilindən danışdız. Müharibə dövründə Azərbaycanda rus dilində tədris alanlara qarşı qəribə bir nifrət yaranmışdı. Rus dilində tədris almaq rus düşüncəsində olmaq anlamına gəlirmi? Dilin təbliğatı ilə necə məşğul olmaq lazımdır?

- Milli qürur güclənməlidir. Hər bir millətin milli qüruru zəifləyirsə o  yavaş-yavaş dövlətini itirər. Əgər milli varlığımız vətəndən başlayırsa dillə davam etməlidir. Bizim öz dilimiz var. Ən önəmli dillərdən biridir və dünyada çox az belə dil var. Bizim dilimiz rus dilindən zəif deyil. Ən zəif dil olsa belə bizim dilimizdir. Öz millətimiz öz dilimizdə oxumalıdır. Dil əldən gedərsə milli mənsubiyyət itər. Rus dili gücləndikcə ruslaşarıq, axırda da rus olarıq. Rus da bizi rus kimi qəbul etməz. Öz yolumuz varkən başqasının yolunu niyə getməliyik. Türkiyədə bu məsələ həll olub. Bizdə də həll olunmaldır. Prezident dilin önəmindən danışır. Azərbaycanda bütün məktəblərdə, hətta rusdilli məktəblərdə Azərbaycan dili icbari olmalıdır. Çünki bura Azərbaycandır. Biri rus dili məktəbi açırsa orada Azərbaycan dili birinci olmalıdır. Əgər başqa dil öyrəniriksə, nədən ingilis dilinə önəm vermirik? Dünya dilidir. Rus dilini öyrənib harda istifadə edəcəyik.  Rus dili bizə nə verib, əl çəkmirik?!
 
- Amma Azərbaycanda rus dili pulsuz, ingilis dili pullu tədris olunur. Bəlkə rus dilinə maraq buna görə çoxalır. Ola bilərmi?
 
- Burada dövlətin özünün rolu var. Azərbaycan prezidenti göstərişini verir. Təhsil naziri niyə bu işə mane olmur. Rus dili niyə burada bu qədər sərbəst  təşviq olunur. Mən eşidirəm ki, rus dilli məktəblərin sayı çoxalır. Azərbaycan dilli məktəblərin sayı azalır. Bu faciədir. Bəziləri deyə bilər ki, dövlət siyasətidir. Xeyr. Prezident Şuşa qurultayında ana dilindən danışdı. Ayrı dillərdən danışmadı. Biz demirik qadağan olunsun. Heç bir dil qadağan olunmasın. Kim istəyir öyrənsin. Bu dövlətin dövlət dili var. O dildə təhsil olmalıdır. Bizim işimiz o olmamalıdır ki, rus və ingilis dili bərabərləşsin. İşimiz ana dilinin ən öndə olmasıdır.
 
Gülnar Nazimqızı, Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb